Fransa jurnalı Heydər Əliyev Fondunun layihələrindən yazıb

 

“Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri fransalılara zəngin incəsənət aləminə qərq olmaq imkanı yaradıb”

  

   Fransanın “BeauxArts” mədəniyyət jurnalında Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan mədəni irsinin, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində fəaliyyətindən bəhs edən məqalə dərc olunub.  

   Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 4-dən 7-dək Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərinə diqqəti cəlb edən müəllif yazır ki, bu günlərdə lacivərd sahildəki Kruazett bulvarı Qafqaz incilərinin rənginə boyanmışdı.

   Yazıda bildirilir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam Leyla Əliyeva enerjili, yaradıcı və hər zaman axtarışda olan şəxsdir. O, bütün fəaliyyət istiqamətlərində ön sıralardadır. Ölkəsində keçirilən bir sıra xeyriyyəçilik və ətraf mühit layihələrini dəstəkləyir. “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı olan Leyla Əliyeva 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımına dair həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoyub. Yazıda Leyla Əliyevanın incəsənət sahəsində fəaliyyətindən də söz açılır. Qeyd olunur ki, o, Azərbaycan incəsənətini təbliğ etmək istiqamətində fərqli layihələrin öhdəsindən asanlıqla gəlir.

   Məqalədə bildirilir ki, Azərbaycanın mədəni dəyərlərini dünyada tanıtmaq məqsədilə 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu ölkənin ən böyük qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. Fondun fəaliyyətinin əsasında humanitar proqramlar, habelə təhsil, səhiyyə və elm sahələrinin inkişaf etdirilməsinə istiqamətlənmiş layihələr durur.

   Məqalədə deyilir ki, zəngin Azərbaycan mədəniyyətinin nümunələri olan qədim saxsı qablar, xalçalar, zinət əşyaları Parisin Luvr, Nyu-Yorkun Metropoliten, Sankt-Peterburqun Ermitaj, Londonun ViktoriyaAlbert muzeylərində saxlanılır. Son illər Azərbaycanın müasir incəsənət aləmi diqqət mərkəzindədir. 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Müasir İncəsənət Muzeyi milli avanqardını özündə təcəssüm etdirir. “Bakıya uçuş” layihəsinə isə 20-dən artıq rəssamın 100-ə yaxın əsəri daxildir. Bu müasir incəsənət sərgisi də Leyla Əliyeva tərəfindən dəstəklənib. Sərgiyə daxil olan rəsm əsərləri Parisdən Vyanaya, Moskvadan Romaya, Berlindən Londonadək təqdim edilib. Diqqətə çatdırılır ki, gənc xanım “Baku” jurnalında bir sıra rəsm əsərlərini nəşr etdirirmonumental işlərin layihələndirilməsinə imza atır.

   Məqalədə qeyd olunur ki, bu yay fransız tamaşaçılarına Azərbaycan dünyasını görmək imkanı verilib. Kann şəhərindəki Kruazett bulvarında bu coşqun ölkəni tərənnüm edən çoxsaylı sərgilər nümayiş olunub. Azərbaycan mədəniyyət günləri fransalılara zəngin incəsənət aləminə qərq olmaq imkanı yaradıb.

 

Mədəniyyət.- 2013.- 19 iyul.- S. 8.