Komik aktyorun kədəri
Telman Adıgözəlov - 60
Ömür vəfa etsəydi,
iyulun 17-də tanınmış aktyor, Xalq artisti Telman Adıgözəlovun
60 yaşı tamam olacaqdı.
... Amma ömür vəfa etmədi, Telman Adıgözəlov bu dünyada 57 il yaşadı. Dostları, yaxınları, pərəstişkarları günü bu gün də onun yoxluğuna inana bilmir...
Telman Adıgözəlov xoşbəxt sənətkar idi. Səhnəyə qədəm qoyandan tamaşaçı onu səmimiyyətinə, təbiiliyinə və istedadına görə sevmişdi və bu sevgi heç vaxt azalmadı.
Ömrünün 30 ildən çoxunu Akademik Milli Dram Teatrının səhnəsində keçirən aktyorun sənət yolu heç də asan olmadı, bəzən istedadı ona mane oldu. “Keçid dövrü”ndə 7 il rol üzünə həsrət qaldı, Telman sındığını büruzə verməsə də, illər sonra “7 il ömrümü aldılar” - dedi...
Telman Adıgözəlov dünyasını dəyişəndə hamı təəccübləndi. Vaxtsız ölümünə alışa bilməyənlər isə onun yoxluğu ilə hələ də barışmaq istəmir.
Şux, səmimi, təvazökar aktyorun - Telman Adıgözəlovun 60 yaşının tamam olduğuna da heç kimin inanmağı gəlmir...
Taleyə tərəf
qaçış...
Əslən ordubadlı olan Telman Adıgözəlov 1953-cü ildə Balakən rayonunda anadan olub. Uşaq vaxtı xəstəlik keçirir, həkimlər rayonun iqliminin ona düşmədiyini deyir. Bundan sonra ailələri Bakıya köçməli olur.
Bir gün Telman məktəb yoldaşları ilə dərsdən qaçıb hind filminə baxmağa gedir. Görünür, Tanrı onun sənətə olan sonsuz sevgisini qiymətləndirir. Kinodan çıxanda bir nəfər Telmana yaxınlaşır, onu televiziyaya dəvət edir. Telman tərəddüd etmədən bu təklifi qəbul edir. Dövlət televiziyasında çalışan rejissor Nazim Zeynalov onu “Evrika” verilişində fantastik səhnələrə çəkir. O, eyni zamanda “Yasəmən” televiziya teatrında iştirak edir. Yeddinci sinifdə oxuyanda isə Adil İsgəndərovun kinoaktyor kurslarına yazılır. Tale özü onu sənətə gətirir...
1975-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirən Telman Adıgözəlov beş il Tədris Teatrında, televiziya tamaşalarında, səhnəciklərdə rol alır.
1980-ci ildə Akademik Dram Teatrına dəvət
olunur. Böyük səhnədə bir-birindən maraqlı
obrazlar yaradır. C.Məmmədquluzadənin “Dəli
yığıncağı" əsərində Zəncirvuran,
İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"ında
Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman,
V.Şekspirin “Maqbet”ində Flins, M.İbrahimovun "Közərən
ocaqlar"ında Xanəhməd, H.Cavidin "İblis"
pyesində Şeypurçu, S.Vurğunun "Vaqif" əsərində
təlxək, S.Rəhmanın "Nişanlı
qız"ında Çeşməkli kişi, Elçinin
"Ah Paris...Paris!.."ində Əhməd, "Mənim
sevimli dəlim"də professor, E.Baxışın "Qədr
gecəsi"ndə Oyunbaz, R.Novruzun "Hələ "sevirəm"
deməmişdilər"ində Qumarbaz onun obrazlar
qalereyasını zənginləşdirir.
Telman Adıgözəlov eyni vaxtda
dövlət televiziyasında çəkilən
"Yaşıl eynəkli adam", "Ordan-burdan",
“Nigarançılıq”, “Yarımştat” tamaşalarında,
"Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Nəsimi",
"Üzü küləyə", “Yol əhvalatı” və
s. filmlərə çəkilir. Ümumilikdə 11 filmdə
bəzən xarakterik, bəzən epizodik rollar oynayır.
Səmimi, zarafatcıl, mehriban
Telman Adıgözəlovu 60 yaşın astanasında sənət
dostları belə xatırlayır:
“Zahirən
şuxluğunu itirməsə də, Telman mənə
çox kədərli göründü”
Tanınmış rejissor, Xalq artisti Ramiz Həsənoğlu:
- 1978-ci ildə Vaqif
İbrahimoğlu Tədris Teatrında Cəfər
Cabbarlının “Yaylağa gedir” adlı pamfletini səhnəyə
qoymuşdu. İlk dəfə Telmanı orda gördüm və
onun aktyorluq məharəti, potensialı məni doğurdan da təəccübləndirdi.
1982-ci ildə mən Telmanı “Evləri köndələn
yar” televiziya tamaşasını dəvət etdim. Tamaşada
iki cütlük iştirak edirdi: Telman Adıgözəlovla
Hicran Qəşəmova və Fəxrəddin Manafovla Firəngiz
Mütəllibova. Bu iki cütlük o tamaşa ilə məşhurlaşdı.
Telman da o tamaşada yaddaqalan, sevilən rol yaratdı və
müxtəlif ləhcələrdə danışaraq
xalqın sevgisini qazandı. O vaxtdan Telman
tamaşaçıların yaddaşında qaldı.
Ona görə də bu gün deyəndə
ki, Telmanın 60 yaşı tamam olur, hamı təəccüblənir.
Çünki Telman tamaşaçıların
yaddaşında məhz elə “Evləri köndələn
yar”dakı cavan, şux Telman kimi qalıb.
Təxminən 30 ildən sonra biz
yenidən o tamaşaya qayıtdıq. “Evləri göydələn
yar” tamaşasını hazırladıq. “Evləri köndələn
yar” tamaşasındakı aktyorların hamısı - Siyavuş
da, Yaşar da, elə Telmanın özü də yaşa
dolmuşdu. O çəkilişlərdə fikir verib
gördüm ki, Telman zahirən şuxluğunu itirməsə
də, mənə çox kədərli göründü.
Baxmayaraq ki, o komediya ustası kimi tamaşaçıların
yaddaşında həkk olunub, amma Telmanın yaradıcılığına
diqqətlə nəzər yetirəndə onun
yaradıcılığından kədərli sarı sim
keçdiyini görərsiniz.
Sonralar onu “Yaşıl eynəkli
adam” televiziya tamaşasında rəqs müəllimi roluna dəvət
etdim, bu rol da onun məşhur rollarından biri oldu. Biz o
tamaşanın davamını çəkəndə, Telman o
rolu özünə yaraşdırmadı, istəmədi, məcbur
olub rolu başqa aktyora verməli oldum.
Mənə elə gəlir ki,
Telmanla bizim işlərimizin ən yüksək zirvəsi
“Nigarançılıq” televiziya tamaşasındakı
Hüseyn roludur.
Telman populyar aktyor olmaqla yanaşı,
eyni zamanda populyar şoumen idi. Toylara
çağırırdılar, güzəranı,
dolanışığı ordan gəlirdi. Bu onu çox
sıxırdı. Çünki başa düşürdü
ki, istedadından düzgün istifadə eləmir. Amma buna məcbur
idi. Övladları böyüyürdü.
Telmanın hələ indi 60
yaşı olacaqdı. Telmanın gedişi hamımızı
şoka saldı. Bu günlər
tamaşaçılarımız Telmansız, Yaşarsız,
Siyavuşsuz qalıb. Ümid edək ki, yeni istedadlar
doğulacaq, Yaşar, Siyavuş, Telman gənclər
üçün daima örnək olacaq. Allah rəhmət eləsin.
“Mən
onun xətrini dünyalar qədər istəyirdim”
Əməkdar incəsənət xadimi Cahangir Novruzov:
- Telman mənim gənclik, tələbəlik
dostum idi. Biz onunla 1971-ci ildə İncəsənət
İnstitutuna imtahan verdik. Mən rejissorluq fakültəsinə,
Telman kinoaktyorluq fakültəsinə daxil oldu. Paralel qruplarda
oxusaq da, bir qazanın içində qaynayırdıq. Mən
onun xətrini dünyalar qədər istəyirdim. Telman
yaraşıqlı, istedadlı, zarafatcıl bir gənc idi.
Ona görə də biz onunla çox yaxın dost idik. Elə
zarafatlarımız vardı ki, onu ancaq Telmanla mən bilirdik.
Zaman gəldi ki, biz institutu bitirdik,
Ramiz Həsənoğlunun “Yaşıl eynəkli adam”,
“Ordan-burdan” televiziya tamaşalarındakı səhnələrdə
birnəfəsə oynadıq. Telman həmişə gözəl
əhval-ruhiyyədə olurdu. Deyən, gülən, həyata
bağlı bir insan olduğu üçün bütün
dostları tərəfindən sevilirdi.
Onunla son
görüşümüz qəribə oldu. Məni Türkiyədə
TRT-Avaz kanalına dəvət etdilər və İctimai
Televiziya ilə telekörpü yaratdılar. Ankaraya getdim,
telekörpü yaradıldı. Birdən-birə ekranda
qarşıma Telman çıxdı. Bu Telman
üçün də, mənim üçün də bir
sürpriz idi. Telmanla çox gözəl ünsiyyətimiz
oldu, nostalji hislər yaşadıq, keçmişləri
xatırladıq. Hər ikimiz arzuladıq ki, Azərbaycanla
Türkiyə ortaq bir film çəksin və ya televiziya
tamaşası hazırlasın, biz yenidən bir yerdə
çəkilək. O arzu ilə biz ayrıldıq.
Bir neçə aydan sonra
Telmanın həyatdan qəfil köçməsi məni
sarsıtdı, bir ay özümə gələ bilmədim. Təəssüf
ki, onun dəfnində iştirak edə bilmədim. Telmanın
hələ oynayacağı, deyəcəyi sözləri
çox idi. Azərbaycan tamaşaçısını
sevindirəcək, düşündürəcək hələ
çox rolları vardı.
Onun həyatdan köçməsi
mənə çox yer elədi. Payız gələndə
yarpaqlar küləkdənmi, qorxudanmı əsib tökülər,
bizim sənət ağacımızın yarpaq
tökümü başladı. Amma Telman düşən
yarpaqların ən gözəllərindən biri idi. O biri
dünya varsa, biz orda mütləq görüşəcəyik.
“Adam
Telmana nə ölümü, nə qocalığı
yaraşdırmır”
Rejissor Şərif Qurbanəliyev:
- Mən institutda oxuyanda Telman
Akademik Dram Teatrında işləyirdi. 1996-cı ildə
“Yarımştat” televiziya tamaşasını hazırlayanda
onunla dostluğumuz başladı. Çox gözəl, fitri
istedada malik bir insan idi. Eyni zamanda hər şeyi ürəyinə
salır, tez əsəbiləşir, özündən
çıxırdı. Ona görə də ürəyi
dözmədi.
Aktyor kimi Telmanla işləmək
çox asan idi. “Yarımştat” tamaşasında Afaq Bəşirqızı,
Yaşar Nuri, Telman Adıgözəlov iştirak edirdilər.
İşini bilən rejissor üçün o aktyorlarla
işləmək çox asan idi. Ev tikmək
üçün bir daşı sən qoyanda, bir daşı
onlar qoyurdu. Elə aktyorlar var ki, onlara rolu çeynəyib verməlisən,
özünün improvizasiyası olmur. Telman istedadlı aktyor
idi. Ona istiqamət vermək kifayət idi ki, rolu öz içərisindən
keçirsin, improvizələr etsin, təkliflər versin.
Çətini Telmanı məşq
zalına və ya da çəkiliş meydançasına gətirmək
idi. Həmin məkana qədəm qoydumu, vəssalam,
bütün dünya yadından çıxırdı.
Əli Əmirlinin “Bala, başa bəla” televiziya
tamaşasını çəkəndə Hacı Hacısoy
rolunu da mən oynadım. Amma o rolu Telman Adıgözəlov
oynamalı idi, məşq də eləmişdi. Çəkiliş
ərəfəsində Telman Biləsuvara toya gedəndə
yıxılıb qabırğasını və qolunu əzmişdi.
İndi də təəssüf edirəm ki, belə
olmasaydı, çox gözəl bir obraz yarada bilərdi.
Yadımdadır, Telmanın 40 illik
yubileyini keçirəndə tez-tez kövrəlirdi. Adam
Telmana nə ölümü, nə qocalığı
yaraşdırmır...
Deyirlər ki, əvəzolunmaz insan yoxdur, amma elə insanlar var ki, onlar əvəz edilmir. Nə Yaşarın, nə Siyavuşun, nə də Telmanın əvəzi olmayacaq...
Təranə Vahid
Mədəniyyət.- 2013.- 17 iyul.-
S. 11.