“Xoşbəxtəm
ki, həyatım boyu sevdiyim işlə məşğul olmuşam”
XX əsrin ikinci yarısında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında peşəkar operator nəsli fəaliyyət göstərirdi. Onların fərdi istedadı nəticəsində filmlərin ekran taleyi uğurlu olur, sorağı uzaq ölkələrdən gəlirdi. Milli kinomuza uğur gətirən istedadlı kinorejissorlarımızdan biri də Rasim İsmayılovdur. O, ömrü boyu sənətinə sadiq qalıb, kinomuzun intibah dövründə də, çətin vaxtlarında da çəkdiyi ekran əsərlərində peşəkarlıq nümayiş etdirib. Onun çəkdiyi filmlərdəki dəqiq mizanlar, personajlara hədsiz diqqəti kinonu bizim həmsöhbətimizə çevirirdi. Bu da onun məsləyinə sevgisindən irəli gəlirdi.
Yaxşı deyirlər ki, hər kəs xeyirxah əməli, işi ilə yadda qalır, xatirələrdə yaşayır. Sevimli kinooperator Rasim İsmayılov da insani keyfiyyətlərinə, peşəkar sənətinə görə müasirlərinin, həmkarlarının rəğbətini qazandı, unudulmadı.
Rasim Rza oğlu İsmayılov 1936-cı il iyulun 13-də Bakıda ziyalı ailəsində anadan olub. Hələ uşaqlıqdan həyata fərqli baxışına, münasibətinə görə həmyaşıdlarından seçilərdi. Onun ən böyük arzusu təyyarəçi olmaq idi. Kiçik yaşlarından aviasiya ilə maraqlanar, hər gün dərsdən sonra aerokluba gedər, şənbə və bazar günləri Zabrat aeroportunda kiçik təyyarədə uçar, təyyarəçi olmaq eşqi ilə yaşayardı. Tale belə gətirir ki, o, təyyarəçilik məktəbinə imtahan verərkən tibb komissiyasından keçmir. Bununla belə ruhdan düşmür. İkinci bir əyləncəsi olan fotoqrafiya ilə məşğul olur. Kinoya olan sevgisi isə 1958-ci ildə onu Bakı kinostudiyasına gətirir, burada operator assistenti kimi işləməyə başlayır.
Rasim İsmayılovun qəlbində kinonun xüsusi yeri vardı. Buna görə də o, kino sənətini dərindən öyrənmək məqsədilə elə həmin il Moskva Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olur. Məşhur operator Boris Volçekin emalatxanasında təhsil alır. Rasim İsmayılovun Moskvada təhsil aldığı illərdə çəkdiyi kurs işləri artıq onun peşəkarlığından xəbər verirdi.
1962-ci ildə
institutu bitirib Bakıya qayıdır. Bir neçə il
Azərbaycan Televiziyasında
çalışır. Burada gənc
operatorun ssenariləri
əsasında “Azərbaycan
raport verir”, “Daha iki nəfər”
qısametrajlı bədii
televiziya filmləri istehsal olunur. Rejissor kimi “Mavi ekranın
yolları”, “Şəhərin
ritmləri” və başqa sənədli filmlər çəkir.
Rasim müəllim Azərbaycan
televiziyasında animasiya
filmlərinin yaradıcılarından
biri kimi də tanınır.
1965-ci ildə “Danışan işıqlar”,
1969-cu ildə “Qırmızılar,
qaralar və başqaları” cizgi filmlərinə quruluş
verir. Onun ssenarisi əsasında
çəkilən bu
film-alleqoriya Kiyevdə
“Prometey - 69” festivalında
ən yaxşı rejissor işinə görə diploma layiq görülür.
Rasim İsmayılov insan
ruhunun sərrafı idi. Onun kamerasının obyektivindən bütün
xarakterlər açılır,
filmdə təsvir olunan hadisələr xırdalıqlarına qədər
cilalanır, şərh
edilirdi. Zəngin mütaliəsi,
yüksək mənəvi
daxili aləmi, dünyagörüşü, intellektual
səviyyəsi ona bütün janrlarda film çəkməyə imkan
verirdi.
Onun bədii kinoda
operator kimi debüt işi “Cazibə qüvvəsi” kinoalmanaxında
“Dağ meşəsindən
keçərkən” novellasıdır.
Təbiət mənzərələri maraqlı və heyranedici təsvir olunan bu filmdə
qəhrəmanların qarşılıqlı
münasibəti, daxili
mənəvi aləmləri
təfsilatı ilə
şərh edilir, filmin ideya-məzmunu tamaşaçıya tamlıqla
çatdırılır.
Tezliklə o, böyük kinoya
vəsiqə alır.
Görkəmli rejissor Hüseyn
Seyidzadənin quruluş
verdiyi “Yenilməz batalyon” filminin (1965) çəkilişlərini təsadüf
nəticəsində öz
öhdəsinə götürməli
olur. Filmin quruluşçu operatoru, görkəmli sənətkar Xan Babayev qəflətən bərk xəstələnir.
Tarixi-inqilabi janrda çəkilən,
aktyorların çoxunun
Rusiyadan dəvət aldığı filmin çəkilişləri yarımçıq
qalır. Məzmun və
həcm etibarı ilə sadə olmayan ekran əsərinin
taleyini hər operatora həvalə etmək mümkün deyildi. Çünki filmdə artıq
Xan Babayevin dəst-xətti qoyulmuşdu.
Onun üslubunu da davam etdirmək lazım idi. Rejissor Xan Babayevdən onun işini kimə həvalə edə biləcəyini soruşanda o, tərəddüd
etmədən kinoda artıq yaradıcılığını
təsdiqləyən Rasim
İsmayılovun adını
çəkir. Beləliklə, Rasim İsmayılovun həm də bəxti onda gətirir ki, onun adı böyük
kinoda ilk dəfə görkəmli kinorejissor H.Seyidzadə ilə birlikdə çəkilir.
Filmdə hadisələrin gərginliyini artıran müxtəlif rakurslu çəkilişlər, obrazların
dövrün reallığından
irəli gələn sinfi mübarizə şəraitindəki mübariz
mövqeləri dinamik
çəkilişlərin fonunda aydın təsvir olunur. Filmdə kütləvi ifa maneraları, statik və panoramlı çəkiliş nümunələri
çox maraqlıdır.
Final çəkilişlərində
əsgərlərin qəbri
üstündə duran
şəxsi heyətin
ümumi planlı, hərəkətli çəkilişi
isə ekran əsərinin emosional təsir gücünü artırır və ideyasını açır.
Rasim İsmayılov Azərbaycan
kinosunun qızıl fonduna daxil olan
bir çox filmlərə operator kimi quruluş verib. “Sevil”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”,
“Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Sevinc buxtası”, “Babək” və başqa filmlərin uğurlu ekran həllini tapmasında onun xidmətləri əvəzsizdir.
Bu gün
də tamaşaçıların
sevərək baxdığı
“Gün keçdi” filmində Rasim müəllim operator kimi Bakının şairanə
təsvirini yaradıb.
O, sanki qurduğu hər bir mizanı,
çəkdiyi hər
bir kadrı ilə doğma şəhərinin daşına,
divarına sığal
çəkir, əzizləyir.
Onun nümunəvi yaradıcılıq
üslubu vardı.
İşləməkdən qətiyyən yorulmazdı.
Peşəkarlığından və rejissor
ideyalarını öz
tapıntıları ilə
təsdiqləmə bacarığından
irəli gələn səbəblərdən bəzən
ona ildə 3-4 film çəkmək həvalə
olunurdu. “Dədə
Qorqud”, “Dörd bazar günü” (bədii), “Fransa qəhrəmanı”, “Nabran”
(sənədli) filmlərini
o, 1975-ci ildə çəkib.
“Babək”
film-epopeyasında müxtəlif
rakurslu çəkilişlər,
Babəkin Bəzz qalası üzərindən
düşmən ordusunu
seyr edən ümumi planlı və montajdan istifadə edilməyən
hərəkəti, panoramlı
çəkilişlər operator işinin ustalığını
təsdiqləyən, filmin
möhtəşəmliyini əks etdirən kadrlardır.
Sənətkar 68 illik ömrünün
46 ilini milli kinomuzun inkişafına həsr edib. Bu illər ərzində o,
operator kimi 20 bədii,
10 sənədli film, rejissor
və ssenari müəllifi kimi 4 “Mozalan”, 2 animasiya filmi çəkib.
Rasim İsmayılovun adı milli kino tarixinə həm də kinorejissor kimi daxil olub. O, on üç il ərzində yeddi bədii filmə quruluş verib: “Şir evdən getdi”, “Anın quruluşu”, “İşgüzar
səfər”, “Asif, Vasif, Ağasif”, “Sizi dünyalar qədər sevirdim”, “Alman klinikasına şəxsi səfər”,
“Tələ”.
Onun rejissorluq debütü
1977-ci ildə çəkdiyi
“Şir evdən getdi” müasir nağıl-filmidir. Rasim müəllim
uşaqları çox
sevərdi. Yaradıcılığında xüsusi yer
tutan uşaq filmləri bu sevginin əyani sübutudur. O, həmişə
deyərdi ki, uşaq filmləri çətin janrdır: “Uşaqlarla işləmək
üçün xüsusi
pedaqoji üsul olmalıdır. Ən vacibi isə
odur ki, gərək uşaqları
sevəsən və səbirli olasan. Hərdən
çəkilişlərdə çətinliklərlə üzləşirdim,
amma uşaqlarla işləmək mənə
zövq verirdi”.
Rasim İsmayılovun yaratdığı filmlərin
sınaq çəkilişlərinə
200, bəzən daha çox uşaq gəlirdi. Onların arasından filmlərin
qəhrəmanlarını çox səbirlə seçərdi. Çox vaxt
deyərdi ki, uşaqlara filmdə uşaq kimi rəftar etməsini demək düzgün deyil. O zaman o başqalaşır, kadr
real alınmır. Uşaqlar kamera
qarşısında sərbəst
olmalı, sadəcə
özlərini oynamalıdırlar.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı,
general Həzi Aslanovun
həyat və döyüş yolundan bəhs edən “Sizi dünyalar qədər sevirdim” filmi qəhrəmanın ömrünün son günlərini
əks etdirir. Bu film kinostudiyanın yaradıcılıq uğuru
kimi qiymətləndirilib,
sovet kinematoqrafiyası
ustalarının ən
yaxşı işlərinin
siyahısına daxil edilib və filmə ümumittifaq baxış keçirilib.
Filmin çəkilişlərini həyata
keçirmək üçün
Rasim müəllim bir çox çətinlikləri aradan
qaldırmalı olub.
Onun əsas istəyi, amalı nə olursa-olsun kinonu inkişaf etdirmək, həyata münasibətini
yaradıcılığında bildirmək idi.
Rasim İsmayılovun quruluş verdiyi son ekran əsəri
1990-cı ildə lentə
alınan “Tələ”
filmidir. Bədii film yaratmağa
imkan olmayan vaxtlarda, yəni 90-cı illərdə Rasim müəllim yaradıcılığında
yaranan boşluğu sənədli filmlər çəkməklə doldururdu.
O, fəaliyyətsizliyi ilə
qətiyyən barışmırdı.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində dərs
deyir, sevdiyi sənətinin sirlərini
tələbələrinə böyük məmnuniyyətlə
öyrədirdi. Uşaq dünyasına
biganə qalmayan sənətkar eyni zamanda uşaqlar üçün maraqlı
nağıllar, hekayələr
yazırdı. Onun “Uçan
çinarlar” kitabı
ölümündən sonra
işıq üzü
görüb.
Rasim İsmayılov 2004-cü il martın 3-də dünyasını dəyişdi. O, özünü sənətində tapmışdı. Tez-tez deyərdi: “Xoşbəxtəm ki, həyatım boyu sevdiyim işlə məşğul olmuşam”. O, elə bir sənət seçmişdi ki, fantaziyasını, arzularını bu sehrli aləmində reallaşdıra bilsin. Buna görə o, bu fürsətdən çox böyük məharətlə istifadə etdi. Şəxsiyyətini sənətində, sənətini isə qəlblərdə əbədiləşdirdi.
Şəhla Bürcəliyeva,
kinoşünas
Mədəniyyət.- 2013.- 17 iyul.-
S. 12.