Sənətin 47 ili
Ələkbər
Muradov - 65
Məhsuldar və maraqlı yaradıcılığı ilə Azərbaycan kinosunun inkişafına təkan verən, çoxşaxəli yaradıcılığında daim peşəkarlıq nümayiş etdirən kino xadimlərimizdən biri də Ələkbər Muradovdur. Avqustun 1-də istedadlı kinooperator və kinorejissorun 65 yaşı tamam olur. Ömrünün 47 ilini sevdiyi sahəyə həsr edən sənətkarın kinoda yolu 1966-cı ildən “Azneftxim” studiyasından başlanır. O vaxt həmin studiyada çəkdiyi “İmtahana üç gün qalıb” sənədli filmi ümumittifaq kinohəvəskarları festivalında mükafata layiq görülüb.
Kinoya gedən yol
Ələkbər Yunus oğlu Muradov 1948-ci il avqustun 1-də Bakıda anadan olub. Uşaq yaşlarından rəsmlə maraqlanıb. Məktəbdə yeganə şagird idi ki, fotoqrafiya ilə məşğul olurdu, çəkdiyi fotoşəkillər divar qəzetlərinə vurulardı. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft Kimya İnstitutunda (indiki Azərbaycan Neft Akademiyası) ali təhsil (1966-1971) alır. İnstitutun nəzdində fəaliyyət göstərən “Azneftximfilm” kinostudiyası sənətə marağı olan Ələkbəri özünə çəkir. Studiyanın fotoaparat, kamera, plyonkalarla təmin olunan maddi bazası, orda fəaliyyət göstərən gənclərin yaradıcılıq eşqi Ələkbərin bu sahəyə marağını daha da artırır. Tezliklə studiyanın fəallarından birinə çevrilən gənc istedad çox çəkmir ki, “Azneftximfilm” studiyasına rəhbərlik edir.
Azərbaycan kinosuna uğur gətirən kino xadimlərindən Tariyel Qasımov, Cəmil Fərəcov, Ələsgər İbrahimov və başqaları yaradıcılıq imkanları zəngin olan bu studiyadan bəhrələniblər. Operatorluq sənətini isə Əsgər İsmayılov, Əlisəttar Atakişiyev və başqa tanınmış kinooperatorlar tədris ediblər.
“İmtahana üç gün qalıb” sənədli filminin uğurundan sonra gənc operator rəqs festivalını çəkmək üçün Moldova Respublikasına göndərilir. 1968-ci ildə isə “Səttar Bəhlulzadə” adlı sənədli film çəkir. “Həmin filmin rejissorluğunu Səttar müəllim özü edib. Mən indi də o filmin müxtəlif rakurslu çəkilişlərinə baxarkən düşünürəm ki, həmin vaxtlarda Səttar mənə bu çəkilişləri necə çəkəcəyimi göstərməsəydi mən belə çəkə bilməzdim”, - deyə Ələkbər Muradov həmin dövrü xatırlayır. Beləliklə, “Azneftximfilm” həvəskar kinostudiyasında yaradıcılığı onun operatorluq potensialını üzə çıxarır və bütünlüklə kinoya bağlayır.
Uşaqlıq illərinin xatirələri
Ələkbər müəllimin Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən olan Səttar Bəhlulzadə haqqında əziz və maraqlı xatirələri var. Onun ilk rəsmlərinə, əl işlərinə də ustad sənətkar qiymət verib: “Səttar Bəhlulzadə atamın ən yaxın dostu idi, bir sinifdə oxumuşdular. O hər şənbə bizə gələrdi. Atamla nərd oynayar, çay içər, sənət söhbətləri edərdi. Mən o şənbə gününü səbirsizliklə gözləyərdim. Səttar əmi gələcək, mənim rəsmlərimə baxacaq, məni tərifləyəcəkdi”.
Sonralar Ələkbər müəllim həyat və sənət yoluna zəkası, biliyi ilə nur səpən dahi rəssamın 100 illiyi münasibətilə üçhissəli bədii televiziya filmi çəkdi, onun həyat yolunu geniş tamaşaçı auditoriyasının diqqətinə çatdırmaqla bu böyük sənətkarın ruhu qarşısında vəfa borcunu ödəmiş oldu.
İnstitut illəri
O, Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutuna
qəbul olunduğu vaxtı belə
xatırlayır: “Mən instituta şəkillər
göndərməyə gedəndə atam
mənə, “ora iki dəfə
getmişəm, ora sənlik deyil” - dedi. Mənə 100
manat verib, al bu pulu,
35 manat o tərəfə,
35 manat bu tərəfə
bilet alarsan, amma ora sənlik deyil deyərək tərəddüdlə məni
Moskvaya göndərdi. Moskvadan
gələndən sonra mənə xəbər
gəldi ki, sizin
işlər keçib. Atamın sevinci yerə-göyə
sığmırdı. Mən hesab elədim
ki, atama dünyanı
bağışladım. Kinematoqrafiya İnstitutunda mənə ixtisas
fənnindən SSRİ Dövlət mükafatı
laureatı, məşhur kinooperator Aleksandr Vladimiroviç Qalperin dərs deyirdi. Mən onu kinoda atam
adlandırıram. O, ensiklopedik
biliyə malik bir insan idi.
İki dəfə Stalin mükafatı
laureatı, Sosialist Əməyi Qəhrəmanı
Anatoli Dmitriyeviç Qolovnyadan dərs almışam. Sergey Bondarçukla bir yerdə işləmişəm.
Həmin
illərin gəncliyinin
bəxti onda gətirdi ki, biz həmin kinorejissorlarla bir yerdə olub, onların sənətindən bəhrələnə
bildik. Onlar canlı klassiklər
idi. Həyatımın ən gözəl
anları Moskva Kinematoqrafiya İnstitutunda
keçib”.
Ələkbər Muradov milli kinomuzda 30-dan artıq müxtəlif janrlı filmi lentə alıb. “Qərib cinlər diyarında”
(1977), “Mən nəğmə
qoşuram” (1979), “Qorxma,
mən səninləyəm”
(1981) bədii filmlərində
II operator kimi işləyib,
“Zirzəmi” (1990), “Müqəddəs
oda yanaram” (1991), “O dünyadan salam” (1992), “Mənim ağ şəhərim” (1993) bədii
filmlərinin quruluşçu
operatorudur.
Onun çoxşaxəli yaradıcılığında müxtəlif janrlı sənədli filmlər çoxluq təşkil edir. “Anaya məktub”,
“Gəmiqaya”, “Səadət
təranələri”, “Odlu
ürək”, “Nəsrəddin
Tusi”, “Təkəlduz”,
“Qonaq-qaralı ev” və başqa sənədli filmlərin mizan quruluşları dəqiq, çəkiliş
maneraları fərqli,
dinamikdir.
Vəzifə borcu
Ələkbər Muradov kinoya
gəldiyi ilk vaxtdan gündəmdə olan mövzulara müraciət
edib, dövrünün
aktual problemlərini, hadisələri lentlərə
köçürməyi özünə
vəzifə borcu sayıb. 1990-cı il
20 Yanvar hadisələrində
də o, əlində
kamera gözünü
qan örtmüş sovet ordusu əsgərlərindən
qorxmadan “Azadlıq” meydanında çəkiliş
aparır, doğma vətənində, gözəl
Bakının küçələrində
qanı su yerinə axıdılan həmvətənlərinin faciəsini
ürək ağrısı
ilə lentə köçürürdü. Ağır da
olsa, o qanlı hadisəni çəkirdi
ki, gələcək nəsillər sovet imperiyasının əsl simasını onun gözü ilə izləsinlər, unutmasınlar.
Ələkbər
müəllim həmin
müdhiş gecə saat 12-də Mərdəkan
yolunda şahidi olduğu, çox çətinliklə çəkdiyi
qətliamı ürək
ağrısı ilə
yada salır: “İnsanlar sovet ordu hissələrinin şəhərə hücum
xəbərini eşitmişdilər.
Yuxusu ərşə çəkilən,
əliyalın sakinlər
ağacların altında,
küçədə dəstə-dəstə
cəmləşərək söhbətləşir, belə
qanlı hadisənin baş verəcəyinə
inanmırdılar. Gecə saat
12 radələrində əsgərlər
dinc əhalini qıraraq şəhərə
daxil oldular. Mən ora gedəndə yerdə qırılıb
tökülmüş qab-qacağı,
gülləbaran edilmiş
insanları görüb
dəhşətə gəldim.
Çətinliklə də olsa, bu kadrları lentə aldım. Lakin uzaqdan əsgərlərin
məni gördüklərini
və mənə yaxınlaşdıqlarını gördüm. Məndə də
kaset deyildi ki, çıxarıb cibimə qoyum. Tez plyonkanı çıxarıb
işıq dəyməsin
deyə büküb, maşının oturacağının
altında gizlətdim.
Aeroportu keçən kimi məni saxladılar.
Maşını axtardılar ki,
əlindəki plyonka hanı. Dedim, mən hələ
plyonka götürməyə
gedirəm. Onlar mənə inandılar.
Həmin
illərdə çox
çətinliklər vardı.
İndi də o günləri xatırlayanda dəhşətə
gəlirəm”.
Həmin illərdə dövrün
ictimai-siyasi hadisələri
kino sahəsinə də öz mənfi təsirini göstərmişdi. Fərdi sponsorların
dəstəyi ilə filmlər çəkilsə
də, zəif dramaturji materiallar və texniki çatışmazlıqlar filmlərə
uğur qazandırmırdı.
Kinoda böyük təcrübə
toplayan operator o vaxtlarda
fərdi potensialına,
peşə təcrübəsinə
arxalanaraq çəkdiyi
filmlərə dəqiq
quruluşlar verir, kadrlarda aktyor ifasını qabardır, dinamik çəkiliş üsulu ilə filmlərin təsir gücünü artırırdı.
Ələkbər
müəllim görkəmli
kinorejissor Tofiq Tağızadənin “O dünyadan
salam” (1992) filmində işləyərkən
“Strela” operator texnikası
ilə çiynində
çəkilişlər aparır,
bununla da lazımlı dinamik çəkilişləri gerçəkləşdirirdi.
O, peşəkar
aktyorlarla çox filmlərdə işləyib.
Onların həddən artıq
tələbkar olduğunu
kameranın statik və hərəkətli çəkilişlərini izlədiklərini,
peşə tələblərini
dəfələrlə görüb.
Buna görə o, filmlərdə vacib nüansları, aktyor və detal çəkilişlərini
gözdən qaçırmamağa
çalışırdı.
“Qaladan
tapılan mücrü”
(1982) uşaq-macəra filminin
çəkilişlərinə başlayanda quruluşçu
operator kimi Ələkbər
müəllim filmin ideyasını dəqiq çatdırmaq üçün
müxtəlif çəkiliş
imkanlarından istifadə
edir. Filmdə çətinliklə gerçəkləşən sualtı
və vertolyot çəkilişləri var. Kinonun
məhdud imkanı daxilində belə Ələkbər müəllim
çəkilişləri gerçəkləşdirmək
üçün lazımi
yerlərə müraciət
edir, kömək istəməkdən çəkinmirdi.
Kino kollektiv
sənət növüdür.
Sənətə can yandıran,
hər şeydən əvvəl peşəkarlığını
nümayiş etdirən
sənətkarlar sayəsində
filmlər səviyyəli
alınır, geniş
tamaşaçı auditoriyası
toplayır. Ələkbər Muradov istər
operator, istərsə də
rejissor kimi sənəti ilə tamaşaçı diqqətini
cəlb etməyi bacaran kino xadimlərimizdəndir.
Bu da insanların
filmlərə olan münasibətini dəqiq
bilməsindən, mövzuların
tamaşaçı qəlbinə
yol tapa biləcəyini hiss etməsindən
irəli gəlir.
Ələkbər Muradov aktyor
plastikasından, potensialından
məharətlə istifadə
edən rejissorlardandır.
O, 2002-ci ildə ilk dəfə
rejissor debütünü
edir, kəskin süjetli “Güllələnmə
təxirə salınır”
psixoloji dramını
çəkib. Filmin mövzusu bir qrup gəncin 1941-1945-ci illər müharibəsindən
sonra insanlara göstərdikləri köməkdən
və başsız qalmış ailələri
qorumalarından bəhs
edir. Hüquqi baxımdan bu
cavanlara “oğru” deyilsə də, haqqı nahağa verməyən gənclərin
davranışı insanlar
arasında qəhrəmanlıq
kimi qarşılanır.
Sənətkar hazırda Bakı
Slavyan Universitetində
foto jurnalistikasından
dərs deyir. O, qayğıkeş ər, mehriban ata kimi
də ailəsinin məsuliyyətini daşıyır,
övladlarının qayğısına
qalır. Milli kinomuza dəyərli
töhfələr verən,
peşə borcunu layiqincə yerinə yetirən Ələkbər
müəllim rejissorluq
fəaliyyətini ürək
sözlərini müstəqil
olaraq bəyan etmə istəyinə bağlayır. “Bu gün də ekranda deməyə sözüm var” - deməklə yeni-yeni filmlər çəkmək
həvəsindədir. Biz də ona
möhkəm cansağlığı,
yeni yaradıcılıq
uğurları diləyirik.
Şəhla Bürcəliyeva,
kinoşünas
Mədəniyyət.- 2013.- 31 iyul.-
S. 12.