Dağlar qoynunda növbəti musiqi bayramı

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə V Beynəlxalq Musiqi Festivalı keçirilir

  

   Təxminən iki min il əvvəl Qəbələ şəhəri dünyanın ən qədim sivilizasiyalarından olan qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının paytaxtı idi. Əsrlər boyu burada müxtəlif dillərdə danışan, müxtəlif ənənə və mədəniyyətlərə malik olan insanlar yaşayıb. Hər bir dövr bu diyarın mədəni irsində öz izini qoyub. Zaman keçdikcə dövlətlər, sivilizasiyalar yaranır və yox olurdu. Dəyişməyən, əbədi olan bu dağların möhtəşəmliyi, onların qoynunda səslənən təbiət səsləri, çay və bulaqların aramsız axarıdır.  

   Artıq beş ildir, bu təbii harmoniyaya bir səs də əlavə olunub - musiqi səsi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşən festival müxtəlif ölkələrdən məşhur ifaçıları, kollektivləri bir araya gətirərək Qəbələni beynəlxalq musiqi mərkəzinə çevirir. Bu gün dünya xəritəsində Qafqaz Albaniyası yoxdur. Lakin Qəbələ yenə də paytaxtdır - mədəniyyət, musiqi paytaxtı.

  

   Mədəniyyətlərarası dialoqa sənət töhfəsi

  

   İyulun 24-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən növbəti möhtəşəm incəsənət bayramının - V Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub. Mərasimdə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynamış Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

   Məktubda deyilir: “Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi - V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir. Məhz mədəniyyət xadimlərinin məqsədyönlü fəaliyyəti nəticəsində bəşəriyyət mədəniyyətlərin qarşıdurması təhlükəsini dəf edərək dialoqun uğurlu nəticələrinə nail olub.

   Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətlərinin əsas prioritetlərindən biridir. Biz zəngin mədəniyyətimiz vasitəsilə ölkəmizi dünyada tanıtmağa nail olmuşuq, bu gün beynəlxalq ictimaiyyət Azərbaycan mədəniyyətinə böyük maraq göstərir. Mən də UNESCO-nun xoşməramlı səfiri kimi dünya mədəniyyəti xəzinəsini olduqca dəyərli əsərlərlə zənginləşdirmiş, xalqımızın mədəni irsinin dünyada təbliğ olunmasına, dünya mədəniyyət nümunələrinin ölkəmizdə tanıdılmasına xidmət edən, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələri daim dəstəkləyəcəyəm.

   Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi ənənəvi xarakter almışdır. Bu gün Qəbələnin adı beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alır. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluqmusiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

   İnanıram ki, Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək builki festival, füsunkar təbiətin və valehedici musiqinin gözəl vəhdəti hər birimizdə xoş təəssüratlar yaradacaqdır. Festivalda iştirak edən hər kəsə tükənməz nailiyyətlər arzulayıram”.

  

   Festival musiqi ənənələrimizin dünyada tanıdılmasına xidmət edir

  

   Daha sonra mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlayıb, festivalın işinə uğurlar arzulayıblar.

   Çıxış edənlər bildiriblər ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.

   Qeyd edilib ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Festivalın səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassikkamera musiqisi, muğamlarımız ifa olunur.

   Diqqətə çatdırılıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə həmişə fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir.

   “Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır. Builki festivalın proqramı çox zəngindir. Festivalda rəngarəng konsertlər olacaq və fərqli musiqi əsərləri səsləndiriləcək. Simfonikkamera konsertləri, muğam gecəsi, caz axşamları musiqisevərlərə dünya musiqisinin zənginliyini duymağa imkan verəcək. Düşünürəm ki, V Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında hələ çox danışılacaq”, - deyə Fərhad Bədəlbəyli bildirib.

   Festivalın bədii rəhbəri Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran bu möhtəşəm musiqi bayramının təkrarolunmaz dəst-xəttinin olduğunu qeyd edib.

   Festivalın proqramında yubileylərə həsr olunmuş konsertlərin də yer aldığını deyən Fərhad Bədəlbəyli bu sırada dahi italyan bəstəkarı Cüzeppe Verdinin 200 illik yubileyinin qeyd ediləcəyini bildirib.

   Milli Məclisin deputatı Fəttah Heydərov Qəbələ Beynəlxalq Musiqi Festivalı sayəsində bu qədim şəhərin dünyanın musiqi paytaxtına çevirdiyini vurğulayıb: “Bu günlərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn qonaqlar da Qəbələdə musiqi festivalının keçirildiyini hiss edirlər. Bu festival həm də böyük maarifçilik missiyası daşıyır. Dünyanın hər yerindən Qəbələnin səsi gəlir, bu gözəl diyarda isə dünya musiqisi səsləndirilir. Bu festival Azərbaycan xalqının yüksək mədəniyyətə sahib olduğunu bir daha təsdiqləyir. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış edir”.

  

   Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti

  

   Sonra açıq havada qurulan səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.

   Proqramda Pyotr ÇaykovskininYevgeni Onegin” operasından Polonez, Qara QarayevinDon Kixot simfonik qravürləri”, Fikrət Əmirovun “Nəsimi haqqında dastansimfonik poeması, Türkər Qasımzadənin “Balet süitası”, Ayaz Qəmbərlinin “Divertisment”, Kərəm Əkbərovun “Azərbaycan” simfonik poemasından parçalar səsləndirilib.

   Skripkada Cavad Tağızadə, pianoda Səidə Tağızadə, violində Toğrul Qəniyev, celloda Aleksey Miltix çıxış ediblər. Konserti tanınmış dirijorlar - Bakı Musiqi Akademiyasının professoru, Prezident mükafatçısı Yalçın Adıgözəlov və Fəxrəddin Kərimov idarə ediblər.

  

   Məşhur koreyalı pianoçunun musiqi çələngi

  

   Festivalın ilk günü daha bir konsert proqramı Koreya Respublikasından olan məşhur pianoçu Hi Youn Çhoe tərəfindən təqdim edilib.

   Qafqaz Resorthotelinin kamera zalında keçirilən konsertdə əvvəlcə Azərbaycanın Xalq artisti Zəhra Quliyeva tanınmış pianoçunun həyat və yaradıcılığı barədə məlumat verib.

   Daha sonra çıxış edən pianoçu Hi Youn Çhoe tanınmış bəstəkarların mahnıları ilə yanaşı, özünün bəstələdiyi yeni əsərləri də səsləndirib. Öz ifası və bəstələri ilə dünyaya səs salan Hi Youn Çhoe tamaşaçılara unudulmaz gecə bəxş edib.

   Yorulmadan qastrol səfərlərinə çıxan koreyalı musiqiçi demək olar ki, dünyanın hər bir guşəsində tanınır. Ötən əsrin sonlarından başlayaraq məşhurlaşan Hi Youn Çhoe əsasən caz-popfyujn üslubunda musiqilər ifa edir. Orijinal pianoçu, özünəməxsus vokalçı kimi uğur qazanıb.

  

   Sənət bayramı musiqisevərləri dünya klassikası ilə tanış edir

  

   “V Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxışımdan çox məmnunam. Bu festivalın gələcək yaradıcılığıma mühüm töhfələr verəcəyinə əminəm”.

   Koreyalı musiqiçi Hi Youn Çhoe bu sözləri konsertdən sonra jurnalistlərə açıqlamasında deyib.

   O, festivalın xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri ilə yaxından tanış etmək imkanı yaratdığını bildirib.

   Koreyalı qonaq Qəbələnin qədim və müasir memarlıq nümunələrinin bu şəhərə xüsusi gözəllik verdiyini xüsusilə vurğulayaraq deyib: “Mən Azərbaycanı Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu bir ölkə kimi səciyyələndirərdim. Buranın iqlimi də gözəldir. Şəhərdəki qədim və müasir tikililər diqqəti xüsusilə cəlb edir. Sakinlərin qonaqpərvərliyini, qayğıkeşliyini isə unutmaq mümkün deyildir”.

  

   Qəbələ festivalı illər keçdikcə dünyada daha da məşhurlaşır

  

   “Azərbaycanda ənənəvi olaraq Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi keçirilir. V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk dəfə olaraq bu müsabiqələrin laureatlarının konserti təqdim ediləcək. Mən xüsusi olaraq buna görə Qəbələyə gəlmişəm”.

   Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlu Qəbələdə jurnalistlərə müsahibəsində deyib.

   Səfir Qəbələdə ənənəvi olaraq hər il belə yüksək səviyyəli beynəlxalq musiqi festivalının keçirilməsinə görə çox sevindiyini, festivalın proqramının ildən-ilə genişləndiyini və dünyada daha da məşhurlaşdığını bildirib:Rusiyada bu festivalı yaxşı tanıyırlar. Bu il festivalın 5 illiyi tamam olur. Arzu edirəm ki, bu musiqi tədbirinin 50 illik yubileyi keçirilsin. Bu işdə əməyi olan bütün insanlara, xüsusən də Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Çox şadam ki, Mehriban xanım Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçılar iştirak edirlər. Bu festivalın əks-sədası bütün dünyada çox geniş yayılıb”.

  

   Dünya şöhrətli ifaçı və kollektivlər bir arada

  

   Qeyd edək ki, avqustun 6-dək davam edəcək Qəbələ festivalında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar çıxış edəcəklər. Musiqi bayramına Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba və Qazaxıstandan dünya şöhrətli dirijor, ifaçı və kollektivlər dəvət olunub.

   Yerusəlim Simfonik Orkestri, Yuri Başmet və "Yeni Rusiya" simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Mirko Roverelli, Karmelo Korrado Karuzo, İdil Biret, Nina Koqan, Jean Bernard Pommier, Jan Lothem Konig, Ayman Musaxacayeva, Aleksandr Solovyov, Sergey Leyferkus, Muza Rubayskite, Hee Youn Choue, Mixail Qutman və başqaları musiqisevərlərə unudulmaz anlar bəxş edəcəklər.

   Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Murad Hüseynov, Yeganə Axundova, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Toğrul Qəniyev, Elçin Əzizov, Fəridə Məmmədova, Səbinə Əsədova, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Fuad İbrahimov, Yusif Eyvazov, Elvin Qəniyev, Azər Rzazadə, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış edəcəklər.

   Mədəniyyət və Turizm Nazirliyi V Qəbələ Beynəlxalq Musiqi Festivalına təşkilati dəstək verir.

 

Mədəniyyət.- 2013.- 26 iyul.- S. 8-9.