Dahi Mikelancelonun
şedevrləri
Dünya rəssamları
Dünya mədəniyyətində dərin iz qoyan məşhur italyan heykəltəraşı, boyakarı, memarı və şairi Mikelancelo Buonarroti ölümündən qabaq belə bir vəsiyyət yazır: “Canımı Allaha, bədənimi torpağa, əmlakımı qohumlarıma tapşırıram”.
Mikelancelo Buonarroti 6 mart 1475-ci ildə Kaprezidə, Toskana florensiyalılarının ailəsində anadan olub. Atası şəhər şurasının yüksək rütbəli üzvlərindən biri idi. Ailəsinin Florensiyaya köçməsindən sonra 1488-də Mikelancelo Qirlandayo qardaşlarının şagirdi olur. Burada təsviri sənət texnikası ilə tanış olandan sonra Cotto və Mazaççonun əsərlərinin karandaşla surətlərini çıxarır. Artıq bu surətlərdə Mikelancelo üçün xarakterik olan formaların heykəltəraş izahını görmək olurdu. Mikelancelonun istedadını görən Lorentso Mediçi, kardinal R.Riario, Roma Papaları II Yuli və III Pavel ona himayədarlıq ediblər.
Mikelancelo Buonarroti intibah dövrünün bir çox dahiləri kimi, incəsənətin müxtəlif sahələrində - heykəltəraşlıqda, boyakarlıqda, rəsm və memarlıqda, həmçinin poeziyada geniş fəaliyyət göstərir.
"Məryəm pilləkən yanında" və "Kentavrların döyüşü" adlı ilk əsrlərində rəssam yaradıcılığının başlıca cəhətləri - obrazların monumentallığı, plastik gücü və dramatizmi, insanpərvərlik hissləri bütün təfərrüatı ilə özünü büruzə verir.
Kətan üzərində əsl insani kədər
Romada olarkən yaratdığı "İsa üzərində ağlaşma" heykəli isə Mikelancelo üslubunun püxtələşdiyini göstərirdi. Dərin mənalı bu əsərin əsas ideyası əsl insani kədər, övlada məhəbbət kimi nəcib hisslərin tərənnümü idi.
Mikelancelo 1501-ci ildə Florensiyaya qayıdır, qəddar Mediçilərin hökmranlığına son qoymuş respublika vətəndaşlarının qəhrəmanlığını təcəssüm etdirən simvolik əsərlər üzərində işləyir, İntibahın ölməz nümunəsini - "David" heykəlini yaradır. Bu heykəl Mikelancelonun şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5,17 metr hündürlüyündədir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan, Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedral kilsəsinin damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, sonradan şəhər hökumətinin yerləşdiyi Vekko sarayının qarşısında ucaldılmışdır. Abidənin açılışı 1504-cü il sentyabrın 8-də olmuşdur. Artıq neçə əsrlərdir ki, bu heykəl insan bədəninin görünüşünün etalonu sayılır.
1505-ci ildə Papa II Yuli Mikelancelonu Romaya çağırır, ona özünün məqbərəsini yaratmağı tapşırır. Məqbərə həcmi, əzəməti, gözəlliyi baxımından dünyada yeganə və nadir sənət əsəri olmalı idi. Məqbərənin layihələri tez-tez dəyişdirildiyindən, onun inşası yalnız 1545-ci ildə başa çatdırılır. Mikelancelo məqbərə üçün nəzərdə tutulmuş bir sıra heykəllər - "Musa", "Üsyankar qul" və "Can verən qul"u yaradır. Dahi rəssamın ən möhtəşəm və əzəmətli rəngkarlıq əsəri Vatikandakı Sikstin kapellası tavanının (plafon) freskalarıdır. Tavanın mərkəzində doqquz düzbucaqlı lövhə, onların ətrafında 20 gənc fiquru, mərmər taxtlarda oturmuş 7 müdrik peyğəmbərin və 5 sivillanın surətləri, həmçinin dramatik məzmunlu kompozisiyalar - "İşığın zülmətdən ayrılması", "Günəşin, ayın və bitkilərin yaradılması", "Torpağın sudan ayrılması", "Adəmin yaradılması", "Həvvanın yaradılması", "Günahkarlıq və cənnətdan qovulma", "Nuhun qurbanı", "Dünya daşqını" və sair yerləşdirilib. Ümumiyyətlə, kapellanın 18 metr hündürlükdə olan plafonunda 343 insan fiquru təsvir edilib.
Özünün
qəbirüstü abidəsi - "İsa
üzərində ağlaşma"
1520-ci illərdə Mikelancelonun həyata münasibətində bədbinlik yaranır, bu da onun Florensiyada San-Lorenso kilsəsində yaratdığı məşhur Mediçilərin sərdabəsində - heykəltəraşlıq və memarlıq ansamblında əksini tapır. Sənətkar 1534-cü ildə həmişəlik Romaya köçür, Sikstin kapellasının mehrabında "Məhşər günü" adlı monumental freska üzərində işləyir. O, 1537-1538-ci illərdə "Brut" büst-heykəlini, 1542-1550-ci illərdə Romada Paolina kapellasının freskalarını, 1550-1555-ci illərdə isə öz qəbirüstü abidəsi üçün nəzərdə tutduğu "İsa üzərində ağlaşma" ("Pyeta") adlı dördfiqurlu heykəl yaradır.
Mikelancelonun memarlıq sahəsində fəaliyyəti də diqqətəlayiqdir. O, 1546-cı ildən Romadakı Müqəddəs Pyotr kilsəsinin layihəsi üzərində işləyir, onun mehrab hissəsini klassik memarlıq orderləri sistemi üzrə möhtəşəm dinamik formalarda həll edir. Renessans dövrü memarlığında monumental ansambl probleminin həlli sahəsində ilk təşəbbüs göstərərək Kapitoli meydanını layihələşdirir.
Mikelancelo qoca yaşlarında poeziyaya daha çox maraq göstərir, əsasən madriqal və sonetlər yazır. Sağlığında şeirləri dərc olunmur, ilk kitabı ölümündən xeyli sonra, 1623-cü ildə nəşr edilir. Sonralar böyük rus bəstəkarı Dmitri Şostakoviç Mikelancelonun sözlərinə vokal süita yazır. Mikelancelo yaradıcılığı başdan-başa insan şəxsiyyətinə pərəstiş, insanın böyüklüyünə və gözəlliyinə inam hissləri ilə aşılanmışdır.
Dahi sənətkar 18 fevral
1564-cü ildə Romada
vəfat edir. Florensiyada, Santa Kroçe kilsəsində
dəfn olunur. Ölümündən qabaq
özünəməxsus lakonikliklə
vəsiyyət yazdır:
“Canımı Allaha, bədənimi torpağa, əmlakımı qohumlarıma
tapşırıram".
Yaxşı olardı ki, Mikelancelo vəsiyyətinə
bunu da əlavə
edəydi: bütün
yaratdıqlarımı bəşəriyyətə
tapşırıram.
Təranə
Vahid
Mədəniyyət.- 2013.- 24 iyul.-
S. 14.