Təsəvvüf
poeziyasının görkəmli nümayəndəsi
Şeyx İbrahim Gülşəni
Bərdəinin yaradıcılığına həsr
olunmuş poeziya gecəsi
Bərdə rayon Mərkəzi kitabxanasında XV-XVI əsrlər Azərbaycan təsəvvüf poeziyasının görkəmli nümayəndəsi Şeyx İbrahim Gülşəni Bərdəinin yaradıcılığına həsr edilmiş poeziya gecəsi keçirilib.
Tədbirdə çıxış edənlər Şeyx İbrahim Gülşəni Bərdəinin həyat və yaradıcılığından danışıblar. Məlumat verilib ki, Şeyx İbrahim ibn Şahabəddin Gülşəni təxminən 1426-1427-ci illərdə Bərdədə doğulub, gənc yaşlarında Təbrizə gedərək XV əsrin filosofu Seyid Yəhya Şirvani Bakuvinin yetirməsi Dədə Ömər Rövşəninin tələbəsi olub. Gülşəni uzun illər Türkiyə və Misirdə yaşayıb, ustad-müəllim kimi məşhurlaşaraq özünə ardıcıllar cəlb edib.
Gülşəni Bərdəinin ədəbi irsi “Ruznamə”, “Qədəmnamə”, “Simurqnamə”, “Pəndnamə”, “Məsnəviyi-xəfi”, İbn-Əl-Farizin “Qasideyi taiyyə”sinə yazdığı cavabdan və Azərbaycan, ərəb, fars dillərində olan divanlarından ibarətdir. Klassik Şərq ədəbiyyatına, xalq yaradıcılığına, folklora bağlı olan Gülşəni Bərdəinin əsərləri dünyanın müxtəlif əlyazma xəzinələri və kitabxanalarında mühafizə edilir.
Tədbirdə şair və fəal oxucular
Gülşəni Bərdəinin
yaradıcılığından nümunələr səsləndiriblər.
Mədəniyyət.- 2013.- 31 iyul.-
S. 13.