Turizm obyektlərində təhlükəsizlik necə təmin olunur?

 

   Bir neçə gün əvvəl Nabranda yerləşən istirahət mərkəzində baş vermiş faciə ölkə mətbuatının gündəmindədir. Məlum olduğu kimi, mərkəzdə istirahət edən ailələrdən birinin 2 yaşlı övladı İmran Cəfərzadə ərazidəki hovuzun içərisində olarkən yaxınlıqda quraşdırılmış «Akvapark» qurğusu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlının ayaqları borunun içərisinə düşübo, ağır xəsarət alıb.  

   Bu hadisə istirahət mərkəzləri və hotellərdə təhlükəsizlik məsələlərinin necə tənzimlənməsi, bu məsələyə hansı dövlət qurumu tərəfindən nəzarət edilməsi kimi sualları gündəmə gətirdi.

   Qeyd edək ki, 2012-ci ilin dekabrında Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış «Mehmanxanamehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi barədə» Dövlət Standartını təsdiq edib. Standart «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədilə «Turizm və yerdəyişmə vasitələrinin xidmətləri» üzrə Texniki Komitə tərəfindən hazırlanıb. Sənəddə mehmanxanamehmanxana tipli obyektlərdə təhlükəsizlik tədbirlərinin tənzimlənməsi də əksini tapıb. Artıq mehmanxanamehmanxana tipli obyektə ulduz dərəcəsi verilərkən orada təkcə müasir standartlara cavab verən avadanlıqlar yox, eyni zamanda bu avadanlıqların mühəndis, kommunal və idarəetmə sistemlərinin effektivliyi də nəzərə alınır.

  

   Nazirliyin monitorinqləri hotellərdə təhlükəsizliyi də əhatə edir

  

   Məsələ ilə bağlı öncə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun fikrini öyrəndik. Onun sözlərinə görə, yanğın təhlükəsizliyi, müxtəlif texniki təhlükəsizlik məsələləri hotellər üçün qəbul olunmuş standartlarda öz əksini tapıb: «Nazirlik mehmanxanamehmanxana tipli obyektlərə lisenziya verərkən mütləq həmin məkanın standartlara cavab verib-verməməsinə baxır. Konkret olaraq Nabranda baş verən hadisəyə gəldikdə isə deyə bilərəm ki, burada birbaşa səhlənkarlıqdan söhbət gedir. Buna görə də cavabdeh şəxslər cəzasını alacaq. O ki qaldı təhlükəsizlik məsələlərinə nəzarət edilməsinə, qeyd edim ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ildə bir neçə dəfə mehmanxanamehmanxana tipli obyektlərin monitorinqi aparılır. Bu monitorinqlər zamanı ümumi təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir, onlara müəyyən tövsiyələr verilir. Eyni zamanda növbəti monitorinqə qədər nəticələr yoxlanılır. Yerli mədəniyyət və turizm şöbələri tərəfindən də bununla bağlı müvafiq nəzarət həyata keçirilir”.

  

   Bədbəxt hadisə hotelin nüfuzuna zərbə vurur

  

   Turizm obyektlərində təhlükəsizlik tədbirlərinə riayət edilməsinə bir neçə qurum tərəfindən nəzarət edildiyini deyən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, hotellər inşa olunan vaxt ilk növbədə yanğından mühafizə, təhlükəsizlik məsələləri nəzərə alınmalıdır: «Çünki xüsusilə xarici ölkələrdən gələn turistlər hoteldə yerləşərkən mütləq bu məsələlərlə maraqlanırlar. Əgər hotelin təhlükəsizlik məsələləri yüksək səviyyədədirsə, onda orada qalmağa razılaşırlar. Bundan əlavə, hotel təhvil verilərkən Fövqəladə Hallar Nazirliyi oraya baxış keçirir, bütün təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı akt tərtib olunur».

   Mütəxəssis deyir ki, hotelyaxud istirahət mərkəzi lisenziya üçün sənədlərini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edərkən mütləq həmin akt sənədlərin içərisində olmalıdır: «Bütün bunlara baxmayaraq, yenə də hər şey hotel rəhbərliyindən asılıdır. Mütəmadi olaraq təhlükəsizlik məsələlərinə nəzarət olunmalıdır. Fövqəladə Hallar Nazirliyinin aktını əldə əsas kimi tutub sonrakı mərhələlərdə bu məsələni diqqətdən kənar qoymaq nəticə olaraq belə faciələrə səbəb olur. İstirahət mərkəzlərində, hotellərdə diqqət ediləsi təkcə hovuzlar deyil ki. Burada eyni zamanda akvaparklar, karusellər, uşaqlar üçün digər əyləncə yerləri var. İşlədilən avadanlıq və ləvazimatlara ekspertlər tərəfindən mütləq nəzarət olunmalıdır. Hadisəni qabaqlamaq lazımdır. Hər hansı bir bədbəxt hadisənin baş verməsi turistə fiziki xəsarət yetirməklə bərabər, həmin hotelin nüfuzuna da zərbə vurur».

   M.Ağakərimovun sözlərinə görə, işçilər işə qəbul olunarkən mütləq texniki təhlükəsizlik məsələləri üzrə təlimatlandırılmalıdır: «Hotel rəhbərliyində çalışan insanlar öz işlərini bilən, bu sahədə kifayət qədər təcrübəsi və təhsili olan mütəxəssislər olmalıdır. İxtisaslı kadrlar öz işlərini dərindən bildiklərinə görə həmişə belə məsələlərə də diqqət yetirirlər. Turizm obyektlərində təkcə texniki təhlükəsizlik deyil, sanitar-gigiyenik qaydalara da əməl olunmalıdır. Bilirsiniz ki, indi yay mövsümüdür. Qida zəhərlənməsi, hovuzların suyunun vaxtlı-vaxtında təmizlənməməsi nəticəsində turistlərin müxtəlif xəstəliklərə yoluxması hallarının qarşısının alınması üçünbu, vacibdir».

  

   Turistin təhlükəsizliyinə turizm şirkəti də məsuliyyət daşıyır

  

   Bəs turizm şirkətləri hotellərə turist yerləşdirərkən təhlükəsizlik məsələləri ilə maraqlanırlarmı? «Millennium Tourism & Congress DMC» turizm şirkətinin direktoru Ruslan Quliyev bu suala cavab olaraq bildirdi ki, onlar lisenziya alan turizm obyektləri ilə işləyirlər: «Mədəniyyət və Turizm Nazirliyi mütəmadi monitorinqlər keçirir. Bu monitorinqlər, sadəcə, qiymət və keyfiyyətlə bağlı deyil. Lisenziya qaydalarında təhlükəsizlik, qidalanmas. nəzərə alınır. Çatışmazlıqlar aşkarlananda onlara tövsiyələr verilir. Nabranda baş verən hadisə bütün istirahət mərkəzləri üçün bir dərs olmalıdır. Onlar təhlükəsizlik məsələsini diqqətdə saxlamalıdırlar. Elektrik lövhələrinin quraşdırıldığı, yanğınsöndürmə sistemi və digər yerlərə kənar şəxslərin daxil olmasının qarşısı alınmalıdır. Uşaqların oynadığı ərazilərdə təhlükəsizlik məsələlərinə xüsusilə diqqət verilməlidir. Turizm şirkətləri təbii ki, öz müştərilərini Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya almış mehmanxanalara göndərir. Bəzən olur ki, adı qara siyahıda olan turizm obyektlərinə də müştəri göndərirlər. Lisenziyasız mehmanxana ilə işləməyin özü bir cinayət sayılır. Çünki hər hansı bir bədbəxt hadisə baş verdikdə, o turisti həmin mehmanxanaya göndərən turizm şirkətinin də məsuliyyəti nəzərə alınır».

 

   İstirahət mərkəzi əməkdaşlarına təhlükəsizlik təlimatı keçməlidir

  

   Nabranda yerləşən «Xəzər» istirahət mərkəzinin direktoru Mahir Şirəliyev qəzetimizə açıqlamasında bildirdi ki, mövsümün əvvəlində bütün əməkdaşların iştirakı ilə ümumi yığıncaq keçirilironlar texniki təhlükəsizlik qaydaları ilə tanış edilir: «Bizim istirahət mərkəzində hər ixtisasa görə texniki təhlükəsizliyə riayət qaydaları var. Bunların arasında sürücü, aşpaz, çilingər və s. var. Hətta mərkəzdə təmizlik işinə baxanlar da qaydalarla tanış edilir. Bu qaydalar Həmkarlar Konfederasiyasının müvafiq şöbəsi tərəfindən bizə təqdim olunur. Biz əməkdaşlarımızı bu təlimatla tanış edirik. Mövsüm davam edən müddətdə bu toplantılarımız mütəmadi olaraq hər ay davam edir. Çünki bizdə eyni zamanda 470-500 nəfər dincəlir. Əksəriyyəti də ailəvi gələnlərdir. Onların təhlükəsizliyini təmin etmək borcumuzdur».

   Mahir Şirəliyev onu da qeyd etdi ki, «Xəzər» istirahət mərkəzi dənizin sahilində yerləşdiyindən suda xilasetmə ilə bağlı xüsusi tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə bürosu mərkəzin lap yaxınlığındadır. Turistlərə həm onlar, həm də istirahət mərkəzinin öz xilasediciləri nəzarət edir.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 26 iyul.- S. 6.