Qaxda yay turizm mövsümü başlanıb

 

   Qax rayonunun İlisu kəndində yerləşən «İlisu» pansionatında yay turizm mövsümünün açılışına həsr olunmuş tədbir keçirilib. Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən xəbərə görə, turizm obyektləri və istirahət mərkəzləri rəhbərlərinin iştirak etdiyi tədbirdə əvvəlcə bölgənin turizm potensialını əks etdirən sərgiyə baxış olub.

   Şöbənin müdiri Nəzir Omarov «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nda qarşıya qoyulan tələblərə uyğun olaraq Qaxda da yüksək standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda rayonda 11 turizm obyekti fəaliyyət göstərir. Son dövrlər beşulduzlu «El Resort» hotel kompleksinin, «İçəribazar» turizm mədəniyyət mərkəzinin istifadəyə verilməsi turistlərin əsrarəngiz təbiəti və iqlimi ilə seçilən Qax rayonuna marağını daha da artırıb: «Yay mövsümünə hazırlıqla əlaqədar turizm obyektlərində yerlərin sayı artırılıb, xidmət növləri çoxaldılıb. Obyektlərdə müasir standartlara uyğun idman meydançaları, su hovuzları quraşdırılıb, uşaqlar üçün əyləncə yerləri yaradılıb, müalicəvi vannalar, kinozallar, diskotekalar təşkil edilib. İlisu kəndindəki «Səngər qala» turizm və istirahət mərkəzində inşa edilən 90 yerlik hotel binasının tikintisi başa çatmaq üzrədir və obyektin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. «El Resort» və «Eden» turizm mərkəzlərində turistlərə xidmət növlərinin sayını və keyfiyyətini artırmaq üçün köməkçi binalar tikilib. Ümumiyyətlə, cari mövsümdə rayonun turizm obyektlərində yerlərin sayının 700-ə çatdırılması nəzərdə tutulur. Hazırda turizm obyektlərində qiymətlər səhər yeməyi də daxil olmaqla, bir nəfər üçün 17-55 manat arasında müəyyənləşdirilib. Mövsüm ərzində qiymətlərin endirilməsi də istisna deyil».

   Şöbə müdiri qeyd edib ki, turizm mövsümünün başlanması ilə əlaqədar obyektlərdə işçilərin peşə səviyyəsinin yüksəldilməsinə diqqət artırılıb, onların Mədəniyyət və Turizm Nazirliyi, eləcə də turizm şirkətləri tərəfindən keçirilən treninqlərdə iştirakı təmin edilib. Turistlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə obyektlərdə müxtəlif mədəni-kütləvi tədbirlərin, əyləncəli proqramların, gəzintilərin keçirilməsi nəzərdə tutulub. Ailəvi, eləcə də kollektiv ekskursiyalar üçün marşrutlar müəyyənləşdirilib.

  

   F.Abdullayeva

 

Mədəniyyət.- 2013.- 19 iyun.- S. 11.