“Səninlə və
sənsiz”
İyulun 21-də
tanınmış yazıçı-dramaturq Marat
Haqverdiyevin 75 yaşı tamam
olur
O, ədəbiyyatın tacını - dramaturgiyanı seçdi...
O, komediya janrında yazdığı pyeslərlə tanınıb, məşhurlaşdı...
O, “Ailədə məhkəmə” qurub, ilk dəfə səhnədə “Məhəbbət, şeytan və lambada” üçbucağını yaratdı, “Məşuqələr”in sirrini öyrəndi, “Ah, qadınlar, qadınlar” - deyib, “Qısqanc ürəklər”ə güldü. Afişalar tez-tez dəyişdi: “Sənsiz yaşaya bilmərəm”, “Məhəbbət əzabları”, “Məhəbbət yaşa baxmır” və günlərin birində səhnəyə “Amerikalı kürəkən” çıxdı.
O, melodramdan da yan keçmədi.
“Səninlə və sənsiz”, “Səni gözləyirəm”,
“Jiquli əməliyyatı”
əsərləri bədii
televiziya filmləri kimi lentə alındı.
O, “Qarabağ şikəstəsi”, “Fədakarlıq”,
“Üç dəniz əfsanəsi” əsərlərində
ən yaxın tariximizdə baş verən hadisələri ədəbiyyata gətirdi...
Ömrünü memarlığa və
ədəbiyyata “xərcləyən”
və bundan qətiyyən peşman olmayan yazıçı-dramaturq
Marat Haqverdiyev 75 yaşın
zirvəsində oxucularımıza
öz həyat hekayətini danışdı.
Memar
Marat Haqverdiyev
1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində
anadan olub. Atası Azərbaycan və Türkmənistanın Əməkdar
artisti Xanlar Haqverdiyev uzun illər Opera və Balet Teatrının solisti olub. “Əsli və Kərəm”də Kərəm,
“Aşıq Qərib”də
Qərib, “Şah İsmayıl”da Şah İsmayıl, “Leyli və Məcnun”da Məcnun rollarını məharətlə yaradıb.
Anası Cahan Əfruz
(Dilanova) şairə-dramaturq
kimi şöhrət tapıb. “Şeirlər”,
“Dağlar”, “İki ana”, “Sevgi sətirləri”,
“İki bayram” kitabları rus, ispan, türkmən, hind dillərinə tərcümə
olunub. “Qanqın
böyük dalğası”,
“Tahirin aqibəti” və başqa əsərləri 70-ci illərdə
Moskvada səhnələşdirilib.
“İlham pərisi”,
“Gəldim ki, deyəm, sevirəm” faciəsi sonralar doğma səhnəmizdə
və başqa respublikaların səhnəsində
dəfələrlə tamaşaya
qoyulub.
İki sənətkarın əhatəsində böyüyən
Marat uşaqlıqdan rəssamlığa
böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb və bu istəklə də 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. Tələbəlik
illərində incəsənətə
olan marağı ötüb keçməyib,
institutun xalq çalğı alətləri
ansamblı və estrada orkestrinin
solisti kimi sovet respublikalarında qastrol səfərlərində
olub.
Marat Haqverdiyev
təhsilini başa vurandan sonra qısa müddətdə
tikinti sahəsində
çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin
nəzdində Tarix və Mədəniyyət
Abidələrinin Bərpası
İdarəsində müxtəlif
vəzifələrdə işləyib.
Respublikanın tarix və mədəniyyət
abidələrinin, o cümlədən
Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı
Teatrı, muzeylər,
məscidlər, mədrəsələr,
qala və türbələrin bərpası
ilə məşğul
olub.
Böyük ədəbiyyata
yolun başlanğıcı
70-ci illərdə
ədəbiyyata tərcüməçi
kimi gələn Marat Haqverdiyev anasının əsərlərini - şeirlərini,
poemalarını rus dilinə çevirir.
Anası
dünyasını dəyişəndən
sonra qərara gəlir ki, onun yolunu davam
etdirsin.
İlk dram əsəri “Ailədə məhkəmə”
komediyası olur.
Əsər Lənkəran Dövlət
Dram Teatrında Baba Rzayevin
quruluşunda səhnəyə
qoyulur. Tamaşa uğurlu alınır.
Marat müəllim o illəri
belə xatırlayır:
“İlk əsərim tamaşaya qoyulanda Baba Rzayev dedi ki,
bax ha, bundan sonra əsər yazmasan, günah eləmiş olarsan. Səndə komediya yaxşı alınır”.
Bir il sonra
Gənc Tamaşaçılar
Teatrında rejissor Mərahim Fərzəlibəyov
Marat Haqverdiyevin “Məhəbbət,
şeytan və lambada”, ardınca “Məşuqələr” pyesini
tamaşaya qoyur. Hər iki əsər teatr aləmində böyük əks-səda
yaradır. Yeri gəlmişkən, Mərahim
Fərzəlibəyov dramaturqun
ümumilikdə beş əsərinə
quruluş verib.
- Bir gün Akademik
Milli Dram Teatrının
direktoru Həsənağa
Turabov gəlib tamaşaya baxdı, tanış olduq, dedi ki, xahiş
edirəm, bizim teatr üçün də bir əsər
yaz. 1992-ci ildə
“Ah, qadınlar, qadınlar”
komediyasını yazıb
Həsənağa Turabova
təqdim etdim, çox bəyəndi.
Milli Dram
Teatrının səhnəsində
Mərahim Fərzəlibəyov
bu əsəri tamaşaya qoydu. Baş rolda görkəmli aktyor Siyavuş Aslan və tanınmış
aktrisa Firəngiz Mütəllimova oynayırdılar.
Tamaşa maraqla qarşılandı.
Bir ildən sonra “Qısqanc ürəklər”
komediyam yenə də bu teatrda
Mərahim Fərzəlibəyovun
quruluşunda səhnələşdirildi.
Bu tamaşa da
yaxşı mənada
böyük səs-küyə
səbəb oldu.
Sonralar müəllifin “Fədakarlıq”,
“Sənsiz yaşaya bilmərəm”, “Məhəbbət
əzabları”, “Məhəbbət
yaşa baxmır” və başqa pyesləri bir-birinin ardınca müxtəlif teatrların səhnəsində
uğurla tamaşaya qoyulur.
“Qısqanc ürəklər”
qəlbləri fəth
edir
“Qısqanc
ürəklər” komediyasının
sorağı qardaş
Türkiyədən gəlir,
İstanbul şəhəri
Sarıyer bələdiyyə
teatrının yaradıcı
heyəti əsəri
səhnəyə qoyur.
- 2000-ci ildə
məni İstanbula -
“Qısqanc ürəklər”
tamaşasının premyerasına
dəvət etdilər.
Tamaşanın premyerası “Çırağan”
sarayında keçirildi.
Bu sarayda adətən
dövlət tədbirləri
keçirilir, amma o zaman hörmət əlaməti olaraq tamaşanın premyerası
orada təşkil olundu. Premyera yüksək səviyyədə
keçdi. O zaman
məndən başqa
bir əsər istədilər, mən də “Ah, qadınlar, qadınlar” əsərini təqdim etdim. Hər iki əsər Türkiyənin bir çox teatrlarında - İstanbulun Çemberlitaş
teatrı, Sarıyer bələdiyyə teatrı,
Fatih Universitetinin teatrında səhnələşdirilib.
Marat Haqverdiyev dram əsərləri ilə yanaşı, maraqlı ssenarilərin də müəllifidir.
- Lütfü
Məmmədbəyov mənim
ssenarim əsasında
“Səninlə və sənsiz” bədii televiziya filmini çəkib. Bu melodram azərbaycanlı yazıçı ilə türk müğənnisinin
məhəbbətindən bəhs
edir. Film Azərbaycan
dövlət televiziyası
ilə dəfələrlə
nümayiş olunub. “Səni gözləyirəm”
lirik əsərimi də Lütfü Məmmədbəyov ekranlaşdırıb.
“Üç dəniz əfsanəsi”ni beş ilə yazmışam”
Tanınmış dramaturq həm
də öz mövqeyi olan ziyalılarımızdan biridir.
“Mənim yaradıcılığımın
böyük bir hissəsi ulu öndərimiz Heydər Əliyevlə bağlıdır”
- deyən Marat Haqverdiyev
1993-cü ildə yazdığı
“Qarabağ şikəstəsi”
ssenarisində böyük
siyasətçinin Azərbaycanın
ağır günündə
hakimiyyətə qayıdışını,
ölkənin xilası
naminə tarixi xidmətlərini əks etdirib. Bu ssenari
əsasında Mərahim
Fərzəlibəyov ikiseriyalı
bədii televiziya filmi çəkib.
Onun ümummilli lider
haqqında ikinci əsəri “Fədakarlıq”
adlanır. Müəllifin ssenarisi əsasında “Fədakarlıq” bədii televiziya filmi çəkilir. Sonra müəllif
bu ssenarinin dram variantını qələmə
alır. Əsər Sumqayıt
Dövlət Musiqili
Dram Teatrında səhnələşdirilir,
premyerası isə Akademik Milli Dram Teatrında uğurla keçirilir.
Marat Haqverdiyev
“Üç dəniz əfsanəsi” əsərini
isə yaradıcılığının
son zirvəsi adlandırır:
- Ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş yeni əsərim Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
tikintisindən bəhs
edən “Üç dəniz əfsanəsi” dramıdır. Üçüncü dəfə dahi
şəxsiyyət Heydər
Əliyevlə bağlı
mövzuya müraciət
etməyimin səbəbi
odur ki, ulu öndərin adını daşıyan
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi ölkəmizin tarixində misli görünməmiş nailiyyət
idi. Ona görə də
bu layihənin tarixi-siyasi qiymətini nəzərə alaraq, bədii həllini verməyə çalışdım.
Etiraf edirəm ki, heç bir əsər üzərində
o qədər işləməmişəm.
“Üç dəniz əfsanəsi” dramını
beş ilə
yazmışam. Bu əsər
Mədəniyyət və
Turizm Nazirliyinin
2013-cü il üçün təsdiq
etdiyi repertuar planına salınıb, əsərin hazırlanması
Gəncə Dövlət
Dram Teatrına həvalə
olunub, hazırda tamaşa hazırlanır.
“Görəsən,
Marat Haqverdiyev özü
haqqında əsər
yazsaydı, o əsərin
adı necə olardı?” Cavabı ləngitmir: “Vaxtilə qələmə aldığım
melodramın adını
seçərdim: “Səninlə
və sənsiz”.
Ömrünün müdriklik çağını yaşayan dramaturqun arzularından biri “Üç dəniz əfsanəsi”ni səhnədə görmək, Allahın izni ilə ürəyindən keçən yazıları qələmə almaq, ən böyük arzusu isə Qarabağı azad görməkdir. Biz də bu arzulara qoşuluruq.
Təranə Vahid
Mədəniyyət.- 2013.- 19 iyul.-
S. 7.