Türkiyə turizmdə
dünya üçlüyünə daxil olmaq niyyətindədir
Seyid Ahmet Arslan: “Azərbaycanda
turizmlə bağlı fərqli layihələr
reallaşdırırıq”
Azərbaycanlı turistlər həmişə olduğu kimi, bu il də Türkiyədə istirahət etməyə üstünlük verirlər. Bu barədə mətbuata açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri Seyid Ahmet Arslan məlumat verib.
Onun sözlərinə görə, turistlər Türkiyənin daha çox Antalya, Muğla, İzmir bölgələrinə səfər edirlər: «Azərbaycandan xüsusilə iyul, avqust və sentyabr aylarında turistlərin gəlişində artım müşahidə olunur. Təbii ki, bu da mövsümlə bağlıdır. Əslində Türkiyə azərbaycanlıların öz ölkəsidir. Azərbaycanlı qardaşlarımızın Türkiyənin hər bir bölgəsinə səfər etməsini diləyirik. Məsələn, onların diqqətinə Ədirnə və Mardini də çatdırmaq istəyirəm. Çünki bu yerlər tarixi memarlıq abidələri ilə zəngindir. Mardinin Midyat bölgəsi möhtəşəm bir yerdir. Bütün insanlar tarixi binalarda yaşayırlar. Mən Midyatın tarixi abidələrini, özəlliklə mətbəxini, yemək mədəniyyətini görməyi məsləhət görərdim».
Turizmlə bağlı Azərbaycanda fərqli layihələr reallaşdırdıqlarını, daha çox turist cəlb etmək məqsədilə ölkəmizdə reklam kampaniyasına başladıqlarını deyən müşavir bildirib ki, Türkiyənin təbiəti bütün turizm növlərinə imkan yaradır: «Yay mövsümü öncəsi mətbuatda, Bakının mərkəzində böyük monitorlarda, avtobuslarda, «London» taksilərində reklamlar yerləşdirdik. Türkiyə turizmi təkcə dəniz, qum və günəşdən ibarət deyil. Türkiyənin digər görməli yerləri ilə bağlı reklamları ön plana çıxardıq. Türkiyə Antalya, Bodrum və ya İzmirdən ibarət deyil. Türkiyənin dünyada bənzəri olmayan bir Kapadokyası var. Buraya daha çox yaponlar, amerikanlar, çinlilər maraq göstərirlər, çünki burada bir mədəni-tarixi turizm var. Kapadokyada insan tarixə qayıdır, o zaman insanların sosial yaşantısını təsəvvür edir”.
Müşavir bildirib ki, 2012-ci ildə
Türkiyəyə 32 milyon turist gəlib. Bunun 10 milyonu Antalya,
10 milyonu İstanbul, 10 milyonu da İzmir, Muğla, Kapadokya,
Ədirnə, Urfa, Mardin, Qara dəniz sahillərinin payına
düşür».
O, Türkiyə turizminin
inkişafına toxunaraq bildirib ki, ölkə hazırda
dünya üzrə 6-cı sırada yer alır, hətta
İngiltərəni də qabaqlayır: “Gələcəkdə
Türkiyə turizm sahəsində dünyada ilk beşliyə,
bəlkə də ilk üçlüyə daxil olacaq. Həm
də dünyanın sərnişin tranziti mərkəzinə
çevriləcək. Ona görə də
qarşıdakı illərdə Türkiyə turizmində
böyük yüksəliş gözləyirik”.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2013- 24 iyul.-
S. 6.