Natiq Məmmədlinin “Ləyaqət düsturu

 

   “Mənim vəzifəm at oğrularının atı necə oğurlamalarını təsvir etməkdi, qoy onları hakim mühakimə etsin, mən hakim deyiləm”

   (A.Çexov)

  

   Birilərinin at oynadıb ləyaqətlərini hərraca çıxartdıqları vaxtda yazıçı Natiq Məmmədli “Ləyaqət düstu”runu yazdı. Həyatdan ədəbiyyata, ədəbiyyatdan cəmiyyətə ötürülən bu mesaj səssiz bomba kimi partladı. Bilmirəm, qəlpələri lazım olan ünvana çatdı, ya yox...

   Əvvəlcə Natiq Məmmədli barədə bir neçə söz. Mənə elə gəlir ki, “Ləyaqət düsturu”nu ancaq yüksək intellektə, zövqə və bunlardan da öncə yüksək insani dəyərlərə malik Natiq Məmmədli yaza bilərdi. Həyat həqiqətləri ilə dolu olan bu kitab yaşadığımız həyatın ədəbiyyata düşən əksidir. Ancaq bu gerçəkliyi oxucuya çatdırmaq yazıçıdan cəsarət, ustalıq və ürək istər. Natiq Məmmədli ilk kitabında cəsarətli yazıçı olduğunu sübut etdi.

   O, ədəbiyyata hay-küy salmadan, “dahilik” xəstəliyinə yoluxmadan, özündən əvvəl min illər mövcud olmuşları inkar etmədən gəldi. Sakitcə kədərin qolundan tutdu, əzabın yükünü daşıdı, kora işıq axtardı. Axtardı, tapdı, tapdıqlarını da oxucuları ilə bölüşdü...

   Natiq Məmmədlinin “Ləyaqət düsturu”nda yola düşən 18 hekayənin hamısı uğurlu, oxucunu intizarda saxlayan, gözlənilməz sonluğu ilə hər kəsi heyrətləndirən hekayələrdir.

   Mənim üçün "Korun gördüyü gələcək" şedevrdir. Bu hekayəni dünyanın o başında da, bu başında da oxumaq və təkrar oxumaq, hər dəfə də bu sənət əsərindən zövq almaq mümkündür...

   “...Elə bil yuxularımdakı gələcəyə düşmüşdüm; gələcəyin insanları Allahlarını yadlarına salanda əllərini qaldırıb uca göylərə baxmırdılar, qollarını yanlara salıb gözlərini yerə dikirdilər. Hündür-hündür göydələnlərin qabağında isə dərin-dərin quyular qazılırdı, çirkli köynəkləri tərli kürəklərinə yapışmış kişilər elə hey qazır, ağızları yerə dəyənə kimi əlləşirdilər. Bunlar nə axtarırlar, niyə belə əzab içində qan-tər tökürlər? Suallarımı dilə gətirməyə ehtiyac qalmadı, insanlar bir ağızdan dedilər ki, Allahı axtarırlar. Axı siz uca yaradanı niyə göydə yox, yerin altında axtarırsınız? Gələcəyin adamları qımışa-qımışa dedilər: “Göydəki Allahı xərcləyib qurtarmışıq, indi yerin altındakı Allahı axtarırıq”. Onlar inanmaq üçün yox, xərcləmək, satmaq üçün, ehtiraslarını öləzitmək, dünyada həris arzularını həyata keçirmək üçün Allah axtarırdılar...”

  

    “Korun gördüyü gələcək”dən

  

   "Korun gördüyü gələcək" gözlülərin içində yaşayıb görmədiyi gələcəkdir. Bu hekayə o qədər hisslə, duyğu ilə, peşəkarlıqla yazılıb ki, yarpağın səsini, yasəmənin ətrini, küçə boyu əl ağacının daşa dəyən naləsini duymaq mümkündür.

   "Yaxşı anaların oğulları" səssiz hekayədir. Elə bil maraqla səssiz filmə baxırsan. Sonra nə baş verəcək, sonra nə olacaq və gözlənilməz final! Desəm ki, bu hekayəni bütün xırda detallarına qədər gözümlə gördüm, səmimiyyətimə inanın. “Yaxşı anaların oğulları” müharibə mövzusunda yazılmış ən uğurlu, ən orijinal hekayələrdən biri kimi yaddaşıma yazıldı.

   Natiq Məmmədli həm də yüksək yumor hissinə malik yazıçıdır. O, faciəyə yumor, göz yaşına təbəssüm ədviyyatlarını yüksək peşəkarlıqla əlavə etməyi bacarır. "Vaxtı keçmiş sitatlar" əslində ölən arzu haqqında kədərli, kədərə nikbin yanaşmanın sayəsində işıqlı bir hekayədir. Bu hekayəni institutda işləyən rəfiqəm oxuyanda əvvəlcə gözləri yaşaranacan güldü, sonra doyunca ağladı...

   “Arzuların qənimi”, “Klon”, “Halallıq”, “Xoşbəxt adamla bədbəxt adamın söhbəti”, bir sözlə, Natiq Məmmədlinin bütün hekayələri hekayə janrının ən gözəl nümunələridir.

   Anton Çexovun hekayələri ilə Natiq Məmmədlinin “Ləyaqət düsturunu”nu paralel oxuduğumdan Çexovun “Dilənçi”sindən Natiqin “Xoşbəxt adamla bədbəxt adamın söhbəti”nə, Çexovun “Qara Rahib”indən Natiqin “Korun gördüyü gələcək”ə keçid vaxt, zaman baxımından maneə törətmədi. Əksinə, müxtəlif zamanlarda və müxtəlif məkanlarda yaşayan iki ruh adamının - dünya ədəbiyyatında hekayə ustası kimi şöhrət tapan Anton Çexovla ədəbiyyatın ən çətin janrında özünü sınayan, ilk hekayələr kitabı əl-əl gəzən Natiq Məmmədlinin eyni yolda birləşməsi qəribə harmoniya yaratdı...

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2013.- 1 mart.- S. 12.