Los-Ancelesdə Azərbaycan gecəsi

 

   ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən Beynəlxalq Ziyarətçilər Şurası (International Visitors Council) tərəfindən iyulun 25-də Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib. Vətəndaş diplomatiyası sahəsində ixtisaslaşan qurum ABŞ Dövlət Departamentinin xətti ilə dünyanın müxtəlif ölkələrindən bu şəhərə qısamüddətli ixtisasartırma kurslarına gələn peşəkarlara ev sahibliyi edir.

   Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin tarixi, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, xarici əlaqələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə iştirakçılara ətraflı məlumat verib. Ermənistanın işğalçılıq siyasəti barədə danışan diplomat bildirib ki, bu siyasət nəinki bölgədə davamlı sülh və sabitliyə mane olur, həmçinin erməni xalqının gələcəyini böyük sual altında qoyur, ölkəni böyük fəlakətlərə sürükləyir.

   Tədbirdə iştirak edən radikal erməni təşkilatlarının nümayəndələri səs-küy salaraq mərasimi pozmağa çalışsalar da, iştirakçıların kəskin etirazı ilə üzləşərək zalı tərk etməyə məcbur olublar.

   Gecədə azərbaycanlı xanəndə Şəhla Saruxan Azərbaycan mahnılarını ifa edib. İfa iştirakçıların alqışları ilə qarşılanıb.

 

Mədəniyyət.- 2013.- 31 iyul.- S. 3.