Mədəniyyətlərarası dialoqda gənclərin rolu

 

Bakı Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının Birinci Məzunlar Sammiti keçirildi

  

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə mayın 29-dan iyunun 1-dək Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamadevizi altında keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif mövzularda plenarişçi sessiyalarla yanaşı, bu formatda ilk dəfə gerçəkləşən toplantılarla da yadda qaldı. Mayın 31-də “Park İNN" hotelində BMT-nin Sivilizasiyalar Alyansının inkişaf edən liderlərinin Birinci Məzunlar Sammiti keçirildi.

  

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan gəncləri ölkədə həyata keçirilən bütün layihələrə cəlb olunurlar. Bu da onların inkişafına böyük töhfədir. Gənclər eyni zamanda beynəlxalq layihələrdə də aktivlik göstərir, bacarıqlarını təkmilləşdirməyə çalışırlar: “Bu istiqamətdə tədbirlər, simpoziumlar keçirilir. Biz mədəniyyətlərimizin inkişafı istiqamətində daha yaxşı anlaşma, daha yaxşı dialoq üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

   Nazir BMT-nin Sivilizasiyalar Alyansının inkişaf edən liderlərinin Birinci Məzunlar Sammitinin əhəmiyyətini vurğulayıb: “Bu gün görülən işlər bəşəriyyətin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, maraqlı diskussiyalar daha yaxşı anlaşmanın əldə olunmasına yönəlməlidir”.

   BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser “İnkişaf edən liderlər” proqramı haqqında məlumat verdi. Qeyd olundu ki, proqramın məqsədi Qərb və İslam dünyasında bir-birini yaxşı tanıyan, eləcə də qarşılıqlı surətdə mənsub olduqları cəmiyyəti, onun mədəniyyətini dərindən öyrənən, ona hörmət edən, qarşılıqlı inam və gələcək əməkdaşlığı inkişaf etdirən yeni nəsil liderlər yetişdirməkdir.

   Ali nümayəndə Bakı Forumunda gənclərin bir araya gəlməsini təqdirlə vurğuladı: “Bu, ilk addımdır. Biz proqramın genişləndirilməsini düşünürük. Nümayəndə heyətləri proqramla bağlı öz şərhlərini bizə bildirirdilər. Əksəriyyət razılaşdı ki, sivilizasiyalar arasında ziddiyyət yoxdur. Yalnız sivilizasiyalara etinasız yanaşan tərəflər arasında təzadlar mövcuddur. Bu proqram gənclərin geniş masa arxasında dialoquna imkan verir. Bir sıra tanınmış beynəlxalq təşkilatların bu proqramı dəstəkləməsi bizi çox sevindirir. İnanıram ki, bütün tərəfdaşlar gələcəkdə də dəstəyini göstərəcək”.

   Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd etdi ki, ölkədə uğurla həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri onların mədəniyyətlərarası dialoqda iştirakına şərait yaratmaqdır. Bu baxımdan sammitin Azərbaycanda keçirilməsi böyük əhəmiyyət daşıyır.

   Tədbirdə “İnkişaf edən liderlər” proqramının məzunlarına diplomlar təqdim edildi.

   Sonra məzunlar arasında proqram çərçivəsində görülmüş işlər barədə fikir mübadiləsi aparıldı.

  

   Ceyhun

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 4.