Tək Sabir...
Bənzərsiz şairin növbəti
ildönümünə dair möhtəşəm tədbir
1962-ci ildən keçirilir bu tədbir. Statistikaca yubilyarın “Gərçi
qocadır - babam yaşında” təşbehini
andırsa da, faktoloji sarıdan hər il
gənclik təravətilə
keçirilən tədbir.
Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Yazıçılar
Birliyi və böyük Söz qədri bilən xalq nümayəndələrinin
eyni status, ortaq sevgi, bərabər mütaliə-bilgi ilə qatıldıqları tədbir.
Öncə, deyilən tarixçədən
bəri hər dəfə eyni ayın - mayın son günlərində eyni
format, beş-üç ildən
bir tərkibi təzələnən təşkilati
heyət, isim-sifətləri
yenilənən sadə
camaat və dəyişilməz adla keçirilən bu gözəl-özəl mərasimin
adı barədə.
“Sabir poeziya...”
Hamıya bəlli son sözü
həm bilərəkdən,
həm də ehtiva lokallığına
görə yazmadım.
“Bilərəkdən”imin açması bu ki, Sabir elə
poeziya deməkdir.
“Ehtiva lokallığı”
isə bir az füzun
məsələdir...
Yəni hər gün, hər saat bu
xalqın xatırladığı,
yüz ildən çoxdur hər iki-üç alayı söz-söhbətdən bir
gah “birbaşa”, gah dolayı rabitədə olduğu, bəzi dövrlərdə
hör-hökumətdən, hərdənlərdə zəmanədən,
hər dəmlərdə
məmurlardan, mənfurlardan,
kafərlərdən maddi-psixoloji
məlamətlər, milli-siyasi
rəzalətlər yaşadığı
məqamlarda mənəvi
məlhəm kəlamlarını
dilə gətirib səhhəti-səlamətlik tapdığı
bir ədəbi-əbədi
Pir Şair haqda - necə yəni, sadəcə, “Sabir Poeziya Günləri”?..
İnanmıram, mənim bir
irrasional iradıma çox tərəfdar tapıla - hətta, ötən ayın son günü sıralarına
mətbuat üzvü
olaraq qatıldığım
bu tədbirin iştirakçıları arasında
belə. Yəni,
bir az
təbiətən, xeyli
dərəcə fitrətən,
bir azca da “ixtisas”ca maksimalist olan şairlər, yazıçı,
dramaturq və tənqidçilər arasında.
Onlar bu məna, bu qapsamlı
başqa bir adlığın (tutalım,
“Sabir Poeziya İli”nin) mümkün
olmadığını (və
elə mənim də bunu bilə-bilə
yazdığımı) məndən
də yaxşı bilirlər. Amma onlar (və onların orada iştirak edə bilməyən və etməyən həmkarları)
- rasionalistlərdən fərqli
olaraq - bunun da farkındadırlar ki, belə bir
arzu-xəyala düşməyin
nəyi pisdir ki?..
Hər mövzunu, mətləbi, olayı: -
“- Zilli Sultan, bura say, söydürüb aldıqlarını,
Döyüb aldıqlarını,
döydürüb aldıqlarını!
- Tövbə, əttövbə
xəta rahinə getdiklərimə,
Bilib etdiklərimə, bilməyib etdiklərimə...”
qədər qısa-konkret xətm
edən bir Ulunun üslub-üsuluna nisbətdə hələ
də “Dərsə gedən...” çabasında
olan bəndənizin nəqli “giriş”indən
informativ-situativ gedişinə
keçək.
31 may 2013-cü il. Səhər saat 8:00. Bir əsrdə adı
üç dəfə
dəyişmiş İstiqlal
küçəsi. Sehrli sir-sifətindən
millətin əhvalı
süzülən, təqdim
lövhəciyinə “Mirzə
Ələkbər Sabir
Tahirzadə 1862-1911” yazılmış
heykəl-abidə. Amma... hər
zaman - sağlığında
da, hələlik yüz iki illik
cismani yoxluğunda və bütün gələcəklərdə də
ayaqda olmuş ola-ola... oturmuş halda. Hansı ki, onun burada
indikindən 36 il öncə qoyulmuş (1922) ilk heykəli
ayaq üstdə olub. 1958-ci ildə isə - o vaxtkı “xalq düşmənləri”ndən
birinin dediyi kimi - “Sabiri də oturtdular”...
Saat 9:00. Bayaqdan əllərində qızıl
güllərlə, duyğularında
xoş sözlərlə,
məhəbbət və
ehtiramla, yubilyara məxsus alovlu misralarla iki bir-üç bir gələnlər abidəyə
yaxınlaşırlar. Təzə-tər güllər, çiçəklər
abidənin postamenti önünə düzülür.
Ziyarətçilərin zahirən susqun,
daxilən coşğun
surətlərindən dini
dualar, poetik hallar süzülür.
Maşın karvanı Şamaxıya
- Azərbaycan və dünya ədəbiyyatına
belə bir təkrarsız şair, nəhəng satirik bəxş etmiş yurda doğru yol alır. Digər avtomobillərdəkilərin nə
söhbətlər etdiklərini
deyəmmərəm, ancaq,
mənim də əyləşdiyim komfort
avtobusda “yola körpü” salmaq məqsədilə söylənən
söhbətlər, misralar
içərisində “...Biz hələ avtomobil minməyiriz”, “Pa atonnan, nə ağır yatdı bu oğlan...”
mövzulu misralar dilə gəlmir. Nədən ki, sürət, təşkilati vəziyyət,
yol mədəniyyəti
məsələlərinin hamısı
bu mədəniyyət-ədəbiyyat
adamlarının tam ürəyincədir.
Bu da
mənzil başı.
Maşınlardan düşənlər gözəl, geniş bir təbiət məkanı ilə - Heydər Əliyev parkıyla üz-üzədirlər.
Onlar buradakı izdihama qoşulub, ümummilli liderin - parkın o başında ucalan abidəsinə doğru addımlayır, əllərindəki
gül-çiçək dəstələrini
postament önünə
düzərək sayğı
duruşuna dururlar.
Növbəti məkan minilliklər
Şamaxısının özü
qədər qədim qəbiristanlığı. Burada ruh mayakı kimi ucalan abidə-məzar.
Əlbəttə, Mirzə Ələkbər!
Xeyriyyəçi-şair Gülağa
Tənhanın hesabına
başa gəlmiş bu gözəl abidə əsl xəlqi mavzoley görkəmindədir. Aşağıda
söz açacağım
tədbir iştirakçılarından
biri - mərasimin səs-ün bəyandarı
Ağalar Bayramovun söylədiyi məlum-məşhur
şeirin “Bənzərəm
bir qocaman dağa ki, - dəryada durar!” misrası elə bu abidəyə müqəyyəd heyrət
işarəsi kimi də səslənir.
Nəhayət, “S.Ə.Şirvani küçəsi - 48”. M.Ə.Sabirin ev-muzeyinin yerləşdiyi
ünvan. O qədər
də geniş olmayan həyətdə izdiham ab-havası ilə qaynayan poetik bir həyat.
Yığıncağı Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Qasım Qasımov açır.
Qonaqları, yığıncaq
iştirakçılarını ehtiramla salamlayıb, sevgilərlə “xoşgəldin”
edən, bir az rəsmi-protokol
çıxışını “hamıdan öncə öz şamaxılısı”nın
tablo-portret misralarıyla
naxışlayan ev yiyəsi sözü tədbirin təşkilat komitəsinin sədri şair Əjdər Ola verir. “Bizim ümumdünya Sabirimiz”, “Şərhə gəlməyən
şairimiz” kimi təşbehlər işlədib,
çox mətləbə
toxunan, onu həm də “ictimai fərdin etiraf mədəniyyətinin
- özünə özündən
bax” fəlsəfəsinin
yaradıcısı kimi
qiymətləndirən təşkilatçı-natiq,
sözünü “danışmaqla,
öyməklə, yazmaqla
qurtarmayan Sabir” məntiqilə bitirib, çağımızın ən
orijinal düşüncələr,
ən incə hisslər, diləzbər mahnılar ustadını
- Xalq şairi Fikrət Qocanı mikrofona dəvət edir. Soyadca “Qoca” olsa da, ruhca çox
cavana dəyən fitrəti-Fikrət müəllim
hələ mikrofona çatmamış fövri
bir nitq irad edir. “Deyinib”-deyir
ki, mən bu Sabirsevər aşiqlər qarşısında,
darıdələr qulaqlar
hədəfində hansı
nitqimlə çıxış
edim?! Buna baxmayaraq, sözü çoxlarının avazından
çox uca olan şair bir neçə kəlmeyi-nəsr və bir nəzm söyləyib,
sürəkli alqışlar
altında - bu yarı ayaqüstü, yarı oturaq mərasimdə elə əvvəldən tutduğu
təvazökarlıq sıralarındakı
yerinə qayıdır.
Sonra meydana əsl xəlqi şair - Məmməd Aslan çıxır. “Sabir
həm özüylə
yaşıddır, həm
Füzuliylə”, “Mirzə
Ələkbər bizim
- xalq dərdini yazmış ümummilli mirzəmizdir” kimi postulatlar söyləyir, maraqlı xatirələr çözür (bir vaxt Sabirin oğlu
Məmmədsəlim müəllim
ona söyləyib ki: “Atamın böyüklüyü qarşısında
balacalığımdan utanıram”
və s.), öz şeirlərindən nümunələr
oxuyur. Məşhur “Rza” təxəllüslülərimizin
ünlü davamçısı
Oqtay Rza, görkəmli tənqidçi
Vaqif Yusifli, populyar nasir Mustafa Çəmənli, müasir
səhnəmizin bayraqdar
müəlliflərindən olan dramaturq Əli Əmirli, ovxarlı qələmiylə
yazdıqlarını özünəməxsus
tərz-tonuyla bir az da axar-baxarlandıran
Qardaşxan Əziz və başqaları ötən əsrin bütün gələcəklərçün
doğduğu bu poeziya fenomenimizlə bağlı fikir və misralarını dilə gətirirlər.
Daha sonra, iyirmi beş
ildir Münhendə yaşasa da, imkan tapdıqca bu sayaq tədbirlərimizdə
iştirak etdiyindən
şərəf duyan Simax Şeyda (yəhudi), Qarabağ qazisi Əziz Musa, Elman Səmədoğlu, xanım
şairlərdən Məlahət
Yusifqızı, Şəfəq
Sahibli və Narıngül böyük
Sabir nəhr-bəhrində
qələmə aldıqları
şeirlərindən parçalar
söyləyirlər. Buradakı
qonaqlar arasındakı
birisinin adını isə Sabiranə şeirlərindən birinin
iki bəndi üstündə çəkirəm
- Ramiz Qusarçaylı:
Düşməndən dərs yükü
alıb,
Dərdinə daldığım
Vətən...
Qarabağda “2” alıb,
Sinifdə qaldığım
Vətən...
Oğul-oğul çiçəkləndi,
Şəhid-şəhid ləçəkləndi,
Xocalıda çilikləndi
-
Əlimdən saldığım
Vətən...
Rəngarəng
ovqatlı bu möhtəşəm tədbirin
- Aşıq Ağamuradın
havalı avazı, Ağalar Bayramovun “dava”lı səsi, Sabirin bir şeirini
səhnələşdirmiş məktəbli uşaqların
ləzzətli şəbehi
və çalğıların
bir dəc məqamında ortaya düşüb qol götürən 4-5 yaşlı
bir qızcığazın
“bu boyda-bu boyda” ritmli oyunu
ilə gələn ilin bugünlərinədək
yaddaşlarda yaşayacağı
zəmanətilə:
Tahir Abbaslı
Mədəniyyət.- 2013.- 5 iyun.-
S. 12.