Ənvər Məmmədxanlının 100 illiyinə həsr edilmiş konfrans

 

   İyunun 7-də Azərbaycan Dövlət Teatr Muzeyinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Xalq yazıçısı, SSRİ Dövlət Mükafatı laureatı Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib.

   Konfransda muzeyin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılova və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə çıxış edərək Prezident İlham Əliyevin 2013-cü il 6 fevral tarixli sərəncamına əsasən Ənvər Məmmədxanlının 100 illik yubileyinin qeyd olunmasının ölkəmizin ədəbi-mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıblar.

   Qeyd olunub ki, nasir, dramaturq, ssenarist və tərcüməçi kimi fəaliyyət göstərmiş Ə.Məmmədxanlı Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, teatr və kino sənətimizə çox dəyərli töhfələr verib. Azərbaycan ədəbi mühitində öz üslubu və dəst-xətti ilə seçilən yazıçının “Şərqin səhəri”, “Od içində” pyesləri və “Şirvan gözəli” lirik komediyası tamaşaya qoyulub. O, “Fətəli xan”, “Leyli və Məcnun”, “Babək” və s. filmlərin ssenari müəllifidir.

   Tədbirdə Ənvər Məmmədxanlının pyesləri və tərcümə əsərləri, ssenariləri əsasında çəkilmiş filmlərin musiqisi və s. mövzularda məruzələr dinlənilib, Xalq yazıçısının çoxşaxəli yaradıcılığı təhlil edilib. Muzeyin əməkdaşları tərəfindən hazırlanmış və ədibin əsərlərinin səhnə təcəssümünü, ssenariləri əsasında çəkilmiş filmlərdən kadrları əks etdirən videoçarx nümayiş olunub.

 

Mədəniyyət.- 2013.- 12 iyun.- S. 12.