“Ölkəmizdəki
inkişafı hər bir sahədə görürük”
Prezident İlham Əliyev ölkənin şimal bölgəsinə səfəri
zamanı yeni mədəniyyət
ocaqlarının açılışında iştirak
edib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-19-da ölkənin şimal bölgəsinə - Siyəzən, Xaçmaz və Şabran rayonlarına səfər edib. Dövlət başçısı səfər çərçivəsində bir sıra infrastruktur, sosial və mədəniyyət obyektlərinin açılışında iştirak edib, bölgələrdə həyata keçirilən quruculuq və abadlıq işləri ilə tanış olub.
Prezident Siyəzən şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Mərkəzin yerləşdiyi ərazi Siyəzən şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yaradır.
Ulu öndərin adını daşıyan prospektdə inşa edilən Heydər Əliyev Mərkəzi həm də şəhərin görünüşünə əlavə gözəllik qatır. Üç mərtəbədən ibarət Mərkəz müasir orijinal layihə əsasında inşa edilib. Burada dünya şöhrətli siyasi xadimin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Mərkəzdə Prezident İlham Əliyevin Siyəzənə səfərləri ilə bağlı fotoguşə də yaradılıb.
Binanın birinci mərtəbəsində muzey, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcək. İkinci mərtəbədə konfrans zalı, dizayn və rəsm studiyaları, sərgi salonu var. Üçüncü mərtəbədə isə müasir internet klub, kitabxana və xarici dil öyrədən kurslar yaradılıb.
Prezident İlham Əliyev açılışdan sonra sakinlərlə görüşüb. Bu gün Azərbaycanın bütün bölgələrində quruculuq və abadlıq işlərinin getdiyini diqqətə çatdıran dövlət başçısı ölkənin artan imkanlarının daha geniş layihələrə zəmin yaratdığını vurğulayıb: “Bu gün Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkədir. Azərbaycan iqtisadiyyatı inkişaf edir, bölgələr inkişaf edir. Biz bu inkişafı hər bir sahədə görürük. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı da ümumi işimizdə çox vacib bir vasitədir. İkinci Dövlət Proqramı artıq bu ilin sonuna qədər başa çatacaqdır. Gələn il üçüncü Dövlət Proqramı qəbul ediləcəkdir. Bu müddətdə bölgələrdə əsas infrastruktur layihələri öz həllini tapmalıdır”.
Xaçmaz
Tarix-Diyarşünaslıq Muzeyinin
açılışı
Prezident İlham Əliyev iyulun 19-da Xaçmaz rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından bölgələrdə belə muzeylərin yaradılması mühüm əhəmiyyət kəsb edir. Xaçmaz şəhərinin Heydər Əliyev prospektində, Şəxsiyyətlər Muzeyinin ərazisində inşa edilən muzeydə həm ölkəmizin, həm də rayonun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.
İki filial və yeddi şöbədə fəaliyyət göstərən muzeyin 1930-cu ildə tikilən binası artıq istismar müddətini başa vurmuş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Xüsusi memarlıq üslubunda tikilən yeni bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqlarla təchiz edilib.
Binanın foyesində ümummilli liderin, eləcə də dövlət başçısı İlham Əliyevin müxtəlif illərdə Xaçmaz rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Muzeyin birinci mərtəbəsində İstiqlal bölməsi yerləşir. Burada dövlətçilik tariximiz dövrlər üzrə əksini tapıb. İkinci Dünya müharibəsinə aid eksponatlardan da zəngin tarixi məlumatlar əldə etmək mümkündür. Müharibə illərində Xaçmaz rayonundan 8 min 739 nəfər döyüşlərdə iştirak etmiş, onlardan 2 min 800-ü həlak olmuşdur. Muzeydə döyüş iştirakçılarına aid döş nişanları, orden və medallar nümayiş olunur. Bu bölmədə həmçinin 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinə aid eksponatlar da var. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Xaçmaz rayonundan 226 nəfər şəhid olub, bir nəfər Milli Qəhrəman adına layiq görülüb.
Ayrı-ayrı dövrlərə aid pul nümunələrindən ibarət numizmatika guşəsi də muzeyə gələnlərdə maraq doğurur. Muzeyin ikinci mərtəbəsindəki tarix-etnoqrafiya bölməsində müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yer alıb. Rayonun ərazisində 28 qədim kurqan aşkarlanıb. Ehtimal olunur ki, qədim türklərə aid olan kurqanların 4 min il yaşı var. Rayonun Ləcət kəndi ərazisində aparılan qazıntılar zamanı e.ə. I minilliyə aid saxsı küp aşkarlanıb. Muzeydə yaradılan dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və məşğuliyyətini əks etdirir.
Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir.
Muzeydə ideoloji tədris bölməsi də yaradılmışdır. Burada Azərbaycan tarixinə, görkəmli şəxsiyyətlərə və dövlətçiliyimizə həsr edilmiş filmlər nümayiş olunacaq. Eksponatların bərpası və qorunması məqsədilə xüsusi otaqlar da var. Gələcəkdə muzeyin birinci mərtəbəsində rəsm qalereyası yaradılacaq.
Qədim memarlıq irsi və müasir inkişaf
Dövlət başçısı Şabran
rayon mərkəzindəki Bayraq
meydanında yaradılan
şəraitlə də
tanış olub. Azərbaycanın əksər bölgələrində
olduğu kimi, Şabranda da yeni yaradılmış Bayraq meydanı ölkəmizdə dövlət
atributlarına hörmət
və ehtiramın ən yüksək səviyyədə olmasının
əyani sübutudur.
Meydan Şabranın giriş hissəsində yerləşir.
Ərazidə geniş abadlıq
işləri aparılıb,
əhalinin istirahəti
üçün hər
cür şərait yaradılıb.
Meydan inşa olunarkən
burada Azərbaycan memarlıq məktəbinin
elementlərindən geniş
istifadə edilib.
Meydandakı binada Azərbaycanın dövlət
atributları, Şabran
rayonunun emblemi və qədim xəritəsi, üçüncü
mərtəbədə bölgənin
xalçaçılıq sənətinin tarixi ilə bağlı ekspozisiya, dördüncü
mərtəbədə “Xınayaxdı”
folklor xalq kollektivinin dekorativ xalq tətbiqi sənəti nümunələri,
beşinci mərtəbədə
rayonun həvəskar rəssamlarının yağlı
boya ilə çəkilmiş əsərləri
nümayiş etdirilir.
Mədəniyyət.- 2013.- 24 iyul.-
S. 8.