Ağdamda arxeoloji qazıntılar

 

   Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda aparılan arxeoloji qazıntı zamanı yeni materiallar aşkarlanıb.

   AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov bildirib ki, “Palıdlı” nekropolunda eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbir aşkar edilib. Qəbrin ətrafında müxtəlif tip keramika nümunələri - küplər və cam aşkar edilib.

   Ekspedisiya rəhbərinin sözlərinə görə, “Palıdlı” nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb, 20-dək qəbir açılıb. Eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları aşkar edilib. Tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn edildiyini göstərir.

   Xocalı-Gədəbəy mədəniyyətinə aid bu tapıntılar qazıntı aparılan ərazidə son tuncilk dəmir dövründə davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin inkişafını təsdiqləyir. Bu materiallar Qarabağın aran və dağlıq ərazilərində tarixən eyni mədəniyyətin daşıyıcılarının yaşadıqlarını bir daha təsdiq edir. “Palıdlı” nekropolunda tədqiqatlar davam edir.

 

Mədəniyyət.- 2013.- 31 iyul.- S. 13.