Mədəni ifadə
müxtəlifliyinin qorunması və təşviqi üzrə
konfrans
İyunun 11-14-də Parisdə
UNESCO-nun “Mədəni ifadə müxtəlifliyinin
qorunması və təşviq olunması haqqında
Konvensiya”sına üzv dövlətlərin 4-cü konfransı
keçirilib. Konfransda mədəniyyət və turizm nazirinin
müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə
Azərbaycan nümayəndə heyəti iştirak edib.
Konfransın keçirilməsində əsas məqsəd konvensiyadan irəli gələn bir sıra məsələlərin, eləcə də üzv dövlətlər tərəfindən sənədin müddəalarının həyata keçirilməsi ilə bağlı vəziyyətin müzakirə edilməsi olub. Tədbirdə ilk dəfə olaraq 49 üzv dövlətin dördillik hesabatları nəzərdən keçirilib, katibliyin hesabatlarla bağlı təhlil səciyyəli sənədi və tövsiyələri müzakirə edilib.
Bununla yanaşı, Mədəni ifadə müxtəlifliyinin qorunması və təşviq olunması üzrə Hökumətlərarası Komitənin fəaliyyəti və qərarları haqqında 2012-ci il üzrə hesabatı, eləcə də katibliyin 2012-ci il üzrə fəaliyyətinin hesabatı dinlənilib. Konfransda Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondun istifadə olunan maliyyə vəsaitləri haqqında məlumat verilib və hazırkı vəziyyət nəzərdən keçirilib.
Fondun vəsaitindən və Konvensiyanın emblemindən istifadə ilə bağlı “Konvensiyanın Fəaliyyət Qaydaları”na düzəlişlər müzakirə edilərək qəbul olunub. Konvensiyanın yeni emblemi ilə bağlı təkliflər də nəzərdən keçirilib və yeni emblem təsdiq edilib.
Konvensiyanın 21-ci maddəsinin üzv dövlətlər tərəfindən həyata keçirilməsi ilə bağlı katiblik tərəfindən hazırlanan analitik məlumat da konfransda müzakirə edilib. Sözügedən maddə sənədin məqsəd və prinsiplərinin bütün müstəvilərdə, o cümlədən beynəlxalq, regional, ikitərəfli və yerli səviyyədə təşviq edilməsi ilə bağlı öhdəliyi nəzərdə tutur. Katiblik tərəfindən təqdim edilən məlumat üzv dövlətlərin xüsusi sorğu vərəqəsinə cavabları əsasında tərtib edilib.
Bu məsələ müzakirə edilən zaman mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, Azərbaycanın əsrlər boyu çoxmillətli bir ölkə olduğunu, ölkəmizdə mədəni müxtəliflik məsələsinə daim önəm verildiyini diqqətə çatdırıb, bu məsələnin yerli icmalar arasında təşviq edildiyini, eləcə də Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu vasitəsilə beynəlxalq səviyyədə təmin olunduğunu bildirib.
Konfransın
yekununda Mədəni ifadə müxtəlifliyinin
qorunması və təşviq olunması üzrə Hökumətlərarası
Komitənin gələcək fəaliyyəti, o
cümlədən üzv dövlətlər
tərəfindən yeni dördillik
hesabatların nəzərdən keçirilməsi, Mədəni
Müxtəliflik üzrə Beynəlxalq Fondun
maliyyə mənbələrinin artırılması,
konvensiyanın daha yaxşı təbliğ
edilməsi və onu ratifikasiya
edən ölkələrin sayının artırılması
kimi məsələlər müzakirə
edilib.
Mədəniyyət.- 2013.- 19 iyun.-
S. 9.