Seyid Yəhya
Bakuvi təlimi böyük ictimai dəyər kəsb edir
Tədqiqatçı Mehmet
Rıhtım: “Azərbaycanın XV əsrdə dünyaya ixrac
etdiyi bu fəlsəfi məktəb-sistemin dəyərlərinə
çağdaş dünyanın ehtiyacı var”
Mehmet Rıhtım Türkiyənin
Kayseri şəhərində doğulub. 1987-ci ildə Atatürk Universitetində
ilahiyyat fakültəsini bitirib. 1997-ci ildə Azərbaycana gələrək
Qafqaz Universitetində çalışmağa başlayıb.
AMEA-nın Əlyazmalar İnstitutunda “Şərqdə
Xəlvətiyyə ədəbi təsəvvüfi
görüşlərinin təşəkkülü və
Seyid Yəhya Bakuvinin yaradıcılığı”
mövzusunda dissertasiya edərək filologiya elmləri üzrə
fəlsəfə doktoru adını alıb. Azərbaycan və Türkiyədə ədəbiyyat
və mədəniyyət tarixinə dair on kitabı çap
olunub. “Seyid Yəhya Bakuvi və xəlvətilik”,
“Mövlanə İsmayıl Siracəddin Şirvani”, “Evliya
Çələbi səyahətnaməsində Azərbaycan”,
“Folklor və təsəvvüf lüğəti” və digər
nəşrlərin müəllifidir.
Hazırda Qafqaz
Universiteti nəzdində fəaliyyət göstərən
Qafqaz Araşdırmaları İnstitutunda direktor vəzifəsində
çalışmaqla yanaşı, elmi
araşdırmalarını davam etdirməkdədir. UNESCO-nun yubileylər proqramı çərçivəsində
Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinin qeyd
olunmasını, Bakuvi irsinə diqqətin artmasını nəzərə
alaraq alimlə həmsöhbət olduq.
- Necə oldu ki, Seyid Yəhya Bakuvi
irsini araşdırmağa başladınız?
- 1997-ci ildə Qafqaz Universitetində
müəllimlik fəaliyyətimə başlayanda paralel olaraq
elmi fəaliyyət barədə də
düşünürdüm, lakin hələ istiqamət
müəyyənləşdirməmişdim. Bir
dəfə Şirvanşahlar sarayına getmişdim və
orada bir türbə gördüm. Bilirdim ki, tarixən adına türbə tikilən insanlar mütləq
böyük şəxsiyyətlər olur. Burada
Seyid Yəhya Bakuvi adlı şəxsin məzarı
olduğunu öyrəndiyimdə önümdəki pərdələr
yavaş-yavaş qalxmağa başladı. Əvvəlcə bu barədə bir məqalə
hazırladım. Bu istiqamətdə
axtarışlarım zamanı Azərbaycan mənbələrində
çox cüzi məlumatlar olduğunu gördüm.
Sonrakı araşdırmalarım Seyid Yəhya Şirvaninin
zamanının böyük sufi şeyxi
olduğunu göstərdi. Türkiyə
kitabxanalarında onun haqqında xeyli məlumatlara rast gəldim.
Beləcə, bu istiqamətdə yola
çıxaraq 15 ildir ki, araşdırmalarımı davam
etdirirəm.
- Seyid Yəhya
Bakuvinin Xəlvətiyyə təlimi XV əsrdə Şərqə
və Qərbə çox geniş arealda yayılmağa
başlayıb. Hansı məqamlar insanları
bu məktəbə bağlayırdı, inandıra bilirdi?
- Sufi mütəfəkkir-övliyalar
tarixdə çox olub. Amma özündən
sonra məktəb qoyub gedənlər azdır. Bu təlimlər İslam dininə
bağlıdır. Seyid Yəhya Şirvani
Qurani-Kərim və hədislərə çox bağlı
olub, bu müqəddəs mənbələr əsasında təliminin
bünövrəsini formalaşdırıb. Onun təlimi çox güclüdür,
çünki yolu doğru yol olub. Əslən
əhli-beytə mənsub olan mütəfəkkir İslamdan
xaric bir istiqamət almayıb. Bunları əməlində,
davranışlarında qoruyub saxlayıb. Yanına
gələnlər sözü, niyyəti və əməli
doğru olan bu insandan elm alardı, irfan alardı. 20 minə qədər insan onun təlimi əsasında
dərs alıb, onlardan 360-a qədəri getdikləri yerdə
bu məktəbi tədris etməyə səlahiyyət
qazanıblar. Bundan başqa, bu təlim
tolerantlığa önəm verir, elmi təbliğ edir,
milli-mənəvi dəyərləri qoruyur, ictimai dəyərləri
inkişaf etdirirdi.
Azərbaycanda
dörd əsrlik tarixi keçmişdə sufizmin ictimai dəyərləri
tərk edildi, unuduldu və ya yanlış izah edildi. Bir sistem kimi inkişaf edə bilmədi. Daha
sonralar saxta sufi mürşidlər ortaya
çıxaraq insanları aldatmağa başladı. Bunda Azərbaycanın Rusiya tərəfindən
işğalı, bəzi İslam təriqət və məzhəblərinin
də sufiliyə qarşı mənfi münasibətlərinin
böyük rolu oldu.
- Bu günlərdə Bakıda
Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr
olunmuş beynəlxalq elmi konfrans keçirildi. Tədbiri
necə dəyərləndirirsiniz?
- Simpozium UNESCO-nun
yubileylər proqramı çərçivəsində təşkil
olunmuşdu və bu, Seyid Yəhya Bakuvi ilə bağlı bu
səviyyədə təşkil olunmuş ilk tədbir idi.
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi və AMEA-nın Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun birgə təşkil etdikləri
konfrans yüksək dəyərləndirilməlidir. 10-dan artıq ölkədən 50-dək alim, tədqiqatçı
bir masa ətrafına toplaşdı. Beynəlxalq
simpozium nəticəsində Bakuvinin adı daha geniş
ictimaiyyətə çatdırıldı. Bu tədbirin yeni tədqiqatlara töhfə verəcəyi
qənaətindəyəm. Amma çox istərdik
ki, elmi müzakirələrə daha çox vaxt verilsin və
alimlər Azərbaycanda doğulmuş və artıq bəşəri
bir dəyərə çevrilmiş Bakuvi haqqında öz
araşdırmalarını geniş şəkildə təqdim
edə bilsinlər. Yeri gəlmişkən,
Bakuvinin irsinə həsr olunmuş www.seyidyahyashirvani.az
saytı yaradılıb və bu yaxınlarda təqdimatı
oldu. Bu faktı da yüksək qiymətləndirirəm.
- Bakuvi ilə Mövlanə Rumi
arasında necə münasibətlər vardır? Sufilərin cəmiyyətə təsirləri
hansı formada olmuşdur?
- Bakuvi də Mövlanə Cəlaləddin
Rumi kimi məktəb sahibi, bir üstün şəxsiyyətdir.
Düşüncələrinin ifadə
gücü, ədəbi şəxsiyyət olaraq Mövlanə,
təbii ki, fərqlidir. Bu iki mütəfəkkirin
mənəvi dünyası və düşüncə sistemləri
eynidir. Amma yayılma və yetişdirdiyi
mühüm şəxsiyyətlər baxımından Bakuvinin
məktəbi Xəlvətilik Mövləvilikdən daha
geniş yayılmışdır. Türk və İslam
dünyasında ən çox yayılan sufi
məktəbi Xəlvətilik olmuşdur. Dünyanın
ən müxtəlif ölkələrində Xəlvətilik
məktəbinin izləri mövcuddur.
Əslində sufilik,
xüsusilə də Xəlvətilik insanların bir
çoxunun düşündüyü kimi gizli bir məktəb,
özünə qapanma deyil, onun çox fərqli yönləri
vardır. Sufilik eyni zamanda ictimai bir
sistemdir. Cəmiyyətin hər təbəqəsinə
nüfuz edib təlim verən, müəyyən mənada tərbiyələndirən
pedaqoji bir məktəbdir. Tədqiqatlar göstərir
ki, sufi cərəyanına mənsub olan
insanlar cəmiyyətə yaxşı nümunə olublar. İctimai həyatda tolerantlığı,
insanların bir-biri ilə yaxşı davranmasını, dinlərarası
hörməti təbliğ ediblər. Seyid
Yəhya Bakuvinin təlimi həm də bir fəlsəfi məktəbdir.
Bu fəlsəfəyə müasir
dünyanın çox ehtiyacı var.
Müasir dünya
inanmağa, dostluğa, sevgiyə, barışa, mənfəətdən
uzaq münasibətlərə, yardımlaşmağa həsrətdir.
Bu o demək deyil ki, sufilər o dönəmdə bütün
bunların hər birinə nail ola
bilmişdilər. Amma bu təlimi təbliğ
edənlər ən azından yaşadıqları mühitdə
müsbət atmosfer yarada bilirdilər.
- Bakuvinin yubileyi ilə bağlı
daha hansı tədbirlərin keçirilməsi nəzərdə
tutulur?
- Seyid Yəhya Bakuvi irsinin və
yaradıcılığının daha geniş təbliği
məqsədilə bu il daha bir beynəlxalq
simpoziumun keçirilməsinin vacibliyini hiss edirik. Dekabr ayında müxtəlif təşkilatlarla birgə
bu tədbiri təşkil edəcəyik. Məhz
belə elmi konfranslar göstərir və təbliğ edir ki,
sufilik təsbeh çevirərək yaşamaq deyil, cəmiyyətin
bütün təbəqələrinə təsir edə bilən
sistem-məktəbdir. Bu məktəbin təsiridir
ki, müxtəlif ölkələrdən insanları çəkib
buraya gətirib. UNESCO kimi bir təşkilatın
da diqqətini çəkib. Bu gün
dünyanın müxtəlif ölkələrində Xəlvətiyyə
təliminə bağlı insanlar var. Onlar bir çox hallarda
intellektual təbəqəyə mənsubdurlar, sosial-ictimai həyatda
aktiv şəkildə fəaliyyət göstərirlər.
Onlar cəmiyyətdə yaşayan sülhsevər,
tolerant insanlardır. Onların fəaliyyətlərinin
öyrənilməsinə ehtiyac var. Çünki Azərbaycan
hələ XV əsrdə dünyaya özündə dinlər
və mədəniyyətlərarası dialoqu ehtiva edən bu
möhtəşəm islam
anlayışını gətirib, inkişaf etdirib. Xəlvətiyyəni bu gün bir anlayış
olaraq onlar təmsil edir. Bu, çox önəm
daşıyır. Xəlvətilikdə
İslam təfəkkürü, həyat sistemi var. Bu sistem
müxtəlif ölkələrdə qorunmuşdur. Təəssüf edirəm ki, uzun illər Azərbaycanda
bu istiqamətdə ciddi elmi araşdırmalar aparılmayıb.
Bu irsi Azərbaycanın tədqiq etməsi,
sahiblənməsi zəruridir. Bakuvi ilə bağlı
bu il Türkiyənin İstanbul və
Əskişəhər şəhərlərində, Parisdə
toplantıların keçirilməsi də gözlənilir.
- Bu il Bakuvinin
“Şəfa əl-Əsrar” (“Sufiliyin sirləri”) əsərini
yenidən nəşrə hazırladınız. Kitabın mövzusunu ümumiləşdirsək,
Bakuvi nədən bəhs edir?
- “Şəfa əl-Əsrar”
dərin bir təsəvvüfi-fəlsəfi təfəkkürə
sahibdir. Əsərdə
mürşid-mürid əlaqələrinə dair şəfqətli
bir həkimin xəstəsinin şəfa tapması
üçün çırpınışları müşahidə
edilir. Burada xəstə mənəvi dərdlərə
düçar olmuşdur. Mürşid həkim
onu şəfqətlə qucaqlayır və xəstə ruhunu
mərhələ-mərhələ şəfa sirləri ilə
müalicə edərək səhhətin zirvəsinə
qaldırır. Bununla da kifayətlənmir,
ona bütün şəfa sirlərini öyrədərək
həkim dərəcəsinə çatdırır.
Seyid Yəhya Bakuvi
sağlam köklərimizdir, doğru düşüncəmizdir,
zəngin mənəviyyatımızdır, tarixi irsimizdir.
O, bizə əsl bizdən xəbər verir. Pozulmamış,
deformasiya olmamış, təhrif edilməmiş əsl bizdən.
Bizim dilimizlə, ruhumuzla danışır.
Yad və yabançı fikirlər söyləmir.
Zəhərli acı fikirlər deyil, təmiz,
duru, saf və şirin fikirlər deyir. Onun
sistemi və yolu dövrümüzün insanına uzaq və
köhnə gələ bilər. Əslində
o, fikrən, qəlbən, mənəvi dünyası etibarilə
ölümsüzlər arasındadır. O, insanı
aldatmaq üçün məntiq oyunları qurmur, zahiri-batini
bir olan, aldatmayan həqiqətdən bəhs edir. Fitrətimizdən, daxili aləmimizdən xəbər
verir. Ruhumuzu, qəlbimizi və
düşüncəmizi təmizləmə, saflaşdırma
yollarını göstərir. Hərislikdən,
kinlərdən, nəfsani həvəs və arzulardan,
düşmənçiliklərdən xilas olma
yollarını istiqamət verir. Bəşəriyyət
üçün faydalı, xeyirli, düzgün fərdlər
olmağımızı istəyir. Halal yeməyi,
doğru danışmağı, düzgün iş görməyi
nəsihət edir. Məhəbbət, hörmət,
şəfqət, köməkləşmə və səmimiyyət
təlqin edir. Ruhumuzun mənəvi şifrələri
onun sözlərində gizlidir. Onun fikir
dünyasına səyahət etmək, arzu etdiyi məhəbbət
dünyasını tanımaq üçün onun aləminə
girmək lazımdır. O, bizə şərh etdiyi
dünyagörüşü ilə bizi əslimizə dönməyimiz
üçün səsləməklə yanaşı,
bütün bəşəriyyətə qurtuluş müjdələri
göndərir. Məhəmməd Peyğəmbərin (s.ə.s.)
yolunda dosdoğru gedərək İmam Buxaridən İmam
Əbu Hənifəyə, Hz. Əlidən Cəfəri-Sadiqə,
Sührəverdidən Nizami Gəncəviyə, Əhməd Yəsəvidən
Yunus Əmrəyə, Mövlanədən Şəms Təbriziyə
uzanan sağlam və səhih bir mədəniyyət
dünyasını bizlərə göstərir. Seyid Yəhya sonsuzdan gələn və sonsuzluğa
gedən nəhayətsiz karvanın böyük bir
sarbanıdır.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.- 2013.- 19 iyul.-
S. 10.