On bir ayın sultanı bədii sənətdə
Sevin,
ey xəstə könül, mahi Ramazan gəldi,
Bu mübarək Ramazan dərdlərə dərman gəldi.
Ramazan hicri-qəməri
təqvimində ayların doqquzuncusudur. Müqəddəs
Qurani-Kərimin nazil olduğu Ramazan eyni zamanda “on bir ayın
sultanı” kimi mübarək bir adla dəyərləndirilir.
Bu, müsəlmanların oruc tutmaqla mükəlləf
olduqları, dinimizdə uca və müqəddəs qəbul
edilən bir aydır.
Sovet hakimiyyəti
dövründə İslamın başqa ayin və ibadətləri
kimi, orucluq da qadağan idi. Lakin imanlı
adamlar, gizlicə də olsa, öz borclarını yerinə
yetirirdilər. Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan
azadlığı bərpa olundu, İslam dininə münasibət
də dəyişdi. Milli Məclisin qəbul etdiyi 1992-ci
il 27 oktyabr tarixli "Azərbaycan
Respublikasının bayramları haqqında" qanununa əsasən,
Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur. Xalqın milli-mənəvi dəyərlərində,
mənəviyyat yaddaşında isə bu bayram əsrlərdir
yaşayır.
Ramazan ayı ilə bağlı sənət
və ədəbiyyat nümunələri də az deyil. Bu mövzuya
aydınlıq gətirmək üçün öncə Azərbaycan
Dövlət Televiziyasının “Məclisi-üns”
verilişinin aparıcısı, şair, tədqiqatçı
alim Ələmdar Mahirə müraciət etdik. Tədqiqatçı
bildirdi ki, klassik ədəbiyyatımızda Ramazanla
bağlı nümunələrə Məhəmməd
Füzuli yaradıcılığında daha çox rast gəlirik:
“Hamımız bilirik ki, Füzuli dindar şair olmuşdur və
22 il Kərbəlada Həzrəti İmam Hüseyn məscidində
təmənnasız xidmət göstərmişdir. Ramazan ayının irfani mənası
yaradılışla (xilqətlə) əlaqəni kəsib
yaradanla (xaliqlə) əlaqəyə girməkdir. Bu ayda olan fəzilət heç bir ayda yoxdur. Allah-təala bu ayda rəhmət qapılarını
bəndələrinə açır. Cabir
Novruzun sözü ilə desək, “Azərbaycan şeirinin
polad özülü, polad təməli” olan Füzulinin 295 qəzəli
içərisində Ramazana həsr edilmiş iki qəzələ
rast gəlmək olur”.
Həmsöhbətim
deyir ki, bu qəzəllər irfani olsalar da, çox
böyük mənaları əks etdirir. Qəzəlin
biri belə başlayır:
Ramazan oldu, çəkib şahidi-mey pərdəyə ru,
Mey üçün cəng tutub təziyə
açdı geysu.
Digər qəzəl
isə xüsusi qafiyələrlə yazılıb. Həmin qəzəldə də Ramazan ayının
bütün özəllikləri öz əksini tapıb.
Azərbaycan ədəbiyyatında Ramazana həsr
edilən şeir nümunələri içərisində bəlkə
də ən böyük örnək həmin qəzəllərdir.
Bu iki qəzəlində Füzuli Ramazanı rəmzləşdirib
desək, yanılmarıq.
Ramazan ayını tərənnüm
edən ədəbi nümunələrə klassiklərimizdən
Xaqaninin, Nizaminin əsərlərində də rast gəlmək
mümkündür. XII əsrdə Nizami deyirdi:
Yenə
tövbə evimi eşq xərab etmədədir,
Aşıq iftarını sevda meyi-nab etmədədir.
Sözsüz ki, bu sətirdə
şair Ramazan ayına işarə edərək bir növ
fikri əlaqələndirmişdir. Xətai,
Qazi Bürhanəddin və digərlərinin
yaradıcılığında da Ramazan ayı ilə
bağlı nümunələrə rast gəlmək
mümkündür. Adlarını qeyd
etdiyimiz şairlərin yaradıcılıqlarında ramazanla
bağlı rast gəldiyimiz fikirlərdən biri də budur
ki, Ramazan ayında bir illət var. Yəni bu ayda iki növ oruc
tutanlara rast gəlmək olur. Bunların
bir qismi oruc tutaraq hal sahibi olanlar (yəni bundan zövq alanlar),
digər qismi isə hal tapmayanlardır. Birinci
qisim orucluğun uzanmasını istəyər, ikinci qisim isə
tez bitməsini. Orucluğun hikməti də
bundadır ki, 30 günü sayırsan, amma ay sona çatanda
bitdiyinə heyfsilənirsən. Bu mənada rast gəldiyimiz
beytlərdən birində Ramazanın bitməməsini
arzulayan müəllif belə yazır:
Tuta
bilsəydim, su içməzdim, qılardım dəfini
Ruzənin
ki, anbaan xurşidimə eylər rəva.
Tədiqiatçı
alim qeyd edir ki, müasir dövrdə əruzda yazan şairlər
arasında bu mövzuya müraciət edənlər
çoxdur. Ədəbiyyatımızda əlinə qələm
alan, əruzda yazan şairlərin
yaradıcılığında bütöv qəzəllə
yanaşı, beytlərə də rast gəlinir.
Onu da qeyd edək ki, Hacı Ələmdar
Mahirin özünün yazdığı əsərlər
sırasında Ramazana həsr edilmiş və dilinin səlisliyi,
sadəliyi ilə seçilən “Ramazan gəldi” adlı qəzəl
də geniş oxucu kütləsi tərəfindən rəğbətlə
qəbul edilib:
Sevin,
ey xəstə könül, mahi Ramazan gəldi,
Bu mübarək Ramazan dərdlərə dərman gəldi.
Yenə
öz süfrəsin açmış bu mübarək
gündə,
Yenə həllaqi cahandan yerə ehsan gəldi.
Filologiya elmləri
doktoru Vüqar Əhməd də mövzu ilə bağlı
fikirlərini bizimlə bölüşdü. Onun
sözlərinə görə, klassik ədəbiyyatda Makulu Pənahinin,
Xiyabaninin yaradıcılığında, H.Sarabskinin “Köhnə
Bakı” əsərində, Mövlud Süleymanlının əsərlərində
Ramazanla bağlı səhifələrə rast gəlmək
mümkündür. Mirzə Ələkbər Sabirin:
Tutdum orucu irəmazanda.
Qaldı iki gözlərim qazanda.
Mollam
da döyür yazı yazanda,
- misralarıdır ki, satirik formada deyilsə də,
xalqın dilində əzbər olan nümunədir.
Onu da qeyd edək ki,
Vüqar Əhməd “Mübarək Ramazan” şeirinin müəllifidir
və bu şeirə Yaşar Cahid tərəfindən
mahnı da bəstələnib.
Muğamlarımız
üzərində Ramazan bayramını tərənnüm edən
qəzəllərin söylənməsi də diqqətdən
kənarda qalmamalıdır. Milli Konservatoriyanın
muğam şöbəsinin müəllimi, xanəndə Aqil
Məlikov bu barədə söhbətimiz zamanı bildirdi ki,
İslamda musiqinin xüsusi yeri var: “Əlbəttə ki, əgər
yazılan əsər mənəviyyata xidmət edirsə, ədəb-ərkan
aşılayırsa, niyə də səslənməsin. Dini-ruhani musiqilərdə hədəf insanın
kamilləşməsi və mənəvi saflaşmasına
xidmətdən ibarətdir. Bir neçə il əvvəl Yaşar Cahidin Vüqar Əhmədin
sözlərinə bəstələdiyi “Mübarək Ramazan”
adlı mahnını ifa etdik. Sözlər heca
vəznində, nəsihətamiz ruhda yazılmışdı.
Məncə, burada əsas məqsəd zəmanənin,
mühitin nəbzini tutmaq və Ramazanın fəlsəfəsini
insanlara çatdıra bilməkdir. Musiqini
bəstələyəndə də bu fəlsəfəni
qoruyub saxlamağı bacarmaq lazımdır. Mənəvi keyfiyyətləri yaratmaqdan ötrü
min illər tələb olunur, onları dağıtmağa isə
üç-beş gün yetərlidir. Buna
görə də Ramazanla bağlı musiqiləri dinləyəndə
də, bəstələyəndə də
çalışmaq lazımdır ki, dinləyici onu qavraya
bilsin. Həzrət Əli buyurmuşdur ki,
“Hər kəs öz zəmanəsinin övladıdır”.
Zəmanənin nəbzini tuta bilən, eyni
zamanda, Ramazanın özəlliyini çatdıra bilən əsərlər
ərsəyə gəlməlidir. Müəyyən
musiqi janrları var ki, bunlar insanı Allah məqamına
yetişdirmək üçündür. Məncə,
Ramazan bayramına həsr edilən musiqilər də buna xidmət
etməlidir”.
Aşıq
yaradıcılığında da Ramazanın tərənnümünə
yer ayrılıb. Tanınmış folklorşünas
alim, professor Məhərrəm Qasımlı bizimlə
söhbətində bildirdi ki, sovet dövründə həmin
nümunələr sandıqda saxlandığı
üçün geniş ictimaiyyət onlarla yaxından tanış deyil. Alim onu bildirdi
ki, bu mövzu ilə əlaqədar geniş araşdırma
aparacaq və gəldiyi qənaəti, əldə etdiyi məlumatları
bizlərlə bölüşəcək.
Filologiya üzrə fəlsəfə
doktoru, sufi aşıq Fəxrəddin
Salimin sözlərinə görə, müasir aşıq
yaradıcılığında bu mövzuya müraciət edənlər
azlıq təşkil edir. Uzun müddət
kommunist rejimində yaşayan insanlar bu mövzudan kənarda
qalmışlar. Aşıq Ələsgər
yaradıcılığında Ramazanla bağlı sətirlərə
rast gəlmək mümkündür. Onun “Dünyada”
adlı şeirində bu cümlələrə rast gəlirik:
Sirat,
sual qabaqdadı, nədamətdi dünyada!
Kəlməyi-şəhadət lazımdı, ölən
vaxtı dünyada.
Tut
orucun, qıl namazın, şükür eylə Allaha.
Qul
olma dünya malına, qalacaqdı dünyada.
Ədəbiyyatdan fərqli olaraq, təsviri
sənətdə Ramazan mövzusuna az rast
gəlinir. Ötən əsrin əvvəllərinə
nəzər salsaq, təkcə Əzim Əzimzadə
yaradıcılığında bu mövzuda bir nümunəni
qeyd etmək olar. Rəssam tərəfindən
çəkilmiş “Varlı evində Ramazan bayramı”
(kağız, akvarel, tuş) adlı əsər hazırda Azərbaycan
Milli İncəsənət Muzeyində saxlanılır.
Sənətşünas, Əməkdar
incəsənət xadimi Ziyadxan Əliyev rəssamlıq sənətində
Ramazanın tərənnümü haqqında danışarkən
2006-cı ildə keçirilən “Bayramdan bayrama” adlı sərgisində
ilk dəfə bu mövzuya müraciət edildiyini söylədi:
“Ramazan bayramına həsr edilən bu sərgidə rəngkarlıq
və qrafika əsərləri nümayiş etdirilirdi. Uzun illərin
fasiləsindən sonra Asim Səmədovun “Ayla danışan
qız”, Məmməd Səfəroğlunun “Axşam”,
“Zülfiqar”, Nağdəli Xəlilovun “İslam
işığı”, Faiq Əkbərovun “Niyyət
ağacı ilə avtoportret”, Eldar Mikayılzadənin “On
dörd məsum”, “12 imam”, “Namaz”, Rafael Muradovun “Sirri xuda” əsərləri
geniş ictimaiyyətə təqdim olundu. Hazırda
müstəqilliyimizin 22-ci ilini yaşayırıq, ölkəmizdə
vicdan və din azadlığı bərqərar olub. İnanıram ki, sənət adamlarımız bu
mövzuda yeni əsərlər yaradacaqlar”.
Uzun illər dinin qadağan edildiyi
cəmiyyətdə az da olsa Ramazanla
bağlı nümunələr yaradılaraq
yaşadılmışdır. Mövzu çərçivəsində
əldə edə bildiyimiz məlumatlarla sizləri də tanış etmək istədik. Nəsillər
bir-birini əvəz edəcək, bəlkə də nə
vaxtsa Ramazan bayramına həsr edilmiş ən möhtəşəm
bəstə, şeir və rəsm əsəri Azərbaycan bədii
sənət ustalarına məxsus olacaq...
Lalə
Azəri
Mədəniyyət.- 2013.- 24 iyul.- S. 11.