Yeni uğurların sorağında
Azərbaycan fortepiano məktəbi 100 ildən artıq şanlı bir yol keçmişdir.
Ötən əsrin 70-90-cı illərində ifaçılarımızın
yaradıcılıq nailiyyətləri
tarixə yazılmışdır.
Bu dövrün
ən parlaq ifaçılıq uğurlarından
biri görkəmli musiqiçi, Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası - red.) təhsil
aldığım illərdən
bu günədək qürur duyduğum əziz müəllimim,
SSRİ Xalq artisti,
professor Fərhad Bədəlbəylinin
sənəti ilə bağlıdır. Onun çoxşaxəli
yaradıcılıq, ifaçılıq
və pedaqoji fəaliyyəti sayəsində
Azərbaycan fortepiano məktəbi
dünya səviyyəsində,
beynəlxalq miqyasda tanınmışdır.
Azərbaycan
fortepiano sənətinin inkişafında,
təcrübəli musiqiçi
kadrların hazırlanmasında
böyük əməyi
olan ustad şəxslərdən biri
də Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Oqtay Abasquliyevdir. Mən hər iki böyük sənətkarın
himayəsi, rəhbərliyi
altında musiqiçi
və pedaqoq kimi yetişmişəm.
Peşəkar fəaliyyətimdə nə əldə etmişəmsə, mübaliğəsiz
etiraf edə bilərəm ki, məhz onlara borcluyam. Bu gün
çox xoşbəxtəm
ki, beynəlxalq müsabiqədə ilk uğurunu
qazanan şagirdimin sevincini də bu iki sənətkarla
şərik olaraq bölürəm.
İyunun 1-dən
7-dək Rusiya Federasiyasının
Pyatiqorsk şəhərində
gənc pianoçuların
Vasili Safonov adına X Beynəlxalq
yubiley müsabiqəsi
keçirilmişdir.
Ölkəmizi
bu mötəbər müsabiqədə Əməkdar
incəsənət xadimi,
sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun rəhbərlik etdiyi Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının VIII sinfində təhsil alan şagirdim
Ceyhun Əzizov müvəffəqiyyətlə təmsil edərək, laureat adını qazanmış və ikinci yerə layiq görülmüşdür.
Müsabiqəyə Rusiyanın 33 şəhərindən
və xarici ölkələrdən 89 təklif
gəlmiş, seçim-dinləmələrdən
sonra yarışmaya
68 musiqiçi buraxılmışdır.
V.Safonov adına
müsabiqə 1993-cü ildə
təsis edilmiş,
1995-ci ildə ona ümumrusiya, 2007-ci ildə
isə beynəlxalq statusu verilmişdir. Ötən müddətdə müsabiqə
musiqi ictimaiyyətinin
rəğbətini qazanmış
və Rusiya Mədəniyyət Nazirliyinin
keçirdiyi ən əhəmiyyətli mədəni
layihələrdən birinə
çevrilmişdir. Bu il müsabiqənin
münsiflərinin sədri
Moskva Konservatoriyasının
professoru Andrey Diyev olmuşdur.
Müsabiqənin hər iki turunda uğurla çıxış edən
Ceyhun Əzizov peşəkarlığı, virtuoz
ifaçılıq texnikası,
konsert mədəniyyəti,
musiqi duyumu ilə münsiflərin və dinləyicilərin böyük rəğbətini
qazanmışdır.
Ceyhun Əzizov 1999-cu ildə
Salyan şəhərində
anadan olmuş, ilk musiqi təhsilinə də burada başlamışdır. Belə
ki, bir neçə
il əvvəl, respublika müsabiqələrinin
birində Salyan şəhərindən gəlmiş
Ceyhun Əzizovu BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli
görmüş və
onun istedadlı olduğunu nəzərə
alaraq valideynlərinə
övladlarının musiqi
təhsilini Bakıda davam etdirməyi məsləhət görmüşdür.
Ustad sənətkarın
məsləhəti ilə
valideynləri Ceyhunu paytaxta gətirmiş, o bir müddət mənim sinfimdə Bülbül adına
məktəbdə oxumuş,
daha sonra Ü.Hacıbəyli adına
BMA-nın nəzdində
məktəb-studiyada təhsilini
davam etdirməyə başlamışdır.
Artıq bir neçə
ildir ki, məktəb-studiyada mənim
sinfimdə təhsil alır.
V.Safonov adına gənc
ifaçıların X Beynəlxalq
müsabiqəsində Ceyhun
Əzizovun göstərdiyi
parlaq nəticəyə
və peşəkar pedaqoji fəaliyyətimə
görə Rusiya Mədəniyyət Nazirliyinin
və müsabiqənin
sertifikatına layiq görüldüyüm üçün
çox xoşbəxtəm.
Bir daha qeyd etmək istəyirəm ki, bu sevincdən sevimli müəllimlərim,
professorlar Fərhad Bədəlbəyli və
Oqtay Abasquliyevə, eləcə də işlədiyim məktəb-studiyaya
rəhbərlik edən
professor Tərlan Seyidova
böyük pay düşür.
Ceyhun Əzizovun beynəlxalq müsabiqədə
əldə etdiyi nəticənin başlıca
səbəblərindən biri
məktəb-studiyadakı münbit
şərait və Azərbaycan fortepiano ifaçılığı
məktəbinin görkəmli
nümayəndəsi, professor
Oqtay Abasquliyevdən alınan ustalıq dərsləridir. Oqtay müəllimin
ustad dərsləri musiqi pedaqogikası sahəsində böyük
təcrübəsi olan,
yetirmələri Azərbaycanın
hüdudlarından çox-çox
uzaqlarda saysız qələbələr qazanan
müdrik bir sənətkarın həyat
məktəbidir. Şagirdim Ceyhun
Əzizov da yeni yaradıcılıq uğurları qazanmaq arzusundadır. Bu işdə ona aydın zəka və müvəffəqiyyətlər
arzu edirəm.
Səadət
Səttarova,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2013.- 19 iyul.-
S. 11.