Azərbaycan və
Özbəkistan uşaqların gözü ilə
İyulun 19-da Bakıda, İçərişəhər təsviri sənət yarmarkasında Dövlət Rəsm Qalereyasının, ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və “Artinvest” MMC-nin təşkilatçılığı ilə "Azərbaycan Özbəkistan uşaqlarının, Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə" adlı rəsm sərgisi açıldı. Qeyd edək ki, bu layihənin ilk sərgisi mayın 26-da, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi ərəfəsində Daşkənddə keçirilib.
Mərasimi Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov açaraq tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, belə layihələr, qarşılıqlı sənət tədbirləri, birgə sərgilər millətləri, xalqları bir-birinə daha da yaxınlaşdırır: “Daşkənddə təşkil etdiyimiz sərgi geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Qərara gəldik ki, sərgini Bakıda da təşkil edək. İnanırıq ki, nümayiş olunan rəsmlər izləyicilərin marağına səbəb olacaq”.
Özbəkistan paytaxtında fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirdi ki, rəhbərlik etdiyi qurum iki ölkənin mədəniyyət və turizm təşkilatları arasında əlaqələrin genişləndirməsi istiqamətində layihələrin həyata keçirilməsini qarşıya məqsəd qoyub. Mərkəz Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfələr verir. Vurğulandı ki, mərkəzdə rəsm, rəqs kursları açılıb və birgə mədəniyyət layihələri davam etdiriləcək. Yaxın günlərdə Azərbaycan və Özbəkistanın dövlət elmi tibb kitabxanaları arasında memorandum imzalanacaq.
Mərkəzin direktoru qeyd etdi ki, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında birgə əməkdaşlığa dair memorandumun imzalanması təklifi irəli sürülüb və hər iki tərəf bunu müsbət qarşılayıb: “Bundan əlavə, biz Özbəkistan mətbuatında Azərbaycan mövzusunun daha geniş şəkildə işıqlandırılmasına çalışırıq. Bu məqsədlə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən “Azərbaycan”, “Heydər Əliyev və Azərbaycan” və “Azərbaycan mədəniyyəti” mövzularında üç nominasiya üzrə müsabiqə elan edilib. Bu layihə Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq və qalibləri mükafatlandırılacaq”.
Sonra sərgiyə baxış oldu. Sərgidə Azərbaycan uşaqlarının Özbəkistana həsr olunmuş 25, Özbəkistan uşaqlarının Azərbaycana həsr olunmuş 25 rəsmi nümayiş olunurdu. Balacaların əl işləri maraqla qarşılandı.
Ceyhun
Mədəniyyət.- 2013.- 24 iyul.-
S. 5.