“Gəlin qayası”ndan əbədiyyətə

 

Görkəmli bəstəkar Şəfiqə Axundova son mənzilə yola salındı

  

   İyulun 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şəfiqə Qulam qızı Axundova ilə vida mərasimi keçirildi. Mərasimdə dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti, Mədəniyyət və Turizm Nazirliyi və digər təşkilatlar adından əklillər qoyulmuşdu.  

   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bəstəkarın Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərindən, yaratdığı əsərlərdən, insani keyfiyyətlərindən söz açdı. Vurğulandı ki, Şəfiqə Axundova Azərbaycan musiqisinin ustad novatorlarından olub. O, musiqi sənətinə dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə gəlib və bununla həmişə fəxr edib, onun tələbəsi olmasından qürur hissi keçirib. Bəstəkar Üzeyir bəyin bir arzusunu da həyata keçirərək, opera janrında əsər yaradıb. Şəfiqə Axundova “Gəlin qayası” əsəri ilə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi tarixə düşüb.

   O, özünü musiqinin bir çox janrlarında sınayıb və uğur qazanıb. Lakin sənətkarın qəlbi daim vokal musiqisi ilə bağlı olub, yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib. Bu mahnılar Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova və digər görkəmli müğənnilərimizin repertuarlarında əsas yer tutub. Bu günonun mahnıları sevilə-sevilə ifa olunur.

   Şəfiqə Axundova zəngin yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyət də göstərib, indiki Mədəniyyət və İncəsənət Universitetində öz təcrübəsini, sənətinin incəliklərini tələbələrə böyük həvəslə öyrədib.

   Vaqif Əliyev görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafında xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi: “Şəfiqə Axundova şərəfli bir ömür yaşamış, yaratdığı əsərlərlə insanların, bütövlükdə Azərbaycan xalqının sevgisini qazanmışdır. Dövlətimiz də daima ona qayğı ilə yanaşmışdır. O, Xalq artisti fəxri adına, ordenmedallara layiq görülmüş, müstəqil Azərbaycanın ali dövlət mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir. Allahdan ona rəhmət diləyirik. Biz onun xatirəsini qəlbimizdə yaşadacağıq”.

   Vida mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Xalq artisti Canəli Əkbərov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Xalq artisti Faiq Sücəddinov, Milli Məclisin deputatı Qənirə Paşayeva mərhum bəstəkarın mənalı ömür yolundan və zəngin yaradıcılığından danışdılar, xatirələrini bölüşdülər.

   Bildirildi ki, Şəfiqə Axundova çağdaş Azərbaycan musiqi mədəniyyəti tarixində görkəmli bəstəkar kimi qalmaqla yanaşı, həm də böyük bir salnamənin şahidi və yaradıcılarındandır. Xalq şairi Səməd VurğununAygün” poemasında Azərbaycan qadınını bəstəkar görmək arzusu Şəfiqə Axundovanın simasında gerçəkləşib. Onun mahnıları bu gün təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da ifa olunurböyük maraqla dinlənilir.

   Diqqətə çatdırıldı ki, Şəfiqə Axundovanın yaradıcılığının coşub-daşan çağları ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edibulu öndər həmişə böyük bəstəkarın yaradıcılığını yüksək qiymətləndirib.

   Qeyd olundu ki, həyatla ölüm arasında çarpışdığı anlarda belə doğma vətəni Azərbaycanı düşünərək, torpaqlarımız işğaldan azad edildikdən sonra bu şərəfə kantata yazmaq arzusu ilə yaşayıb. Ömrünün axırınadək öz sənətinə, peşəsinə vurğunluğunu qoruyub saxlayıb. O, Vətənini, xalqını, musiqini sevən bir insan kimi örnək ola biləcək xanım idi. Bu gün bəstəkarı sevənlərin sayı yüz minlərlədir. Belə bir xoşbəxtlik hər kəsə nəsib olmur.

   Mərasimdə mərhumun ailəsi adından Rəfiqə Axundova çıxış edərək bacısının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirdi: “Şəfiqə çox gözəl insan idi. O, Azərbaycan musiqisinin inkişafında çox böyük zəhmətlər çəkmiş, öz həyatını musiqiyə həsr etmişdi. Mən Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdaram. Onlar Şəfiqə Axundovanın yaradıcılığını yüksək qiymətləndirib, ona həmişə böyük diqqət və qayğı göstəriblər”.

   Sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salındı. Mərhum II Fəxri xiyabanda torpağa tapşırıldı. Qəbri nurla dolsun.

  

   Ceyhun Zərbəliyev

 

Mədəniyyət.- 2013.- 31 iyul.- S. 4.