“Şuşanın dağları” Norveçdə səslənib

 

   Oslo Universiteti tərəfindən təşkil edilən ənənəvi beynəlxalq yay məktəbində bu il dünyanın 100-dən artıq ölkəsindən 600-ə yaxın nümayəndə iştirak edib.

   Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) mətbuat xidmətindən bildiriblər ki, Norveç yay məktəbinin ənənəvi tədbirlərindən biri olaraq iyulun 26-da “Beynəlxalq mədəniyyət günü” keçirilib.

   Tədbirdə ölkəmizi ASAİF-in üzvü Şəfəq Məmmədova və Azərbaycan Dillər Universitetinin tələbələri layiqincə təmsil ediblər. Sərgidə Azərbaycan stendinin ziyarətçilərinə ölkəmizin mədəniyyəti, tarixi, mətbəxi, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib.

   Tədbirdə qonaqlara ölkəmiz haqqında nəşrlər, Azərbaycan bayrağı, Vətənimizin müxtəlif guşələrini təsvir edən açıqcalar, həmçinin milli mətbəximizin nümunələri-dolma və Şəki halvası da təqdim edilib. Tədbirin sonunda “Şuşanın dağları” Azərbaycan xalq mahnısı ifa edilib.

 

Mədəniyyət.- 2013.- 31 iyul.- S. 3.