Xalq artisti Ramiz Əzizbəylinin 65 illik yubileyi qeyd olunub
Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
tanınmış aktyor
və rejissor, Xalq artisti Ramiz
Əzizbəylinin 65 illik
yubileyi qeyd olunub. Tədbirdə çıxış edənlər sənətkarın
yaradıcılığından söz açıb və ona xoş
arzularını çatdırıblar.
Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət
İnstitutunun mədəni-maarif
fakültəsini bitirib.
Uzun illərdir “Azərbaycanfilm”
kinostudiyasında çalışır.
1987-ci ildə “Debüt” studiyasında çəkdiyi
“Pirverdinin xoruzu” qısametrajlı bədii
filmi ilə rejissorluq fəaliyyətinə
başlayıb. Film bir neçə beynəlxalq kinofestivalda nümayiş olunub, Ukraynanın paytaxtı Kiyevdə keçirilən
ümumittifaq festivalında
rejissor debütünə
görə mükafata
layiq görülüb.
Ramiz Əzizbəyli 1991-ci ildə “Bəxt üzüyü” tammetrajlı
bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni
tariximizdə lentə
alınmış ilk ən
gəlirli kino işi kimi yadda
qalıb, Daşkənddə
keçirilən Asiya
və Latın Amerikası ölkələrinin
kinofestivalında xüsusi
diplomla mükafatlandırılıb.
Xalq artistinin rejissoru
olduğu “Yalan” bədii filmi Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün törətdiyi
faciələrə həsr
edilib.
Ramiz
Əzizbəyli Mədəniyyət və İncəsənət
Universitetinin professoru kimi yaradıcı gənclərin yetişməsinə
öz töhfəsini verir.
Hazırda səhhətində problemlər olan
yubilyara möhkəm
cansağlığı, yeni sənət
sevincləri arzulayırıq.
Mədəniyyət.- 2013.- 24 iyul.-
S. 5.