“Muğama sevgi bizi bir araya gətirib”
“Aypara” muğam
üçlüyünün üzvləri ilə söhbət
Onların hər
üçünü sənətə muğam sevgisi gətirib.
Hər üçü gənc olsa da, artıq
uğurları ilə tanınırlar. Geniş
tamaşaçı rəğbəti qazanan “Qarabağ”
muğam triosu üzvlərinin yetirmələridir. Xanəndə
Aytən Məhərrəmova Xalq artisti Mənsum
İbrahimovun, Ədalət Behbudov Əməkdar artist
Elçin Həşimovun (tar), Pərviz Fərhadov isə
Əməkdar artist Elnur Əhmədovun (kamança) tələbəsidir.
Birgə ideya ilə “Aypara” muğam
üçlüyünü yaradıblar. 2009-cu
ildən fəaliyyət göstərən qrup respublika və
beynəlxalq səviyyəli müsabiqə, festival və tədbirlərdə
iştirak edərək Azərbaycan muğamının gənc
təmsilçisinə çevrilib.
- Yaratdığınız
muğam üçlüyündən söz düşəndə
öncə 2011-ci ildə II Respublika muğam müsabiqəsində
uğurlu çıxışlarınız yada
düşür...
Aytən Məhərrəmova: Heydər
Əliyev Fondunun, Mədəniyyət və Turizm, Təhsil
nazirliklərinin və Azərbaycan Milli
Konservatoriyasının təşkilatçılığı
ilə keçirilən bu müsabiqəyə 18
yaşından 35 yaşınadək ifaçılar
qatılmışdı. Böyük rəqabət
var idi. Müsabiqədə “Aypara” muğam
üçlüyü olaraq iştirak etdik və qalib olduq.
2005-ci ildə “Muğam” televiziya müsabiqəsində
laureat olsam da, respublika müsabiqəsində fərqlənməmişdim.
O vaxt bizim birgə fəaliyyətimiz yox idi. “Aypara”
2009-cu ilin dekabrında yarandı. Həmin
vaxtdan sənət yoldaşlarımla əl-ələ verib
özümüzü ikinci müsabiqəyə
hazırladıq. Musiqiçi kimi
formalaşmağımda ustadıma - gözəl sənətkarımız
Mənsum İbrahimova borcluyam. Təbii ki,
həmkarlarımın da öz müəllimlərinə
böyük minnətdarlıq borcu var.
- “Aypara” muğam
üçlüyü olaraq birgə fəaliyyət göstərmək
ideyası necə yarandı?
Pərviz Fərhadov:
Özümüzü “Qarabağ” triosu üzvlərinin gənc
davamçıları kimi görürük. Təbii
ki, onlar da müəllim kimi bizim uğurlarımızla fəxr
edirlər. Üçlük
yaranmamışdan əvvəl onların da xeyir-duasını
aldıq. Bəlkə də müəllimlərimiz
birgə fəaliyyətimizin uğurlu olacağını
görürdülər deyə bizi ikinci muğam
festivalına hazırladılar, bizə hərtərəfli dəstək
oldular. Tamaşaçıların sevgisi,
alqışları göstərdi ki, birgə fəaliyyətimiz
uğurlu alınır. Əvvəllər dost olmuşuq.
Eyni illərdə Milli Konservatoriyada təhsil
almışıq. “Gəncləşən
muğam” birinci layihəsindən bir yerdə fəaliyyət
göstəririk. Çıxışlarımız
rəğbətlə qarşılandı və hər
üçümüz bunun fərqində idik. Qərara gəldik ki, birgə fəaliyyətimizi
davam etdirək.
Ədalət Behbudov: Qrup
yaranmamışdan öncə həmkarım Pərvizlə
müxtəlif layihələrdə iştirak edirdik. Azərbaycan Milli Konservatoriyasının dəstəyi
ilə Rusiya Federasiyası Buryatiya Respublikasının Ulan-Ude
şəhərində keçirilən “Avrasiya səsləri”
V beynəlxalq festivalına qatıldıq. Rus xalq mahnısı “Kalinka”nı
“Bayatı-Şiraz” muğamı ilə improvizə etdik və
maraqla qarşılandı. 2012-ci ildə
“Avrasiya səsləri” VII beynəlxalq festivalda isə “Aypara”
triosu şəklində iştirak edib qalib adını qazandıq.
II respublika muğam müsabiqəsində
uğurdan sonra Bakıda keçirilən II beynəlxalq
muğam müsabiqəsinə vəsiqə qazanaraq Azərbaycanı
təmsil etdik.
- Bəs “Xətrinə dəymərəm”
diski necə ərsəyə gəldi?
Aytən Məhərrəmova:
2011-ci ildə «Xətrinə dəymərəm» adlı yeni
diskimiz işıq üzü gördü. Bu
mahnı vaxtilə mərhum sənətkar Gülağa Məmmədovun
ifasında ansambl müşayiəti ilə oxunub. Biz isə həmin mahnını üçlüklə
ifa etdik. Bu, artıq yenilik idi.
Çox adam buna risk edə bilməzdi. Çünki ansambl müşayiəti ilə ifa
daha dolğun alınır. Amma bizim
ifamız da dinləyənlər tərəfindən maraqla
qarşılanır. Həmçinin Məmmədbağır
Bağırzadənin ansamblın müşayiəti ilə
ifa etdiyi «Darıxıram» mahnısını da
üçlüklə ifa etdik. Təbii
ki, bu ifalar zamanı ustadlarımızla məsləhətləşmişik.
Bilirsinizmi, artıq zaman dəyişib. Musiqiləri yeni formada təqdim etməliyik. Çünki insanlar həmin ifanı eşitməyə
öyrəşiblər. İndi onlara fərqli
formada təqdimat lazımdır. Mən «Kəsmə
şikəstə» ritmik muğamının sonluğuna bir
bayatı əlavə etmişəm. Əgər
gözəllik verəcəksə, biz ifamıza o yenilikləri
gətirməyə çalışırıq.
Pərviz Fərhadov: Yeri gəlmişkən,
biz bu diskin təqdimatını TRT-Avaz kanalında etdik. Özümüz üçün repertuar
formalaşdırmışıq. Səfər
etdiyimiz ölkələrdə
çıxışlarımızı təkrar dinləmək
istəyənlərə diski hədiyyə edirik. Əsasən qədim mahnılara üstünlük
veririk. Qədim musiqilər,
muğamlarımız çox zəngindir. Eyni zamanda improvizələr, yeniliklər etməyə
çalışırıq.
- İştirak etdiyiniz
bütün tədbirlərdə - istər televiziya
proqramı, istərsə də konsert olsun - eyni şövqlə
çıxış edirsiniz...
Ədalət Behbudov: Bizim hər
üçümüzü muğama olan sevgi birləşdirir.
Qarşımızdakı
tamaşaçının kimliyindən, mənsubiyyətindən
asılı olmayaraq öyrəndiklərimizi, bildiklərimizi,
zəngin Azərbaycan musiqisini olduğu kimi təbliğ etməyə
çalışırıq.
Pərviz Fərhadov: İndiyədək
iki solo konsert vermişik. 2011-ci ildə Füzuli
rayonu Horadiz şəhəri Muğam Mərkəzində ulu
öndər Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü münasibətilə “Xilaskar” adlı ilk
solo konsertimiz oldu. Həmin il mayın
29-da Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin təşkil
etdiyi tədbirdə ikinci solo konsertimizi verdik. Çıxışlarımız
maraqla qarşılandı.
- Yəqin ki, gənc “Aypara”
üzvlərinin arzuları çoxdur.
Aytən Məhərrəmova:
Əlbəttə, arzularımız çoxdur. İstərdik
ki, böyük solo konsert proqramı ilə
çıxış edək. Bəstəkar
və xalq mahnılarını, dəsgahları bir konsert
proqramı çərçivəsində dinləyicilərə
təqdim edək. Tamaşaçı
görsün ki, biz işləyirik, öz üzərimizdə
çalışırıq. Hələlik
belə bir imkanımız olmayıb.
Pərviz Fərhadov: Uğurlar
artdıqca arzular da çoxalır. Mən istərdim
ki, muğamın bütün incəliklərinə bələd
olum. Professional bir musiqiçi olum. Azərbaycan muğamı, musiqisi o qədər zəngindir
ki, onu öyrənməyə bir ömür kifayət etməz.
Bir məqamı da vurğulamaq istərdim ki,
bizim tanınmağımızda müəllimlərimizlə
yanaşı, muğam sənətinin inkişafına
qayğı göstərənlərin böyük rolu olub.
Bu istiqamətdə Heydər Əliyev Fondunun, Mədəniyyət
və Turizm Nazirliyinin diqqət və qayğısını
xüsusi qeyd etmək istərdim.
Ədalət Behbudov: Təbii ki,
bizə meydan verilməsə idi, öz sözümüzü
deyə bilməzdik. İstedadımızı
qiymətləndirənlər bizi müxtəlif yerli və
beynəlxalq tədbirlərə dəvət edirlər. Gənclərin öz ölkəsini təmsil etməsinə
şərait yaratmaq müsbət haldır. Bizim üçünsə bu fəxrdir. Yeri gəlmişkən, ötən illərdə biz
ABŞ, Ukrayna, İran, Türkiyə, Tacikistan,
Gürcüstan, Rusiya və digər ölkələrdə
konsertlər vermişik. Onların hər
birində Azərbaycan musiqisi haqqında xoş sözlər
eşitmişik. 2012-ci ildə 31-ci
İstanbul beynəlxalq kitab sərgisində Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə konsert proqramıyla
çıxış etmişik. Ötən
ilin dekabrında Dünya Gəncləri Dostluq və Birlik Dərnəyinin
təşkil etdiyi tədbirlərdə Ankara və İzmirdə
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibətilə konsert proqramı ilə
çıxış edərək diplomlarla təltif
olunmuşuq. Bu yaxınlarda Rusiyanın
Çelyabinsk şəhərində, habelə Azərbaycanın
Tacikistandakı səfirliyinin dəstəyi ilə bu ölkədə
ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə
bağlı konsertlər verdik.
- Bəziləri
düşünürlər ki, muğam daha çox
yaşlı nəslin zövqüdür. Bu
fikirlə razısınızmı?
Aytən Məhərrəmova: Bu, əvvəllər
belə idi. İndi muğamın auditoriyası
tamam dəyişib. Dövlətimizin
muğama göstərdiyi qayğının da bu işdə
böyük rolu var. Sadəcə, muğamı elə bir
formada təqdim etmək lazımdır ki, onu gənclər də
qəbul edə bilsin. Məsələn, əgər
hər hansı bir bayram konsertində dəsgah ifa etsəm, bəlkə
də tamaşaçılar üçün yorucu olar. Repertuarı tamaşaçı auditoriyasına
uyğun seçmək ifaçının üzərinə
düşən vəzifədir. O,
muğamımızı qorumaq şərtilə öz
çıxışını auditoriyanın zövqünə
də hesablamalıdır.
Ədalət Behbudov: Biz
muğamı bir sıra musiqilərlə improvizə də
edirik və bu, maraqlı alınır. 2013-cü
ildə Pərvizlə birgə instrumental kompozisiya
hazırladıq və rejissor Aydın Əsədulla bu
kompozisiyaya uyğun klip də çəkdi.
Pərviz Fərhadov: Mən düşünürəm
ki, muğam həmişə gəncdir və gənc olaraq
qalacaq. İndi muğamı dinləyənlərin
arasında gənclər kifayət qədərdir. Bir müddət muğama biganəlik olub. Amma indi bu belə deyil. Biz bu il Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə bölgələrdə əhalinin yaradıcı
insanlarla görüşlərinin iştirakçısı
olduq, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə
əlaqədar olaraq Sabirabad, Şəmkir, Saatlı,
Abşeron, Füzuli, Şabran rayonlarında konsert
proqramları ilə çıxış etdik. Hər
dəfə görürük ki, dinləyicilər arasında
nə qədər gənc muğamı sevir. İndi hər birimiz müxtəlif təhsil və mədəniyyət
müəssisələrində pedaqoji fəaliyyətlə məşğul
oluruq. Kifayət qədər yeniyetmə
var ki, muğam sənətini öyrənmək
üçün böyük səylə
çalışırlar.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.- 2013.- 24 iyul.-
S. 12.