Qəbələdə
beynəlxalq musiqi festivalı davam edir
Ecazkar təbiət harmoniyasına
rəng qatan konsert proqramları ifaçı və
tamaşaçılara əsl sənət bayramı
yaşadır
Xəbər verdiyimiz kimi, iyulun 24-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə V Qəbələ Beynəlxalq Musiqi Festivalına start verilib. 10-dan çox ölkədən məşhur ifaçıların, dirijor və kollektivlərin iştirak etdiyi musiqi bayramı rəngarəng konsert proqramları ilə sənətsevərlərə unudulmaz anlar bəxş edir.
İfaçılarımızın
çıxışı böyük maraqla
qarşılanıb
İyulun 26-da festival çərçivəsində növbəti konsert proqramı təqdim edilib. Qəbələ şəhərindəki “Qafqaz Resort” hotelinin zalında keçirilən kamera musiqisi axşamında görkəmli Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Konsertdə nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatlarından pianoçular - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Kəmalə Neymanova, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti İlahə Sadıxzadə, London Kral Musiqi Akademiyasının magistrantı Ayan Salahova, vokalçılar - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəridə Məmmədova, Şəfiqə Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədova, Türkiyə Cümhuriyyət Universiteti gözəl sənətlər bölümü musiqi fakültəsinin dosenti Lalə Hüseynova (skripka) çıxış ediblər.
Proqramda Edvard Qriqin “Şairin qəlbi” silsiləsindən “Gözəl gözlər” mahnısı, Pablo de Sarasatenin “Əndəluz romansı”, Yan Sibeliusun “Görüşdən qayıdan qız”, Frederik Şopenin “Polonez” əsərləri ifa olunub.
Azərbaycan musiqiçilərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan musiqisinin inciləri
İyulun 26-da “Qafqaz Resort” hotelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Musiqi axşamında müxtəlif festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Müşfiq Quliyev və vokalçı Azər Rzazadə Niyazinin “Arzu”, Qara Qarayevin “Eskiz”, “Mən sizi sevirdim”, Fikrət Əmirovun “Ulduz”, “Azərbaycan elləri”, Tofiq Quliyevin “Əziz surət”, Süleyman Ələsgərovun “Küsmərəm”, Rauf Hacıyevin “Bakı” əsərlərini, eləcə də “Gözəlim sənsən”, “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnılarını təqdim ediblər. Konsert proqramı böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, istedadlı pianoçu Müşfiq Quliyev İtaliyada keçirilən gənc ifaçıların “21-ci əsrin incəsənəti” müsabiqəsinin qalibi olub. “Riqoletto”, “Trubadur”, “Traviata”, “Sevil”, “İntizar” operalarında müxtəlif partiyaların ifaçısı Azər Rzazadə isə vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsinin laureatıdır.
Kuba caz qrupu festivala rəng
qatıb
V Qəbələ
Beynəlxalq Musiqi Festivalı çərçivəsində
iyulun 26-da Kubanın məşhur “Santiaguero” caz qrupunun konserti
olub. Tanınmış caz qrupu
tamaşaçılara bu Latın Amerikası ölkəsinin
özünəməxsus musiqisi ilə yanaşı, məşhur
caz kompozisiyalarını da təqdim edib.
“Santiaguero” caz qrupunun
janr baxımından çox zəngin olan repertuarına cazibədar
etno-caz musiqisi də daxil edilib. Öz
ifaları və bəstələri ilə dünyaya səs
salan qrup tamaşaçılara unudulmaz gecə bəxş
edib. Çıxışlar
tamaşaçılar tərəfindən sürəkli
alqışlarla qarşılanıb.
Yeddi virtuoz
ifaçıdan ibarət olan “Santiaguero” caz qrupunun direktoru
Fernando Devuardır. İfaçılar heyətinə
Ruben Matos, İnosensia Heredia kimi tanınmış
musiqiçilər daxildir. Qrupun musiqisi bir
çox məşhur rok və caz musiqiçilərinin və
kollektivlərinin yaradıcılığından
qaynaqlanıb. Qrup dünya ölkələri
arasında mədəniyyətin və incəsənətin
dialoqunu, qarşılıqlı mədəni əlaqələrin
inkişafını, musiqi mədəniyyətini təbliğ
etmək üçün Şərqi Avropa ölkələrində
qastrol səfərlərində olub.
Dünya arenasında
ənənəvi Kuba musiqisini təmsil edən “Santiaguero”
septetinin repertuarı özünəməxsusluğu ilə
seçilir. Kollektiv 2011-ci ildə “Ən
yaxşı ənənəvi tropik albom” nominasiyasında
“Latın Qremmi” mükafatına layiq görülüb.
Yerusəlim
Simfonik Orkestrinin konserti
İyulun 27-də
festivalda daha bir tanınmış kollektivin - Yerusəlim
Simfonik Orkestrinin konserti olub. Məşhur
İsrail musiqiçisi Amos Talmonun dirijorluğu ilə baş
tutan konsertdə orkestr klassik Avropa bəstəkarlarının
əsərlərindən parçalar səsləndirib.
Kollektivin müşayiəti ilə
Azərbaycanın tanınmış pianoçuları - xalq
artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə,
Murad Hüseynov, Yeganə Axundova tamaşaçılara Sergey
Raxmaninovun, Fransis Pulenkin, İohan Bramsın əsərlərini
təqdim edib, gözəl çıxışları ilə
dinləyicilərin sürəkli alqışlarını
qazanıblar.
Öz məharətli
ifası ilə dünyaya səs salan Yerusəlim Simfonik
Orkestri Azərbaycan tamaşaçılarına və xarici
ölkələrdən Qəbələyə gəlmiş
turistlərə unudulmaz gecə bəxş edib.
Yerusəlim Simfonik
Orkestri 1930-cu ildə Fələstin radiosu nəzdində
yaranıb. Kollektivin musiqi direktoru Frederik
Çaslindir. Orkestr maestro Bertininin təsis
etdiyi üç əsas dini musiqiyə həsr olunmuş
liturgiya festivalının daimi
iştirakçısıdır. Dünya
şöhrətli musiqi kollektivi dəfələrlə
Avropanın və ABŞ-ın bir çox şəhərlərində,
ən məşhur konsert salonlarında geniş proqramlarla
çıxış edib.
Vokalçıların Bülbül adına
beynəlxalq müsabiqələri qaliblərinin musiqi çələngi
İyulun 28-də Qəbələ
festivalının proqramında daha bir maraqlı musiqi
axşamı - milli vokal sənətimizin banisi, Azərbaycanın
və SSRİ-nin Xalq artisti, professor Bülbülün
adını daşıyan beynəlxalq vokalçılar
müsabiqələri qaliblərinin ifasında konsert təqdim
olunub.
Məşhur italyan
musiqiçi Mirko Roverellinin dirijorluğu ilə baş tutan
konsertdə Yerusəlim Simfonik Orkestri Azərbaycanın və
Avropanın görkəmli bəstəkarlarının əsərlərindən
parçalar səsləndirib.
“Viva opera” adlı konsertdə Azərbaycan,
Rusiya və Türkiyədən tanınmış
ifaçılar - Sergey Leyfekus, Burçin Savigne, Xalq artisti
Əli Əsgərov, Əməkdar artist Elçin Əzizov,
Azər Rzazadə, Fəridə Məmmədova, Yusif Eyvazov
çıxış ediblər. İfaçılar
tamaşaçılara görkəmli bəstəkarlar
Cüzeppe Verdinin “Bal-maskarad”, “Simon Bokkaneqra”, “Otello”, Umberto
Cordanonun “Andre Şenye”, Cakomo Puççininin “Turandot”,
“Toska”, “Çio-Çio San”, eləcə də Qara Qarayev,
Cövdət Hacıyevin “Vətən” operasından
parçaları təqdim edib, gözəl
çıxışları ilə dinləyicilərin qəlbinə
yol tapıblar.
Dünya şöhrətli
Yerusəlim Simfonik Orkestrinin müşayiəti ilə
keçən növbəti konsert Azərbaycan
tamaşaçılarına və xarici ölkələrdən
Qəbələyə gəlmiş turistlərə unudulmaz
anlar yaşadıb.
“Mən
bir azərbaycanlı olaraq bu uğurlara çox sevinirəm”
Daha sonra səhnəyə
çıxan Bülbül Fondunun prezidenti, Azərbaycanın
Rusiya Federasiyasındakı səfiri, Xalq artisti, professor Polad
Bülbüloğlu tamaşaçıları salamlayıb,
festivalın ərsəyə gəlməsinə görə
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevaya dərin minnətdarlığını
bildirib. Qeyd olunub ki, Mehriban xanım Əliyevanın himayəsi
ilə keçirilən və məşhur
ifaçıların iştirak etdiyi festivalın əks-sədası
bütün musiqi dünyasına yayılıb: “Bu gün Azərbaycanda
regionların sürətli inkişafı Prezident İlham
Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyanı uğurla davam etdirdiyini bir daha göstərir. Mən çox sevinirəm ki, paytaxtla yanaşı,
bölgələrimiz də inkişaf edir. Qəbələ son vaxtlar çox gözəl və
müasir şəhərə çevrilib. 2013-cü ildə MDB-nin “Mədəniyyət
paytaxtı” elan olunan Qəbələdə indiyədək bir
neçə mədəni-humanitar tədbir keçirilib.
Gözəl hotellər, yollar, hava limanı və
digər imkanlar festivalın yüksək səviyyədə təşkil
olunmasına şərait yaradan amillərdir. Mən bir azərbaycanlı olaraq bu uğurlara
çox sevinirəm”.
Gecədə Xalq artisti Polad
Bülbüloğlunun ifasında səsləndirilən “Gəl
ey səhər”, “Azərbaycan” kimi bəstələr, eləcə
də “Ay dilbər”, “Xumar oldum” xalq mahnıları
tamaşaçıların sürəkli alqışları
ilə qarşılanıb.
Sergey
Raxmaninovun əsərlərindən ibarət kamera musiqisi
axşamı
İyulun 29-da beynəlxalq
festivalın proqramına uyğun olaraq “Qafqaz Resort” hotelində
təqdim edilən növbəti kamera musiqisi axşamı
görkəmli rus bəstəkarı Sergey Raxmaninovun xatirəsinə
ithaf olunub.
Musiqi axşamında müxtəlif
festivalların iştirakçısı və beynəlxalq
müsabiqələr laureatları, pianoçular - Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
dosenti Elnarə Keberlinskaya, Səidə Tağızadə, həmçinin
Azərbaycan Dövlət Simli Kvartetinin üzvü, Əməkdar
artist Aleksey Miltıx (violonçel), tanınmış opera
müğənnisi, Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının solisti, Əməkdar artist Gülnaz
İsmayılova tamaşaçılara Sergey Raxmaninovun əsərlərini
təqdim ediblər. İfaçılarımızın
çıxışları alqışlarla
qarşılanıb.
Konsertdə
tanınmış rusiyalı pianoçu Oksana Yablonskayanın
ifası da tamaşaçılara unudulmaz anlar bəxş
edib.
Türkiyəli pianoçunun çıxışı
hərarətlə qarşılanıb
Beynəlxalq
festivalın daha bir unudulmaz musiqi axşamı iyulun 29-da məşhur
türkiyəli pianoçu İdil Biretin ifasında təqdim
olunub. Fransalı musiqiçi Jean Bernard
Pommierin dirijorluğu ilə Yerusəlim Simfonik Orkestrinin
müşayiət etdiyi konsertdə qardaş ölkənin təmsilçisi
görkəmli alman bəstəkarı Robert Şumanın əsərlərindən
parçalar səsləndirib. Konsert
tamaşaçılar tərəfindən hərarətlə
qarşılanıb.
Paris
Konservatoriyasında təhsil almış İdil Biret 16
yaşından Boston, London, Drezden orkestrləri ilə xarici
ölkələrdə geniş konsert proqramı ilə
çıxış edib. O, yorulmadan qastrol səfərlərinə
çıxaraq öz ifasını dünyanın bir çox
guşələrində tanıdıb. Ötən
əsrin 80-ci illərinin ortalarından başlayaraq məşhurlaşan
İdil Biret əsasən caz-pop üslubunda ifa edən
pianoçu kimi tanınır.
İfaçının
albomları milyon yarımdan artıq tirajla satılıb.
Dünya üzrə onlarla konsert vermiş
İdil Biret instrumental musiqinin parlaq ulduzlarından biridir, dəfələrlə
tanınmış musiqiçilərlə, istedadlı sənətkarlarla
eyni səhnədə çıxış edib.
Bir çox
nüfuzlu beynəlxalq mükafatlara layiq görülən
ifaçı klassik musiqi, caz və yeni əsr musiqisinin qlobal
ritmlərinin ahəngi və təsiri ilə dolu olan
coşqun, emosional və ekzotik melodiyaların çox
maraqlı kolleksiyasını tamaşaçılara təqdim
edə bilib. Türkiyəli xanım
pianoçu eyni zamanda orijinal bəstəkar kimi də uğur
qazanıb.
Tanınmış
musiqiçilərin festival təəssüratı
V Qəbələ
Beynəlxalq Musiqi Festivalının iştirakçısı
olan tanınmış musiqiçilər Heydər Əliyev
Fondunun möhtəşəm mədəniyyət layihəsini
yüksək qiymətləndirirlər.
Festivalın bədii rəhbərlərindən
biri, məşhur violonçel ifaçısı, “Yeni Rusiya”
Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski deyib: “Qəbələ
sanki mənim evimdir. Buranın çox gözəl
təbiəti vardır. Burada aeroport fəaliyyət
göstərir, hotellər, istirahət mərkəzləri
mövcuddur. Qəbələ ilə
bağlı təəssüratlarım çox gözəldir
və buraya bir daha qayıtmaq istərdim”.
İsrailli
konsertmeyster Janna Qaldelman Yerusəlim Simfonik Orkestri ilə bir
çox festivallara qatıldığını, Qəbələ
festivalının ona xüsusi zövq bəxş etdiyini deyib.
Onun sözlərinə görə, musiqi
bayramında məşhur ifaçıların və
dirijorların iştirakı tədbirin əhəmiyyətindən
xəbər verir.
Artıq beşinci ildir
ardıcıl keçirilən Qəbələ festivalında
bu il ilk dəfə türkiyəli
ifaçılar da iştirak edirlər. Türkiyəli
vokalçı Burçin Savigne tədbiri yüksək qiymətləndirərək
festivalın dünya musiqi xəritəsində özünəməxsus
yer tutduğunu bildirib.
“Qəbələ
festivalı şəhərə gələn qonaqlara Azərbaycanın
zəngin klassik musiqisi ilə yaxından tanış olmaq
imkanı yaradır. Təbiətin qoynunda
keçirilən bu möhtəşəm ənənəvi
beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi tarixində
yenilikdir”.
Bu sözləri Yerusəlim
Simfonik Orkestrinin üzvü, skripkaçı Janna Qondolko
deyib. O, dünyanın görkəmli musiqi xadimlərinin
konsertlərinin tamaşaçılara əsl sənət
bayramı yaşatdığını vurğulayıb.
“Qəbələnin
gözəlliyi məni heyran etdi. Təbiətin
qoynunda simfonik orkestrin konsertini idarə etmək hər bir
dirijor üçün böyük fəxrdir” - Yerusəlim
Simfonik Orkestrinin tanınmış dirijoru Amos Talmon isə təəssüratını
belə ifadə edib.
Azərbaycana artıq ikinci dəfə
səfər etdiyini bildirən məşhur dirijor mötəbər
tədbirdə çıxış etmək üçün
yaradılan şəraitə görə festivalın təşkilatçılarına
minnətdarlığını bildirib: “İlk dəfə
Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri ilə konsertim olmuşdur. Qəbələ Beynəlxalq Musiqi Festivalına
artıq dünyada böyük maraq yaranıb. Festival çərçivəsində keçirilən
konsertimizdən böyük zövq aldım. Festival müddətində çıxış edəcəyimiz
konsertlərdəki repertuarımız çox zəngindir.
Qəbələnin dağlıq ərazidə
yerləşməsi bizi daha ilhamla çıxış etməyə
ruhlandırır. Bura həqiqətən
heyrətamiz və sehrlidir. Yerusəlimdə
məşqlər zamanı Qəbələyə gələcəyimiz
anı səbirsizliklə gözləyirdik. Dünyanın tanınmış orkestrləri bura
toplaşıb. Bu da mötəbər incəsənət
bayramının beynəlxalq aləmdə getdikcə artan
nüfuzundan xəbər verir”.
“Festivalın mənim
karyeramda əvəzsiz rol oynayacağına inanıram. Bu mötəbər musiqi bayramında bizi dinləməyə
gələn yerli və xarici tamaşaçılardan çox
razıyam” - bu sözləri isə Kubanın “Santiaguero” caz
qrupunun üzvü Fernando Devuar deyib.
Azərbaycanda ilk dəfə olduğunu,
ölkəmiz haqqında telekanallar vasitəsilə məlumatlı
olduğunu bildirən ifaçı festivalın təşkilatçılarına
minnətdarlığını ifadə edib: “Bilirəm ki,
festivalın belə yüksək səviyyədə təşkili
üçün çox vaxt sərf olunub, xeyli zəhmət
çəkilib. Buranın iqlimi çox gözəl,
insanları səmimi və qonaqpərvərdirlər.
Sizin musiqiçilərlə tanış
oldum, yeni dostlar qazandım. Bu mötəbər
sənət bayramına böyük qayğı göstərildiyinin
şahidi oldum. Hisslərimi sözlə
ifadə edə bilmirəm. Festivalda yenidən
iştirak edəcəyimizə inanıram”.
Qeyd edək ki, Heydər Əliyev
Fondunun təşkilatçılığı ilə
keçirilən və Azərbaycanın milli musiqi mədəniyyəti
tarixində yeni bir ənənənin təməli sayılan,
beynəlxalq mədəni əlaqələrin genişləndirilməsində,
zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə
çatdırılmasında mühüm rol oynayan V Qəbələ
Beynəlxalq Musiqi Festivalı avqustun 6-dək davam edəcək.
Mədəniyyət və Turizm Nazirliyi festivala
təşkilati dəstək verir.
Növbəti
kamera musiqisi axşamı
Festivalın
proqramına uyğun olaraq iyulun 30-da “Qafqaz Resort” hotelinin kamera
zalında növbəti kamera musiqisi axşamı
keçirilib.
Proqramda klassik Avropa bəstəkarlarının
əsərlərindən parçalar səsləndirilib.
Konsertdə müxtəlif
nüfuzlu festivalların iştirakçısı və beynəlxalq
müsabiqələr laureatı-tanınmış fransalı
pianoçu Con Bernard Pommier və onun həyat yoldaşı
Olqa Martinova (skripka) çıxış ediblər.
Musiqi axşamında
L.Van Bethoven, Frans Şubertin əsərlərindən
parçalar ifa olunub. Tanınmış
rusiyalı violonçel ifaçısı Dmitri Yablonskinin
çıxışı tamaşaçılara unudulmaz anlar
bəxş edib.
Qazaxıstanlı
skripkaçının çıxışı
alqışlarla qarşılanıb
İyulun 30-da
festival çərçivəsində daha bir konsert
proqramını məşhur qazaxıstanlı skripka
ifaçısı Ayman Musaxacayeva təqdim edib.
Tanınmış ingiltərəli musiqiçi Jan Lothem
Koniqin dirijorluğu ilə keçirilən konsertdə Yerusəlim
Simfonik Orkestrinin müşayiəti ilə klassik rus və
Avropa bəstəkarlarının əsərlərindən
parçalar səsləndirilib. Konsert
tamaşaçıların böyük marağına səbəb
olub.
Mədəniyyət.- 2013.- 31 iyul.-
S. 8-9.