Dost gəlişi bayram olar

 

Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri iki ölkə arasında ənənəvi tərəfdaşlıq münasibətlərinin göstəricisidir

  

İyunun 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Ukrayna Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirildi.

 Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mədəniyyət günlərinin «2011-2015-ci illər üçün Ukrayna ilə Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlıq tədbirləri planı»na uyğun gerçəkləşdiyini diqqətə çatdırdı.

   Ukraynanın həmişə Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyən nazir müavini bildirdi ki, iki ölkənin xalqlarını bir-birinə möhkəm dostluq və qardaşlıq telləri bağlayır: “Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edir. Azərbaycan təmsilçiləri Ukraynada keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun «Min bir gecə» baleti artıq neçə ildir ki, Ukrayna səhnələrində uğurla nümayiş etdirilir. Ukraynalı gənc ifaçılar vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsində mütəmadi iştirak edirlər».

   Ukrayna mədəniyyət nazirinin birinci müavini Timofey Qriqoryeviç Koxan iki ölkə arasında ənənəvi tərəfdaşlıq münasibətlərinin göstəricisi olan incəsənət bayramının təşkilinə görə minnətdarlığını bildirərək qeyd etdi ki, artıq üçüncü dəfədir Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçirilir: «Hər dəfə bizim mədəniyyət və incəsənət ustalarımız Azərbaycanda böyük həvəslə çıxış edirlər. Bu günlər çərçivəsində baş tutan konsertlər, müxtəlif tədbirlər artıq bir protokol qaydasına uyğun həyata keçirilmir. Bunlar qarşılıqlı sevgi və istəklə reallaşdırılan tədbirlərdir”.

   Çıxışlardan sonra söz dost ölkənin incəsənət ustalarına verildi. Mərasim P.Virski adına Ukrayna Akademik Milli Rəqs Ansamblının çıxışı ilə başlandı. Məşhur kollektivin ifasında «Polzunes» və «Qopak» rəqsləri, Ukrayna xalqının uzaq keçmişindən bəhs edən xoreoqrafik nömrələr tamaşaçılar tərəfindən maraqla qarşılandı.

   Qeyd edək ki, mərasim çərçivəsində Filarmoniyanın foyesində «Ukrayna bu gün» adlı fotosərgi də açılmışdı. Burada həmçinin «Kəhrəba mozaikalar» adlı unikal kulturoloji layihənin təqdimatı oldu. Tədbir iştirakçılarına ukraynalı rəssamların «Nar ağacı» və «Buta ağacı» adlı kəhrəba mozaik pannoları da təqdim edildi. Bu əsərlər məxsusi olaraq Bakı sərgisi üçün hazırlanmışdı. Şəki Xan Sarayının naxışları və motivləri əsasında yaradılmış “Dünya həyat ağacı” mövzusunda təqdimat xüsusi maraq doğurdu.

   Sərgidə kəhrəba mozaikalarla bərabər, rəngli şüşədən installyasiyalar, vazalar, kəhrəba oyuncaqlar, «Oranta» və «Sofiya ağacı» kəhrəba mozaikalarının fotosurətləri də nümayiş etdirilirdi.

   Qeyd edək ki, Ukrayna sənaye üsulu ilə kəhrəba hasilatına görə dünyada ikinci yeri tutur. Kəhrəba Rovno vilayətindəki Vladimires-Vostoçnı yatağından çıxarılır.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 19 iyun.- S. 9.