“Şah
Qacar” səhnədə
Bu dəfə Qacar olduğu kimi -
tarixi və taleyi təhrif olunmadan tamaşaçılara təqdim
olundu
İyulun 13-də Akademik Milli Dram Teatrında tanınmış dramaturq Əli Əmirlinin tarixi mövzuda qələmə aldığı “Şah Qacar” pyesinin ilk tamaşası oldu. Görkəmli rejissor, Xalq artisti Azər Paşa Nemətovun quruluş verdiyi səhnə əsərində ilk dəfə Ağa Məhəmməd şah Qacar olduğu kimi tamaşaçılara təqdim olundu.
Milli Dram Teatrında mövsümün
son premyerası. Hər kəsin yaddaşında
kök salmış “Bir boynu olsaydı
bəşəriyyətin, onu
bir qılıncla vurardım yəqin” - deyəcək qədər
qəddar, qaniçən,
zalım şah bu dəfə səhnədə hansı
hökmlər verəcək?
Bu sualın cavabı bir az sonra...
“Tamaşa Azərbaycan teatrının
140 illiyinə həsr
olunub”
Nümayişdən əvvəl quruluşçu
rejissor Azər Paşa Nemətovun ürək sözlərini
eşitmək istəyirik.
- Bu gün “Şah Qacar”ın tamaşaçılarla ilk görüşüdü.
Ağa Məhəmməd şah Qacarın böyük xidmətləri olub və o, tarixdə maraqlı simalardan biri kimi qalıb.
Geniş
biliyə, mütaliəyə
malik şah Qacar heç də Napoleondan əskik tarixi şəxsiyyət olmayıb.
Amma ona nə sağlığında,
nə də ölümündən sonra
düzgün qiymət
verilməyib. Biz əsərin müəllifi
Əli Əmirli, bəstəkarı Siyavuş
Kərimi, baş rolun ifaçısı Fuad Poladovla çalışmışıq ki, bu tamaşada
Qacarın faciəsini
göstərək.
Tamaşada maraqlı dramaturji
həll var, çox gözəl musiqi, gözəl aktyor oyunu var
və mən də çalışmışam
ki, tamaşa alınsın. Mənə elə
gəlir ki, nə isə ortaya çıxara bilmişik. Təbii ki, qiyməti
tamaşaçılar verəcək.
Onu da deyim ki, tamaşaya hazırlıq keçən
ilin mayından başlasa da, aktyorlarla qısa zamanda - ay yarıma bu əsəri hazırladıq. Tamaşa Azərbaycan
teatrının 140 illiyinə
həsr olunub. Vaxtilə mənim əziz dostum Vaqif İbrahimoğlu
bu tamaşanı hazırlamaq istəyirdi, Həsənağa Turabov da Şah Qacar
rolunu oynamalı idi. Onların arzusunu biz yerinə
yetirdik. Ona görə
də bu tamaşanı onların ruhuna ithaf edirik,
ruhları şad olsun.
Pyesin müəllifi Əli
Əmirlinin də ürək sözlərini
eşitdik. Görəsən, Əli Əmirlinin Qacarı Azərbaycan ədəbiyyatındakı Qacar
obrazlarından nə ilə fərqlənəcək?
- Biz bu tamaşada Qacarı olduğu kimi təqdim eləməyə
çalışmışıq. Tarixi mənbələrə görə,
Qacar çox ədalətli bir şah olub. Cinayəti cəzasız, xidməti mükafatsız qoymayıb.
Çox dindar, Allahını tanıyan bir adam
olub. Təbii ki, bütün
orta əsr hakimlərinə məxsus
keyfiyyətlər də
onda olub. Azərbaycan ədəbiyyatında təhrif
olunmuş şəkildə
təqdim olunan Qacarı çalışmışıq
ki, tamaşaçıya
layiq olduğu şəkildə təqdim
edək. Mənə elə
gəlir, məqsədimizə
nail olmuşuq.
Qüdrətli və tənha şah
Pərdələr açılır, tamaşaçı XVIII əsrə
düşür. Tarixdə
ilk dəfə xacə
şah başına tac qoyub,
taxta çıxacaq. Böyük bir məmləkət, qüdrətli bir dövlət xəcalət,
tərəddüd, şübhə
içində çırpınır.
Heç
kimin arzulamadığı
şah - Ağa Məhəmməd şah Qacar taxta çıxır,
yeni bir tarix başlayır.
Uzun illər ağlı
və qılıncıyla
dünyanın bir parçasına sahib olan Qacar tarixin qaranlıqlarından
üzə çıxır.
Qüdrətli olduğu qədər
bədbəxt, bədbəxt
olduğu qədər
tənha Ağa Məhəmməd şah Qacarı səhnədə
Xalq artisti Fuad Poladov “dirildir”.
Əzəmətli, ağıllı, şübhəli, inamlı
və eyni zamanda inamsız Qacar bütün səhnəyə hakim kəsilir.
Şah Qacar rolunu Fuad Poladov misilsiz
dərəcədə gözəl
oynayır. Sanki aktyor bu rolu
oynamaq üçün
illərlə, səbirlə,
təmkinlə gözləyib,
xəlvəti məşq
edib, onun faciəsini, iztirablarını,
ağrılarını ruhuna
köçürüb ki,
bir gün səhnəyə çıxıb
gerçək Qacarı
hər kəsə tanıtsın.
Əli Əmirlinin yazıçı
fəhmi, yazıçı
manevrləri, işarə
və simvollarla yüklənmiş dramaturji
mətni, qüsursuz lakonik dili, zəngin
tarixi faktlardan yerli-yerində istifadəsi
tamaşaçını yormur,
usandırmır, apardıqca
aparır. Qacarın
keçmişi yuxu, xəyal kimi səhnəni dolaşır,
tamaşaçının qulağına
bu sözləri pıçıldayır: heç
kim bədbəxt
və günahkar doğulmur, heç kim alın yazısını
poza bilmir, heç kim gələcəyi, qeybi bilmir!
Azər Paşa Nemətovun
özünəməxsus dəst-xətti
tamaşaçını nəfəs
dərməyə qoymur.
Seyrçi göz qırpmadan
hadisələrin axarına
düşüb gedir.
Dinamika, musiqi, səhnə tərtibatı, aktyor oyunu yüksək peşəkarlıqdan xəbər
verir.
Tamaşada Xalq artisti Laləzar
Mustafayeva Qacarın anası Ceyran xanım, əməkdar artistlər Sabir Məmmədov Sadıq xan, Məmməd Səfa Kərim xan Zənd, Vidadi Həsənov Şeyx Cəfər Tonkabuni rollarını yüksək peşəkarlıqla
ifa edirlər.
Bəlkə də həyatlarında
ilk dəfə səhnəyə
çıxan balaca artistlər Samirə Xanlarova, Canəli Canəliyev, Fəridə Əliyeva, Adil Dəmirov rollarının
öhdəsindən məharətlə
gəldikləri üçün
alqışlanırlar.
“Şah Qacar” iki saat
tamaşaçıya tarixi
anlar yaşadır - heyrətləndirir, düşündürür,
kədərləndirir...
Son pərdə
- Qacar Qarabağın
ürəyini - Şuşanı
ələ keçirib.
Bir əlində qılınc,
bir əlində Quran tutan hökmdarı dünyanın cənnətinə
hansı qüvvə gətirib? Qalib hökmdarın ətrafında
xəyanət kölgəsi
dolaşır. Qüdrətli və bədbəxt şah canını məhz Allahın qələm çəkdiyi
bu torpaqda tapşırır.
Pərdələr
bağlanır, zal ayağa qalxıb “Şah Qacar”ı ayaq üstə alqışlayır! Bütün yaradıcı
heyət səhnədə
tamaşaçı ilə
üz-üzə, göz-gözə
dayanıb sənətin
təntənəsini yaşayır.
Alqışlar, gül çiçəkləri
onlar üçündür.
140 yaşlı Azərbaycan
teatrı öz salnaməsinə yeni, uğurlu bir tamaşanın adını
yazır: “Şah Qacar”!
Təranə
Vahid
Mədəniyyət.- 2013.- 17 iyul.-
S. 6.