“İpək
Yolu”nun unudulmaz sədaları
Azərbaycanımızın qədim yurd yerlərindən biri olan Şəki füsunkar təbiəti, tarixi abidələri, sənətkarlığı ilə əsl mədəniyyət mərkəzinə çevrilmişdir. Bir gözəl nəğmədə deyildiyi kimi «Dayanıbdı dağ təki, dağlar qoynunda Şəki».
Qeyri-adi əsrarəngiz təbiəti olan Şəki səyyahları da heyran etmişdir. Fransız yazıçısı Aleksandr Düma Şəkidə olarkən buradakı dağlara, bulaqlara, onun şairanə mənzərəsinə vurğunluğunu özünün «Qafqaz səfəri» əsərində belə ifadə edir: «Biz Nuxadan (Şəkidən) uzaqlaşdıqca onun görünüşü daha da gözəlləşir və bütün füsunkarlığı ilə gözümüzün önündə canlanırdı».
Rus yazıçısı Lev Tolstoy «Hacı Murad» əsərində Şəki mənzərəsini, onun gözəl bitkilər aləmini, xoş təravətli axşamlarını özünəməxsus tərzdə qələmə almışdır.
Böyük rus şairi A.S.Puşkinin dostu, süvari generalı N.N.Rayevski isə Şəkini «yüksək dərəcəli Baxçasaray» adlandırmışdır. Türk yazıçısı Nazim Hikmətin də Şəki haqqında fikirləri çox maraqlıdır. O yazır: «Əgər Azərbaycanın başqa tikililəri olmasaydı bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi».
Qədim dövrlərdən mədəniyyət və ticarət mərkəzi, gözəlliklər məskəni olan Şəki haqqında belə dəyərli fikirlər çoxdur. Unudulmaz şairimiz, Şəki torpağının Azərbaycanımıza bəxş etdiyi söz ustadı Bəxtiyar Vahabzadə də öz doğulub boya-başa çatdığı elini belə vəsf edir:
Elə bil yenicə
sığal vurmusan,
Sanki
gül bağısan, çiçəksən Şəki.
Bir neçə gün idi ki, Şəki
yalnız gül-çiçəklə deyil, həm də
dünya musiqi xəzinəsinin inciləri ilə bəzənmişdi.
«İpək Yolu» IV Beynəlxalq musiqi festivalının Şəkidə
keçirilməsi bu ecazkar diyarın gözəlliklərinə
xüsusi bir rəng qatdı. Festivalın «İpək Yolu»
adlandırılması da Şəki ipəyinin dünyada məşhur
olmasının və gözəlliyinin ifadəsidir.
2010-cu ildən keçirilən
«İpək Yolu» festivalı ildən-ilə inkişaf edərək
mədəniyyətimizdə mühüm bir ənənəyə
çevrilmişdir. Ümumiyyətlə, son illər Azərbaycanda
bir neçə beynəlxalq festivallar keçirilir ki,
onların da hər birinin özünəməxsus ənənəsi
var. Bu mənada «İpək Yolu» festivalı da xüsusi əhəmiyyət
kəsb edir. Əvvəla, bu festival gözəl təbiəti,
zəngin mədəni irsi olan qədim bir tarixi məkanda
keçirilməklə, bu diyarın adını və gözəlliyini
dünyaya bəyan etməklə bir daha Azərbaycanımızın
şərəfini ucaldır. «İpək Yolu»nun əhatə
dairəsi ildən-ilə genişlənir ki, bu da festivalın
repertuarını zənginləşdirir. Repertuardan
danışarkən bunu xüsusi qeyd etməliyik ki, hər il
festival zamanı Şəkidə Azərbaycan musiqi mədəniyyətinə
qızıl hərflərlə yazılan möhtəşəm
bir əsər nümayiş olunur. Ötən illərdə
festival çərçivəsində Üzeyir Hacıbəylinin
«Leyli və Məcnun», «Əsli və Kərəm»,
Müslüm Maqomayevin «Şah İsmayıl» operaları
göstərilmişdi. Builki festivalda isə Qara Qarayevin «Yeddi
gözəl» baleti nümayiş etdirildi. Şəkinin qədim
abidələrindən biri olan Aşağı Karvansarayın
möhtəşəmliyi ilə Qara Qarayev musiqisinin sədaları
qovuşaraq insanların mənəvi dünyasına xüsusi
bir rəng qatdı.
İyunun 28-dən iyulun 4-ə qədər
davam edən «İpək Yolu» IV Beynəlxalq musiqi festivalı
bir çox yenilikləri ilə tarixin yaddaşına
yazıldı. Bu yeniliklərdən biri odur ki, bu ildən
etibarən festivalın xüsusi rəmzi hazırlanıb. Bu
ipək üzərində yarpaq və barama qurdunun təsviri
olan, sanki musiqi açarını xatırladan bir simvoldur.
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar
İttifaqının və Şəki Şəhər
İcra Hakimiyyətinin təşkilatçılığı
ilə keçirilən festivala 12 ölkənin nümayəndələri
qatılmışdı. Festival həm şəkililər, həm
də qonaqlar üçün musiqi bayramına çevrildi.
Çünki festivalın keçirilməsi daha bir əlamətdar
hadisəni özündə ehtiva etdi.
Bu fikri festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti, UNESCO-nun «Sülh naminə incəsənət
xadimi», professor Firəngiz Əlizadənin sözləri ilə
ifadə edək: “Bu il ümummilli lider Heydər Əliyevin 90
illik yubileyi ilə əlamətdardır. Bu münasibətlə
ulu öndərin ölməz xatirəsinə həsr
olunmuş yekun konsert keçirildi və burada onun çox
sevdiyi Üzeyir Hacıbəylinin «Koroğlu» operasının
qəhrəmani sədaları səsləndi. Ümumiyyətlə,
festivala hazırlıq işlərində biz ulu öndərin
xalqımızın mədəniyyətinin inkişafı,
maariflənməsi və beynəlxalq səviyyədə
layiqincə təmsil olunması baxımından tövsiyələrinə
və qoyduğu ənənələrə əsaslanmışıq.
Bu ənənələrdən biri də gələcəyimiz
olan gənclərə xüsusi diqqətin
ayrılmasıdır. Festival zamanı Şəki Musiqi
Kollecində keçirilən ustad dərsləri buna gözəl
nümunədir”.
Bu yerdə bir qədər həmin
ustad dərslərindən danışaq. İyunun 30-da Ələsgər
Abdullayev adına Şəki Musiqi Kollecində Xalq artisti,
professor Yeganə Axundovanın ustad dərsi keçirildi.
Kollecin IV kurs tələbəsi Türkan Məmmədli və
II kurs tələbəsi Nigar İsayeva maraqlı repertuarla
çıxış etdilər. Onların hər bir ifasına
diqqətlə yanaşan Yeganə xanım tələbələrə
bəzi iradları söyləsə də, onların gələcəyinə
ümid bəslədiyini xüsusi vurğuladı.
İyulun 1-də Xalq artisti,
professor Zəhra Quliyevanın da ustad dərsi eyni dərəcədə
maraqla qarşılandı. Bu dərslərdə Yeganə
xanım və Zəhra xanım müəllim və tələbə
kollektivinə, qonaqlara öz gözəl ifalarını da təqdim
etdilər.
İyulun 2-də isə kollecin tələbələri
öz konsert proqramları ilə həmin ustad dərslərinin
müsbət təsirini nümayiş etdirdilər. Kollecin tələbələrindən
ibarət kamera və xalq çalğı alətləri
orkestrləri, xor kollektivi və ayrı-ayrı solistlər
Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev və başqa
bəstəkarların əsərlərini məharətlə
ifa etdilər.
İyulun 3-də isə kollecin
müəllim və tələbə heyəti ilə Bəstəkarlar
İttifaqı nümayəndələrinin
görüşü keçirildi. İttifaqın sədri,
professor Firəngiz Əlizadə çıxış edərək
həm «İpək Yolu» festivalı, həm də qurumun fəaliyyəti
ilə bağlı geniş məlumat verdi. Daha sonra digər
nümayəndələr Bəstəkarlar
İttifaqının katibləri - Əməkdar incəsənət
xadimi, professor Zemfira Qafarova, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Lalə Hüseynova,
İttifaqın üzvləri - professor Mina Hacıyeva, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Seyran Qafarov, Əməkdar
incəsənət xadimi Tahir Əkbər və bu sətirlərin
müəllifi çıxış edərək müəllim
və tələbələri maraqlandıran məsələlərdən
danışdılar.
Ümumilikdə festival maraqlı
hadisələrlə yadda qaldı. Musiqi bayramında
çıxış edən kollektivlərlə
tanışlıq və onların ifaları fikrimizi təsdiq
edir. Bu mənada iyunun 28-də MDB ölkələri - Rusiya,
Moldova, Ukrayna, Tacikistan, Qazaxıstan və Azərbaycanın rəqs
ansambllarının birgə konserti, iyunun 29-da ABŞ-dan gəlmiş
«Filligar» rok qrupu, iyunun 30-da və iyulun 1-də Koreya
Respublikasının qədim musiqi nümunələrindən
ibarət konsert, iyunun 30-da Türkiyənin «Axşam səfası»
TRT orkestri və solistlərinin konserti, iyulun 2-də Şəki
ilə qardaşlaşmış şəhərlər -
Türkiyənin Giresun və Konya şəhərləri rəqs
ansambllarının çıxışları deyilənlərə
ən gözəl nümunədir. Bu konsertlər şəhərin
həm qədim abidələrində-Aşağı
Karvansarayda, Xan sarayında, həm də cənab Prezident
İlham Əliyevin təşəbbüsü ilə
tikilmiş «Yay teatrı»nda keçirilirdi. Konsertlər
iştirakçı ölkələrin musiqiçiləri
üçün əsl dostluq körpüsünə
çevrildi. Türkiyənin «Axşam səfası» orkestrinin
solistləri ilə xalq artistləri Mələkxanım
Əyyubova, Möhlət Müslümov və Fəxrəddin
Dadaşovun bir səhnədə çıxış etməsi,
Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə
Qasımovanın Şəki Xan Sarayının
qarşısında möhtəşəm muğam ifaları,
Əməkdar artist Tünzalə Ağayevanın «Yay
teatrı»nda «Hicaz» qrupu ilə konserti izləyicilərə
xüsusi zövq aşıladı.
«İpək Yolu» IV Beynəlxalq
musiqi festivalı son dərəcə yüksək şəkildə
təşkil olunmuşdu. Bu işdə Şəki Şəhər
İcra Hakimiyyətinin başçısı Elxan Usubov və
onun rəhbərlik etdiyi kollektiv böyük səy göstərmişlər.
İyulun 4-də Aşağı Karvansarayda Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri Orkestri,
F.Əmirov adına Dövlət Mahnı və Rəqs
Ansamblı və Şəki Musiqi Kollecinin xor kollektivi birgə
çıxış etdi. Əməkdar artist Almaz Orucova, Arzu
Əliyeva, Babək Niftəliyev və Ramil Qasımovun
ifaları da rəğbətlə qarşılandı.
Festival Üzeyir bəyin «Koroğlu» operasından «Çənlibel»
xoru ilə tamamlandı.
Bağlanış mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov öz xoş təəssüratlarını bölüşərək belə festivalların dövlət səviyyəsində keçirilməsi üçün yaradılan şəraitə və bu tədbirlərin xalqın mədəniyyətinə bəxş etdiyi uğurlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya bütün tədbir iştirakçıları adından təşəkkür etdilər. Çıxışlarda artıq 2014-cü ildə keçiriləcək 5-ci - yubiley festivalına hazırlığın başladığını da söylədilər. Beləliklə, «İpək Yolu» IV Beynəlxalq musiqi festivalı mədəniyyət tariximizdə yeni səhifə açaraq unudulmaz sədaları ilə yaddaşlara həkk olundu. Növbəti festivalda görüşmək ümidi ilə.
Səadət Təhmirazqızı,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2013.- 17 iyul.-
S. 10.