Azərbaycan Şərq mədəniyyətinin
beşiyidir
“Biz
gedirik, ancaq qalır ruzigar. Biz ölürük,
əsər qalır yadigar”
Tarixin sirli qapısı olan abidələr xalqın uzun illər keçdiyi yolunu, yaşam tərzini, mədəniyyətini özündə əbədiləşdirmiş bir xatirədir. Azərbaycan qədim tarixi, əlverişli coğrafi mövqeyi, zəngin mədəni irsi olan ölkədir. İlk növbədə paytaxtımızın tarixi mədəniyyət abidələrindən söz açmaq istərdim.
Tarixi yaşadan tikililər
Bakının mərkəzində, Xəzərin sahilində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu yerləşir. Mənə məkanın dar, ensiz küçələrində gəzib-dolaşmaq xüsusi zövq verir. Bu qədim şəhərdə bir sıra tarixi-memarlıq abidələri yerləşir. Bu yaxınlarda Azərbaycanın memarlıq incilərindən olan Şirvanşahlar sarayına baş çəkdim. XV əsrin əvvəllərində salınmış bu tarixi memarlıq kompleksinə saray, divanxana (XV əsr), Şirvanşahlar türbəsi (1435-1436-cı illər), Minarəli saray məscidi (1441-1442), Murad darvazası, 1438-ci ildə inşa edilmiş, şah ailəsinə məxsus hamam, XV əsrə aid Seyid Yəhya Bakuvi türbəsi daxildir.
Kompleksdə bəzək sahəsində ən maraqlı, gözəl abidə divanxana və Şirvanşahlar türbəsidir. Kompleksin tikintisi 1441-ci ilə, Şərq divanxanasının tikintisi isə 1558-ci ilə, memar Əmirşaha aid olduğu qeyd edilir. Onu da deyək ki, Şirvanşahlar sarayı Yaxın Şərqin ən görkəmli abidələrindən biridir. İçərişəhərdə Şirvanşahların ən möhkəm qalalarından biri olan Qız qalası VII-XII əsrlərə aiddir. Hündürlüyü 28 metr olan qalanın yarısından aşağı divarın qalınlığı 5 metr, yuxarı hissəsinin qalınlığı isə 4 metrdir. Dənizkənarı parkın yaxınlığında yerləşən bu əzəmətli tarixi mədəniyyət abidəsi 1964-cü ildən muzey kimi fəaliyyətə başlamış, 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına salınmışdır. Paytaxtımızın digər mühüm tarixi məkanı Atəşgah məbədi Suraxanı qəsəbəsində yerləşir. Məbədin ilk tikilisi 1713-cü ilə aiddir. Mərkəzi məbəd səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir. Suraxanı Atəşgahı məbəd, hücrələr və zəvvarlar üçün tikilən otaqlardan ibarətdir.
Mərdəkan qalası da tarixi abidədir. Dördkünc formada olan qala
XIV əsrin ortalarında
Şirvanşah Mənuçöhrün
oğlu Şirvanşah
Axsitan tərəfindən
tikilmişdir. Axsitanın düşmən
üzərindəki qələbəsi
şərəfinə ucaldılan
qaladan feodalların sığınacağı və
gözətçi məntəqəsi
kimi istifadə edilmişdir.
Paytaxtın Əmircan (qədim
adı Xilə) kəndində də dini-memarlıq abidələri
var. Nizamətdin məscidi
(Moltan piri) XIV əsrə aiddir. Kənddə XIV əsrə
aid Göyçək piri
və Əmir Həc mavzoleyi də tarixi abidə kimi mühafizə olunur.
Bakının çoxsaylı turist
cəlb edən tarixi məkanlarından biri də “Yanardağ”
Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğudur. Məhəmmədi kəndinin qərb hissəsində, Bakı şəhər mərkəzindən
27 km aralıda yerləşir.
Azərbaycan Prezidentinin
2 may 2007-ci il tarixli sərəncamı ilə ərazi tarix-mədəniyyət və
təbiət qoruğu
elan edilmişdir. Əraziyə Qurd yuvası,
min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki
vadisi və Yanardağ aiddir.
Azərbaycanın ən qədim
tarixi abidələrindən
biri də dünyada qayaüstü təsvirlərlə tanınan
Qobustandır. Bakıdan 56 kilometr
aralıda yerləşir.
Qobustanda Böyükdaş,
Kiçikdaş, Cingirdağ,
Sonqardağ və Şıxqaya dağlarında
daş dövrünün
və Azərbaycan xalqının ulu keçmişinə aid olan
çoxlu qayaüstü
təsvir, düşərgə,
yaşayış məskəni,
qəbir abidələri
və s. var.
İndi də bölgələrimizə
nəzər salaq.
Möminəxatun türbəsi məşhur
Azərbaycan memarı
Əcəmi Əbubəkr
oğlu Naxçıvaninin
şah əsəri və Naxçıvan-Marağa
memarlıq məktəbinin
ən dəyərli abidələrindən biridir.
1186-cı ildə Naxçıvan şəhərinin
qərb hissəsində
tikilmişdir. Azərbaycan Atabəylər
dövlətinin banisi
Şəmsəddin Eldəniz
arvadı Möminə
xatunun qəbri üzərində məqbərə
yaradılmasına qərar
vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan başa çatdırmışdır. Abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılmışdır: “Biz gedirik,
ancaq qalır ruzigar. Biz ölürük,
əsər qalır yadigar”. Möminəxatun türbəsi həmin
Atabəylər memarlıq
kompleksindən dövrümüzə
qədər gəlib çatmış yeganə
abidədir. Naxçıvan şəhərindəki Yusif
Küseyir oğlu türbəsi xalq arasında Atababa türbəsi və ya Atababa günbəzi
də adlanır.
8 əsrdən çox yaşı olan türbə XX əsrin ortalarında bərpa edilmişdir.
Abidə
yeraltı sərdabədən
və yerüstü qülləvarı hissədən
ibarətdir. Türbənin üzərindəki kitabədə
abidənin hicri 557-ci ilin (miladi 1161-1162) şəvval ayında tikildiyi bildirilir. Əsas fasaddan sol tərəfdəki
kitabədə isə
“Bənna Əcəmi
Əbubəkr oğlu
Naxçıvaninin əməlidir”
şəklində türbənin
memarının adı
qeyd olunmuşdur.
Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində
ayrılmış və
burada kitabə yerləşdirilmişdir. Qurşaqda kufi xətlə Qurandan ayələr yazılmışdır.
Şəki Xan Sarayı
- dillər əzbəri
olan bu abidə
dünya abidələri
siyahısına daxil edilmişdir. Saray ikimərtəbəli
olub, altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Hazırda muzey
kimi fəaliyyət göstərir. Saray Məhəmməd
Həsən xan tərəfindən 1789-1797-ci illərdə
tikdirilmişdir. İnşası memar Hacı Zeynalabdin Şiraziyə aiddir.
Dekorativ-tətbiqi sənət
irsimiz
Mədəni irsimizin zəngin
bir sahəsi olan xalq sənəti
əsrlər öncə
yaranaraq müasir dövrədək gəlib
çatmışdır. Döymə sənəti və zərgərlik, metal üzərində
işləmələr, xalçaçılıq,
bədii tikmə, dulusçuluq qədim sənət növləridir.
Dekorativ-tətbiqi sənət növlərindən
biri olan xalçaçılıq qədim
tarixə malikdir.
İkili
funksiyanı özündə
daşıyan xalça
həm bəzək, həm də məişət əşyasıdır.
Azərbaycanda xalçaçılığın
qədim sənət növü olmasını
sübut edən dəlillər var. 1945-1950-ci illərdə
Mingəçevirdə aparılan
arxeoloji qazıntılar
nəticəsində qəbirlərin
birində keçə,
çürümüş palaz və xalça
parçaları tapılmışdır.
Xalçaçılıq Azərbaycanın mədəni irsinin, xalq yaradıcılığının
bir nümunəsidir.
Azərbaycanda xalça toxuculuğu
tunc dövründə
meydana gəlib. İlkin inkişaf dövründə
xalça çox sadə və naxışsız olub, cecim və palazlar
şəklində, ikinci
dövrdə kilim, üçüncü dövrdə
şedde, verni, sumax, zili, dördüncü
dövrdə isə xovlu toxunuşda meydana gəlməsi ilə inkişaf mərhələsinə çatıb.
Xalçalar toxunduqları yerə
görə təsnif olunur. Xalçalarımızın naxışlarını əsasən bitki, heyvan, quş, ulduz, paxlava, üçbucaq, dördbucaq,
beşbucaq, altıbucaq,
səkkizbucaqlı həndəsi
formaların təsviri
təşkil edir.
Bu gün Azərbaycan
xalçaları dünyanın
ən məşhur muzeylərini və şəxsi kolleksiyaları
bəzəyir.
Mədəni irsimizin köklü
nümunəsi olan bədii tikmə uzun zaman, yüksək
zəhmət, incə
və zərif duyğuların təzahürüdür.
Bədii
tikmə sənəti
mənə çox tanışdır. Orta məktəb
illərində əmək
təlimi keçirilən
zaman qızların əl işlərini bədii tikmələr təşkil edirdi. Parça üzərində hər bir şagirdin zövqünə uyğun
şəkil olurdu.
İlk əvvəl şəklin kənarları, daha sonra isə içərisi doldurulurdu.
Əl işlərinin rəngarəng
saplarla tikilməsi ona yüksək çalar verir və göz oxşayırdı. Dekorativ-tətbiqi incəsənətdə daha
çox işlədilən
cüt quş təsvirləri bədii tikmələrdə də
öz əksini tapmışdır. Quşlar bəzən
bir-birini sevən, yaxud bir-birindən küsmüş şəkildə
təsvir olunur. Hər iki motiv sevgi
və ayrılığın
simvolu kimi izah olunur. Azərbaycan bədii tikmələrində ən
çox qızılgül,
nərgiz, qərənfil,
lalə, meyvə ağaclarının yarpaqları
- nar, heyva, alça çiçəkləri,
sünbül, həndəsi
naxışlardan düz
və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlar,
altı və səkkizguşəli ulduzlar,
romblar, günəş,
ay təsvirlərindən istifadə
olunur. Bədii tikmələrimiz tikiliş
qaydalarına, kompozisiyasına
görə bir neçə növə ayrılır: təkəlduz
tikmə, güləbətin
tikmə, pilə tikmə, cülmə tikmə, muncuqlu tikmə, zərənduz tikmə.
Qədim ənənələrə bağlı
olan metal və zərgərlik sənəti
nəsillərdən nəsillərə
keçərək günümüzə
gəlib çıxıb.
Döymə, basma, xarə,
xatəmkarlıq, minasazlıq
metal və zərgərlik
nümunələrinin düzəldilmə
üsullarıdır. Azərbaycanda dulusçuluq, yəni
keramika sənətinin
yaranmasını neolit
(yeni daş) dövrünə aid edirlər.
Keramik qablar ilkin olaraq
kündələrin torpaqdan
əl ilə yoğurulması üsulu ilə, daha sonralar isə fırlanan çarxlı avadanlıq vasitəsilə
hazırlanmışdır. Azərbaycanda qədim keramika
sənətinin erkən
orta əsrlərdə
uğur qazanmasının
sirri onun şirə mayesi ilə bəzədilməsi
idi. Şirə anqoblu qabların
rənginin getməməsi,
davamlı olmasını
təmin edirdi. Dulusçular saxsı qabların üzərində
müxtəlif təsvirlər
verərək onları
bənövşəyi, qəhvəyi,
qırmızı, ağ, yaşıl rənglərlə boyayaraq
sonda çox ecazkar görüntü verən minayı texnikaya nail olurdular. Keramikadan danışdıqca düşünürük
ki, bu saxsı
qablar fırlanan çarxlı avadanlıq
vasitəsilə asanlıqla
başa gəlir.
Əslində isə onun qeyri-adi görünüşə
çatması sənətkardan
səbir, uzun zaman, yaradıcılıq
tələb edir.
Mədəni irsimizin yadigarı olan dulusçuluq sənətinin
bizdən sonra da irs qoyub getməsi üçün peşə
məktəblərində bu
sənətin geniş
tədris olunması lazımdır. Bu nadir sənət növünün
sirləri, incəlikləri,
texnologiyası gənc
nəslə öyrədilməlidir.
Dünyaya göz açdığım
bu torpağın tarixindən, keçmişindən,
mədəniyyətindən azacıq da olsa söz açmaq
mənə xoş təsir bağışladı.
Fəxrlə deyə bilərəm
ki, Azərbaycan Şərq mədəniyyətinin
beşiyidir.
Kəmalə Süleymanova
Mədəniyyət.- 2013.- 24 iyul.- S. 13.