Səhnədə
ilk əvvəl hadisə baş
verməlidir
Teatrşünas
və nasir Çingiz Ələsgərli məni dramaturq
Çingiz Ələsgərli ilə dost edib. Çingiz həyatda kövrək,
qayğıkeş və səmimidir. Çingiz
yaradıcılıqda iddiasız və ciddidir.
Adil Mirseyid
O, İnsan ömrünün nağılına qulaq asmaq üçün İxtira etdi, Milyon ilin sevgisini qazandı, Yabançı dostlarla dostlaşdı, Həyat oyun olanda öz dünyasına qapanıb Ana fəryadını eşidə-eşidə Şahidə çevrilən şəhid pyesini yazdı. İnam olanda - Yeni ilə az qalanda doqquz pyesini bir papaq altına topladı - kitab bağladı.
Beləliklə, müsahibim istedadlı teatrşünas, yazıçı-dramaturq, Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinin aparıcı məsləhətçisi, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Çingiz Ələsgərlidir.
- Çingiz müəllim, xahiş edirəm, özünüzü oxucularımıza bir az da yaxından tanış edəsiniz?
- 1952-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən bakılı olsam da, özümü bu ölkənin hər obasının övladı sayıram. Çünki Azərbaycanın istənilən guşəsində mənim çox dəyərli dostlarım var. İxtisas etibarı ilə teatrşünasam, indiki Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirmişəm. 20 ildən çoxdur ki, dramaturgiya ilə məşğulam. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində şöbə müdiri, Mədəniyyət Nazirliyində aparıcı mütəxəssis, Hüseyn Cavidin ev-muzeyində elmi katib, Azərbaycan qəzetində müxbir, ANS kanalında redaktor və s. vəzifələrdə işləmişəm. Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqında şöbə müdiri vəzifəsində çalışıram. Beş ilə yaxındır ki, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. 20-yə yaxın dram əsərinin və 300-ə qədər məqalənin müəllifiyəm. Bütün bu illər ərzində çalışmışam ki, cüzi də olsa istər teatrşünas, istər pedaqoq, istərsə də dramaturq kimi mədəniyyətimizə xidmət edim.
Mənə toxunan mövzulardan yazmışam
- 20 ildən artıqdır, dramaturgiya ilə məşğulsunuz. Bu vaxtadək nə qədər əsəriniz tamaşaya qoyulub?
- İnsanların bir-birinə biganəliyi məni həmişə narahat edir. Mən də bu problemə müraciət etdim 31-32 yaşımda İxtira pyesimi yazdım. O əsər bir müddət arxivdə qaldı. O vaxtlar Mədəniyyət Nazirliyində İncəsənət baş idarəsi vardı, pyesi idarənin şöbə müdiri Vaqif Əlixanlıya təqdim etdim. Bir neçə gündən sonra zəng edib pyesin taleyi ilə maraqlananda dedi ki, pasportunu da götür gəl nazirliyə, səninlə müqavilə bağlamaq istəyirlər. Müqavilə bağlandı, məni mühasibatlığa göndərdilər, 1500 rubl qonorar aldım. O dövr üçün bu, çox böyük pul idi. Pyesi də Mingəçevir Dövlət Dram Teatrına göndərdilər. Pyeslərimdən 12-si dövlət teatrlarında tamaşaya qoyulub. İndi də dram əsərləri yazıram, eyni zamanda bədii yaradıcılığın başqa sahələrində də qələmimi sınayıram.
- İlk
pyesinizin premyerasında
iştirak etdiniz?
- Çox təəssüf ki, ilk pyesimin tamaşasını
görə bilmədim.
Eşitmişdim ki, Füzuli Sərkərov adlı bir rejissor
İxtiranı tamaşaya qoyub, ancaq nədənsə məni premyeraya dəvət eləmədilər.
Yaxşı ki, tamaşanın
proqramını, afişasını
mənə göndərdilər.
- Bayaq qeyd etdiniz ki,
insanların biganəliyi
sizi narahat edir, başqa hansı mövzular sizi düşündürür?
- Cəfər
Cabbarlıdan soruşurlar
ki, mövzuları haradan tapırsan, cavab verir ki,
vallah-billah mövzuların
özü məni tapır. Mənə elə gəlir
ki, adi bir
hadisə böyük
bir əsərin yazılmasına gətirib
çıxarır. Mən heç
bir zaman qabaqcadan sifariş götürüb pyes yazmamışam, bir qayda olaraq mənə
toxunan mövzulardan yazmışam. Məni narahat
edən adi hadisənin qeyri-adiliyidir.
Bunları Olmuşa bənzər
hadisələr silsiləsində
oxuculara təqdim etmək istəyirəm.
2006-cı ildə 9 pyesim Pyeslər adı altında çap olundu.
- Bildiyimizə
görə uşaqlar
üçün də
pyes yazmısınız?
- Bir gün oğlumla qızımı Kukla Teatrına aparmışdım.
Qızım yolda mənə dedi ki, ata, nə
əcəb sən uşaqlar üçün
yazmırsan? Bu sual məni düşündürdü. Rəhmətlik Rəhman Əlizadə
ilə görüşüb
bu barədə söhbət elədik.
Dedi ki, əgər Kəlilə və Dimnədən nəsə yaza bilsən məmnuniyyətlə
tamaşaya qoya bilərik. Şir
və öküz əhvalatını yazdım,
Rəhman Əlizadə
də çox əmək sərf elədi, o tamaşa uzun müddət teatrın repertuarında qaldı. Nizami Gəncəvinin 850 illiyinə Xeyir və Şər əsərinin motivləri
əsasında pyes yazdım, mərhum rejissor Ruslan Həsənov onu Naxçıvan Teatrında
tamaşaya qoydu.
Premyerada
mən də iştirak elədim. Sonralar uşaqlar üçün
daha bir neçə pyes yazdım. Tənbəl
Əhməd də onlardan biri oldu.
Mirzə Fətəli Axundzadə bizim üçün həmişə örnəkdir
- Siz həm də teatr sahəsinin gözəl bilicilərindənsiniz,
teatrşünas kimi daha çox hansı sahələrdə
tədqiqatlar aparırsınız?
- 30 ildən çoxdur ki, teatr haqqında resenziyalar, məqalələr,
portret yazılar yazıram. Teatrın qarşıya qoyduğu
problemləri araşdırmağa
çalışıram. Mənim fikrimcə, teatr öz missiyasını bütün zamanlarda yerinə yetirməlidir.
Baxmayaraq
ki, mən dramaturgiya ilə məşğul oluram, deməliyəm ki, dramaturgiya bu gün o qədər də yüksək səviyyədə deyil.
Tamaşaçıları teatra gətirəcək
dram əsərlərinə ehtiyac var. Elə bu məqsədlə Xalq artisti Azər
Paşa Nemətov Teatr Xadimləri İttifaqında dramaturgiya
laboratoriyası yaratmaq
qərarına gəldi
və bu layihəni gerçəkləşdirdi.
Axundzadə dərsləri
adlı layihədə
cavanlar bu laboratoriyaya cəlb olundu, onların yazdığı pyeslər
Moldovada Beynəlxalq Teatr Konfederasiyasının
tədbirlərində təqdim
olundu, mükafatlara layiq görüldü, çap olundu. Bu sevindirici haldır.
- Mədəniyyət
və İncəsənət
Universitetində ssenari
yaradıcılığı və dramaturgiyanın əsasları fənnini tədris edirsiniz. Bu gün dramaturgiya sahəsində boşluq
hiss olunur. Bu boşluğu
necə doldurmaq olar?
- Universitetdə
klassik nümunələr
əsasında tələbələrimə
dramaturji strukturu düzgün qurmağı
öyrədirəm. Səhnədə ilk əvvəl hadisə baş verməlidir. Bu mənada Mirzə
Fətəli Axundzadə
bizim üçün
həmişə örnəkdir.
Əsrlər keçir, amma
Şekspirin əsərləri
maraq doğurur, baxılır. Bəli,
Şekspir maraqlıdır,
amma düşünürəm
ki, Mirzə Fətəli Axundzadə ondan heç də az
maraqlı deyil. Cəfər Cabbarlı 35 yaşında
o cür gözəl nümunələr qoyub getdi, dramaturji sxem yaratdı. Gözəl dram əsərləri
yazan dramaturqlarımız
bu gün də var, düşünürəm
ki, istedadlı gənclərimiz sayəsində
sabah da
olacaq.
Qəhrəman
sorağında
- Teatrşünas
kimi fəaliyyətinizdə
hansı yeniliklər var?
- Hazırda
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə Xalq artisti, Mədəniyyət
və İncəsənət
Universitetinin professoru İlham Namiq Kamal haqqında kitab yazıram. Düşünürəm ki, İlham
kimi aktyorlar barədə kitablar yazılmalıdır. Vaxtilə
Abdulla Şaiq adına Kukla Teatrının aktyoru Ruslan Həsənov haqqında kitab yazırdım, o işi tamamlayacağam. Teatr Xadimləri İttifaqı
tərəfindən hazırlanan
bir neçə kitabın işıq üzü görməsində
müəyyən əməyim
olub. Arif Əbdürrəhmanovun Teatrda rəssamın rolu kitabının həm tərcüməçisi,
həm də redaktoru olmuşam.
Teatr tariximizdə geniş fantaziyası ilə tamaşaçıları heyrətləndirən
Məhərrəm Haşımov
haqqında çox az məlumatlar
vardı. Böyük çətinliklərə baxmayaraq, Məhərrəm
Haşımov haqqında
kitab yazdım. Azərbaycan Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivinin direktoru Maarif Teymura çox təşəkkür
edirəm ki, imkan yaratdı, arxiv materiallarından istifadə edib çox-çox qiymətli
məlumatları üzə
çıxardıq. Qeyd edim
ki, bu kitablar
Teatr Xadimləri İttifaqı tərəfindən
Ömrün səhifələri
silsiləsi adı altında çap olunur. Bu silsilədən
Şəmsi Bədəlbəyli,
Hökümə Qurbanova
haqqında kitablar işıq üzü görüb. Hər üç
əsər Azərbaycan,
rus və ingilis dillərində çap olunub.
Onu da qeyd edim
ki, hazırda şərti adı Qəhrəman sorağında
olan pyes üzərində işləyirəm
və düşünürəm
ki, Milli Qəhrəman Mübariz İbrahimovun timsalında
biz ədəbiyyatımıza və dramaturgiyamıza qəhrəman obrazlarını
gətirməliyik.
- Teatrşünas,
dramaturq kimi milli teatrımızın
140 illik yubileyi ilə bağlı ürək sözlərinizi
eşitmək istərdik?
- Bu il
Azərbaycan peşəkar
teatrının 140, Azərbaycan
Teatr Xadimləri İttifaqının 115, Mədəniyyət
və İncəsənət
Universitetinin 90 yaşı
tamam olur. Mən hər üç yubiley münasibətilə
ilk növbədə xalqımızı,
mədəniyyət, incəsənət,
təhsil sahəsində
çalışan hər
kəsi təbrik edirəm və düşünürəm ki,
zəngin mədəniyyəti
olan xalq məğlubedilməzdir.
Təranə
Vahid
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 10.