“Mədəniyyət
xalqları yaxınlaşdırmaq üçün
ən gözəl vasitədir”
Rathakit Manathat: “Azərbaycan və Tailand qədim və zəngin mədəniyyətə malikdir.
İki xalqın mədəniyyətində bir
çox oxşarlıqların
olması bir-birimizi daha yaxından tanımağa kömək
edir”
Azərbaycan Respublikası ilə
Tailand Krallığı
arasında diplomatik münasibətlər 1992-ci ildə
qurulsa da, ikitərəfli əlaqələrin
inkişafı əsasən
son illərə təsadüf
edir. İki ölkənin illik
ticarət dövriyyəsi
təxminən 150 min dollar təşkil
edir. Müqavilə-hüquq bazası hələlik
iki ölkənin Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında
protokoldan ibarətdir.
Son illər bir
neçə qarşılıqlı
səfər gerçəkləşib,
o cümlədən 2011-ci ilin
aprelində Bakıda keçirilən I Dünya
Mədəniyyətlərarası Dialoq Forumunda Tailandın mədəniyyət
naziri Nipit İntarasombutun rəhbərlik
etdiyi nümayəndə
heyəti iştirak edib. Tailand Krallığı 2013-cü ilin mayında Bakıda gerçəkləşən
II Dünya Forumunda da təmsil olunub. 2012-ci ilin noyabrında Tailandın, iqamətgahı
Türkiyə olmaqla, eyni zamanda Azərbaycana
yeni təyin olunmuş səfiri Rathakit Manathat etimadnaməsini Azərbaycan
Prezidentinə təqdim
edib.
Hazırda isə ikitərəfli
əlaqələr müxtəlif
istiqamətlərdə, eləcə
də mədəniyyət
və turizm sahəsində inkişaf etdirilir. Bu günlərdə
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Bakıda, Gənc Tamaşaçılar Teatrında
keçirilən “Tailand
təcrübəsi - 2013” adlı
mədəni tədbir
ikitərəfli münasibətlər
üçün əlamətdar
hadisə oldu. Fürsətdən istifadə edib
Tailand Krallığının
Türkiyə və Azərbaycandakı səfiri
Rathakit Manathata bir neçə sual ünvanladıq.
- Cənab səfir, Azərbaycanla Tailand arasında münasibətlər necə
inkişaf edir?
- Ölkələrimiz
arasında səmimi əməkdaşlıq qurulub.
Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycan Cənubi Qafqazda Tailandın vacib tərəfdaşıdır.
Azərbaycanın isə öz
növbəsində Cənub-Şərqi
Asiya regionu ilə əməkdaşlığa
böyük önəm
verməsi bizi çox sevindirir. İkitərəfli münasibətlərimizin əsasını iqtisadi əlaqələr təşkil
edir. Lakin eyni zamanda xalqların bir-biriləri ilə daha yaxın
ünsiyyət qurmalarında
mədəni əlaqələr
də mühüm yer tutur.
- Yəqin ki, “Tailand təcrübəsi
- 2013” layihəsini mədəni
əməkdaşlıqda ilk tədbir hesab etmək olar.
- Əgər
biz ikitərəfli əməkdaşlığın
inkişafından danışırıqsa,
xalqlarımız arasında
mədəni əlaqələrin
qurulması, onların
bir-birlərini yaxından
tanımaları çox
vacibdir. Azərbaycanla Tailand arasında diplomatik əlaqələr
1992-ci ildə qurulub, qarşılıqlı əlaqələr
isə son illərdə
təşəkkül tapmağa
başlayıb. Bu baxımdan mədəniyyət
sahəsinə xüsusi
önəm veririk.
Sevindirici haldır ki, Mədəniyyət və Turizm Nazirliyi bizim Bakıda belə bir tədbir keçirmək təşəbbüsümüzə
dəstək verdi. Tədbirin məqsədi Tailand
incəsənətinin, mədəniyyətinin
unikallığını Azərbaycan
tamaşaçısına göstərmək idi.
Bu, Bakıda Tailand
mədəni irsinin
ilk təqdimatı idi.
Ümumiyyətlə, belə tədbirlər
vasitəsilə insanlar
bir-birilərini daha yaxından tanıyırlar,
tarixlərinə, mədəniyyətlərinə
bələd olurlar.
“Tailand təcrübəsi”
tədbirində təşkil
edilən sərgiyə
insanların maraq göstərməsi məni
fərəhləndirdi. Azərbaycanlılar bizim musiqilərimizi
canlı şəkildə
dinləmək, əl
işlərimizi görmək
imkanı əldə etdilər. Hesab edirəm ki,
qarşılıqlı səfərlər,
belə tədbirlər
mədəniyyət və
turizm əlaqələrini
inkişaf etdirmək üçün gözəl
vasitədir. Bir sözlə,
tədbir əməkdaşlığımızın
bariz nümunəsi oldu.
Biz Azərbaycanı
Avropaya açılan
bir qapı hesab edirik. Ona görə də Azərbaycanda diplomatik nümayəndəliyin açılmasını
da müzakirə edirik. Mən deyərdim ki,
Azərbaycana səfərim,
eyni zamanda bu tədbir artıq iki dövlətin insanlarının
bir araya gəlməsi, tanışlığıdır.
Ümid edirəm ki, gələcəkdə ölkələrimizdə
qarşılıqlı olaraq
mədəniyyət günləri
də keçiriləcək.
Çünki Azərbaycan və
Tailand qədim və zəngin mədəniyyətə malikdir.
İki xalqın mədəniyyətində
bir çox oxşarlıqların olması
bir-birimizi daha yaxından tanımağa kömək edir. Çünki mədəniyyət xalqları yaxınlaşdırmaq
üçün ən
gözəl vasitədir.
- Azərbaycan mədəniyyətinin də
Tailandda tanıdılması
üçün belə
tədbirlərin təşkili
nəzərdən keçirilirmi?
- Bu, əhəmiyyətli
məqamdır və mən bunu çox
istərdim. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Tailanda səfər etməsini istərdik. İstərdik ki, Azərbaycan
da bizim ölkəmizdə belə
bir mədəniyyət
tədbiri keçirsin.
Tailand Asiyanın bir hissəsidir. Azərbaycan bizim
ölkə vasitəsilə
öz imkanlarını
böyük bir regionda təqdim edə bilər. Tailand həm də inkişaf etmiş turizm ölkəsidir.
Bu baxımdan Azərbaycandan çoxlu sayda turistin Tailanda səfər etməsini istərdim.
- Sizcə, Azərbaycan turisti üçün Tailandda cəlbedici ola
biləcək məqamlar
hansıdır?
- Tailandı hər il
milyonlarla turist ziyarət edir. Tibbi turizm, biznes turizmi ölkəmizə daha çox insan cəlb edir. Tailanda gələn turistlər
qonaqpərvərliklə, isti
münasibətlə rastlaşırlar.
Tailandda dəniz sahilində dincəlmək də çox əlverişlidir.
Ölkəmizdə çimərlik turizmində
ən yüksək xidmət mövcuddur.
Mən böyük məmnuniyyətlə
Azərbaycanla Tailand arasında turizm əlaqələrinin qurulmasını,
genişləndirilməsini istərdim. Bizim ölkəmizin turist
sənayesi uzun illərdir ki, qurulub, bu sahədə
böyük təcrübəmiz
var. İstərdik ki,
qarşılıqlı təcrübə
əsasında əlaqələrimizi
genişləndirək. Azərbaycanlılar da özlərini
asiyalı hesab edirlər. Müasir Mərkəzi Asiya
regionu ölkələrində
indi qaz və neft sahəsi
geniş inkişaf edib. Azərbaycan da həmçinin
dünyaya neft ixrac edən ölkələrdən biridir.
Tailandda bu sahədə çoxlu sahibkarlar var. Deməli, bizim əməkdaşlığımız üçün çoxlu
imkanlar mövcuddur.
- Səfir kimi Azərbaycana ara-sıra gəlirsiniz. Ölkəmizin tarixi məkanlarına,
regionlarımıza baş
çəkmək imkanınız
olubmu?
- Mən artıq dördüncü dəfədir ki, Azərbaycana gəlirəm. Bakını gəzmişəm, dəniz sahilində olmuşam. İçərişəhər və oradakı qədim karvansaralar, hamamlar, xüsusilə Qız qalası çox xoşuma gəldi. Azərbaycanda olmağımdan çox məmnunam və bura tez-tez gəlmək istərdim. Səfər proqramım həmişə çox sıx olur və ona görə hələlik bölgələrinizə gedə bilməmişəm. Mənim Bakıda çoxlu insanlarla görüşlərim olub və onlarla qarşılıqlı investisiya məsələlərini müzakirə etmişik. İstərdim ki, gələn səfərlərimdən birində ölkənin görməli yerlərinə səfərlər edim. Bakı təkcə Azərbaycan deyil. Digər şəhərləri gəzmək və onların özəlliklərindən zövq almaq istərdim. Burada Azərbaycan mətbəxinin də dadına baxdım və zövq aldım. Azərbaycanlılar çox xoşuma gəlir. Onlar da bizim insanlar kimi qonaqpərvər, istiqanlıdırlar. Ölkəyə gələn əcnəbilərə kömək etmək istəyirlər. Deyərdim ki, bax elə bu da xalqın özəlliklərindən biridir.
Mehparə
Mədəniyyət.- 2013.- 24 iyul.-
S. 7.