Azərbaycanlı rəssam beynəlxalq sənət simpoziumunda

 

   Azərbaycanlı rəssam, Türkiyənin Çanakkale şəhərindəki 18 Mart Universitetinin müəllimi Vahid Novruzov Rusiya Federasiyası Tatarıstan Muxtar Respublikasının Yelabuqa şəhərində keçirilən ənənəvi beynəlxalq sənət simpoziumunda iştirak edir.

   İyulun 21-dən 29-dək davam edəcək “Məhəbbət haqqında əfsanələr” adlı tədbirə müxtəlif ölkələrdən fırça ustaları qatılıb. Festivalın son günündə jürinin seçdiyi əsərlərə mükafatlar veriləcək.

   İyun ayında Bolqarıstanın Varna şəhərində keçirilmiş beynəlxalq sənət festivalında iştirak etdiyini deyən Vahid Novruzov avqustun 9-da Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Berlin-Bakı” qalereyasında fərdi rəsm sərgisinin açılacağını da bildirib.

   1965-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olan rəssam Vahid Novruzov Mədəniyyət və İncəsənət Universitetində rəssam Hafiz Məmmədovun tələbəsi olub. Yaradıcılıq işlərini 2001-ci ildən bəri qardaş ölkədə davam etdirən rəssamın indiyədək Türkiyə, Rusiya və Avropanın müxtəlif şəhərlərində 20-dən çox fərdi sərgisi açılıb. Rəssam mayın əvvəlində Qəbələdə keçirilən beynəlxalq sənət festivalının da iştirakçısı olub.

 

Mədəniyyət.- 2013.- 26 iyul.- S. 5.