Göyçəli
Aşıq Niftalı
Haqq aşığı
Deyilənlərə görə,
“Aşıq Şenlik” dastanı ilk dəfə Aşıq Niftalının
ifasında səslənib və onun
ifası ilə məşhurlaşıb
Peşəkar saz-söz ustadı Aşıq Niftalı haqqında dolğun məlumatlara Eldar İsmayılın “Oğuz yurdun övladları”, Tərlan Göyçəlinin “Göyçə aşıq məktəbi”, Qara Namazovun “Aşıqlar” kitabında rast gəlirik. Bu kitablarda aşığın təvəllüd və ölüm tarixləri fərqli qeyd edilsə də, onun qızı Qumaş xanımın verdiyi məlumata görə, Niftalı Kərbəlayı İsmayıl oğlu Süleymanov 1911-ci ildə Göyçənin Ardanış kəndində anadan olub.
Atası Kərbəlayı İsmayıl, əmisi Məhəmməd aşıq olmasalar da, sənətə yüksək qiymət verər, sənətkara sonsuz hörmət bəsləyərmişlər. Belə bir mühitdə böyüyən Niftalı da meylini saza-sözə salır. Oğlunun bu həvəsini görən Kərbəlayı İsmayıl Niftalını Qızılvəng kəndində yaşayan, dövrünün tanınmış sənətkarı Aşıq Quluya şəyirdliyə verir.
Bu əhvalat sonradan xalqın yaddaşına belə köçür. Rəvayət eləyirlər ki, kəndə bir öküz alan gəlir. Kərbəlayı İsmayıl deyir ki, sən kimsən, haralısan? Kişi cavab verir ki, bəs qızılvəngli Aşıq Quluyam, öküz almağa gəlmişəm.
Kərbəlayı İsmayıl deyir, sənə iki öküz versəm oğlumu şəyird götürərsənmi?
Deyir, niyə götürmürəm. Sövdələşirlər. Kərbəlayı İsmayıl Aşıq Quluya iki öküz verir, Niftalını da götürüb gedir.
Ərəb-fars dillərini mükəmməl bilən Niftalı beş il Aşıq Qulunun yanında şəyirdlik edir, fitri istedadı, qabiliyyəti, güclü hafizəsi sayəsində tezliklə saz-söz sənətinin sirlərinə bələd olur, səsi, ifası ilə tanınır, məşhurlaşır. Deyilənə görə, o, toylardan birində göstərdiyi məharətdən sonra karlı bir ustad şilləsi ilə mükafatlandırılır, ad-san qazanır. Söyləyicilər bu əhvalatı öz şivələrində danışıb, yazıda belə əbədiləşdiriblər:
“Bir gün toyda Aşıq Niftalı azarrıyıf yorğan-döşəyə düşür. Toyun şıdırğı vaxtı Aşıx Qulu gəlif deyir ki, a Niftalı, toy yaxşı getmir, özünü nətəhər hiss eliyirsən?
Niftalı bir stəkan çay içif paltarını dəyişir, sazı götürüf düşür meydana. Məclis təzədən qızışır. Aşıx Qulu söyündüyündən ağlayır. Duruf Aşıq Niftalının üzünə bir şillə çəkir.
Aşıx Niftalı ölənə kimi danışerdi ki, şilleyi elə çəkdi ki, gözümdən od çıxdı.
Deyir, a Qulu əmi, niyə məni vurdun? Axı mən pis oxumadım. Deyir, a bala, bu ustad şilləsidi.
Bunu hər adama vurmurlar. Sən ki, bu toyu belə keçirdin, sənə zaval yoxdu, innən
belə harda ağır məclis var - sənnikdir”.
Aşıq Niftalının şaqraq
səsinin, gur zənguləsinin səsi-sorağı
tezliklə Göyçədən
Tovuz, Gədəbəy,
Qazax, Borçalı mahalınacan yayılır.
Ustad aşıq Qazaxıstana, Özbəkistana, İrana
səfər edir, yaddaqalan məclislər aparır.
Aşığın balabançısı Pəmbəhli Əli deyirmiş ki, bir dəfə Aşıq Mikayılla Səmərqəndə getmişdik.
Səmərqəndin böyük
məmurlarından biri
qayıdır ki, a bala, Göyçədən
bura çox aşıqlar gəlib, balabançılardan bircə
səni, aşıqlardan
bircə Niftalını
heç kim
əvəz edə bilməyib.
Aşıq Niftalı dövrünün
tanınmış saz-söz
ustadları Aşıq
Əsəd, Aşıq
İmran, Aşıq
Mahmud, həmçinin Aşıq
Əkbər, Aşıq
Hüseyn Saraclı ilə dostluq edib. O, ömrü boyu dost olduğu Cilli Aşıq Yunusla çoxlu toylar, məclislər yola salmışdı.
Aşıq Niftalı böyük sənətkar olmaqla yanaşı, həm də Aşıq Məhəmmədəli, Aşıq
Kərim, Aşıq Mikayıl, Aşıq Sultanəli və başqalarının ustadı
olmuşdu.
Tarixdə ad qoymaq, yaddaşlarda,
xatirələrdə yaşamaq
hər kəsə nəsib olmur. Aşıq Niftalı bütün saz havacatlarını ustalıqla ifa etməklə bərabər,
24 dastanı mükəmməl
söyləyərmiş. Bu dastanlar arasında “Alıxan-Pəri”, “Əsli-Kərəm”,
“Abbas-Gülgəz”, “Qurbani”,
“Əmrah”, “Lətif şah”, “Tahir-Zöhrə”
aşığın ifasında
xalqın yaddaşına
hopar, hamı feyzyab olarmış.
Professor Qara Namazov yazır
ki, çox aşıqlar bilmədikləri
dastanı Aşıq
Niftalıdan öyrənərmişlər.
Üç gün, üç
gecə toy aparan sənətkar camaatın arzusu ilə istədikləri dastanı
söyləyər, çalıb-oxuyar,
yorulmaq bilməzmiş.
Söyləyicilərin verdiyi məlumatlara
görə, “Aşıq
Şenlik” dastanı
ilk dəfə Aşıq
Niftalının ifasında
səslənib və bu dastan onun
ifası ilə məşhurlaşıb. Ehtimal olunur
ki, Aşıq Niftalı bu dastanı iranlı aşıqdan öyrənib.
Xalqın yaddaşında Aşıq
Niftalıyla bağlı
xeyli rəvayətlər
yaşamaqdadır. Belə söylənilir
ki, bir gün
Gədəbəydə toy olur,
deyirlər ki, bu toya kimi
gətirək, axırda
Hüseyn Bozalqanlının
üstündə dayanırlar.
Gedib Hüseyn Bozalqanlını
evdə tapmırlar.
Bu dəfə Göyçədən Aşıq
Niftalını gətirməyə
gedirlər.
Bu yandan
da Hüseyn Bozalqanlı evə qayıdanda ona deyirlər ki, səni filan toya çağırırdılar.
O da atın başını döndərib
Gədəbəyə yollanır.
Gəlir
ki, toyda gözəl bir aşıq oxuyur.
Görür ki, aşığın
çox şirin səsi var, özü də Bozalqanlının şeirini
oxuyur. Bozalqanlı ayağa qalxıb
deyir ki, “A bala, bu kimin
sözüdür? Niftalı ədəb-ərkanla
cavab verir ki, ay dayı, bu Tovuzda bir
Hüseyn Bozalqanlı
var, onun sözləridir, çox gözəl aşıqdır,
onun sözünü həmişə oxuyuram”.
Hüseyn Bozalqanlı kim
olduğunu deməyib sonacan aşığa qulaq asır. Toy qurtaranda, durub
Aşıq Niftalının
üzündən öpür,
sən mənim qonağım olmalısan
- deyib onu Tovuza aparır. Bir rəvayət də belə yaranır.
Aşıq Niftalı boylu-buxunlu,
yaraşıqlı bir
insan olmaqla yanaşı, həm də səxavətli, əliaçıq bir bəndə imiş.
Bir gün onu toya
çağırırlar. Fikirləşir ki, kənddəki
aşıqlardan kimi tapım, yoldaş kimi özümlə aparım. Deyir, İsanı çağırsam
yaxşı olar.
Aşıq İsa da ot çalmağa, kərənti
çəkməyə gedibmiş.
Niftalını gəlib maşın
aparır, İsa gəlib çatmır.
Camaat danışır ki, Niftalı toydan gələndə maşını
birinci İsanın qapısında əylədir,
pulu İsa ilə tən yarı bölüb deyir ki, bu
gün qismətin vardı, gedə bilmədin, elə bil gedibsən.
Aşıq Niftalı 1942-1944-cü illərdə II Dünya müharibəsində iştirak
edir. Cəbhədə xüsusi fəallığı
ilə seçilən
aşıq boğazından
yaralanaraq ordudan tərxis olunur. Müharibədən qayıdandan sonra
bir müddət doğma kəndlərində
sinif müəllimi işləyir.
1949-cu ildə aşıqlar müsabiqəsində iştirak
edərək qalib adını qazanır,
1961-ci ildə III aşıqlar
qurultayının nümayəndəsi
olur.
Ustad sənətkar 1976-cı il sentyabrın 27-də
vəfat etsə də, onunla bağlı xalqın yaddaşına, ruhuna hopmuş xatirələr rəvayətə çevrilib
onu unudulmağa, yaddan çıxmağa qoymur.
Təranə
Vahid
Mədəniyyət.- 2013.- 19 iyul.-
S. 12.