Gözəl insan, özəl-özgür sənətkar

 

   Öz çağına canlı əsər, maraqlı roman təsiri bağışlamış Ənvər Məmmədxanlı

  

   O, ömrü uzunu əsasən iş otağında və əməl ünvanlarında görünərmiş. Efir-ekranlardan, “oxucularla görüş”lərdən, “yeyib-içmək”lərdən, “döşünə döymək”lərdən qaçarmış. Hər dəfə yeni bir əsəri çıxanadək özü üzə çıxmazmış. Uzaq ətrafı üçün sanki belə bir adam yoxmuş, “ən yaxını” olmaq şərəfinə nail olan çevrəsində isə “biri varmış, biri yoxmuş, yazıçı Ənvər Məmmədxanlıdan savay, bir doyulmaz Ənvər kişi də varmış” kimi “yarlıq”lar da yaranıbmış...

  

   Hələ onun doğum ili və ad günü də “problem”siz olmayıb: 1913-cü il və 29 fevral. İl “nəhs”, gün - “dolan gəl, ay dolan gəl”. Ad gününün bu qəribə tarixçəyə təsadüf etməsi ən huşsuz dostlarının belə huşyar olmasına, onun isə ya fevralın son, ya martın ilk günlərində məclis qurmasına “bais”lik edirmiş. Belə məclislərdə isə, dostlar “uzun ömür”, “cansağlığı”, “xoşbaxtlıq”, “səadət” kimi trafaret tostlar əvəzinə, böyük sənət, ədəbiyyat, mədəniyyət mövzularından fraqmentlər söylərmişlər.

  

   Deyərmişlər ki;

  

   Göyçayda doğulub Bakıda sənaye texnikumunu bitirmiş, mexaniki zavodda texnik, elektrik işləmiş bu oğlanın ədəbiyyatda, kino-ssenariçilikdə bu sayaq yüksək cərəyan yaratması, “Burulğan” (1934) etməsi həm təbii, həm də bir az təəccüblüdür.

   Aylar keçir, hər ömür ili tamamında Ənvərin qələmində yeni-yeni hekayələr, povestlər cücərir, yeni kitablar nöqtələnir. Gündüzlər onu görməyən dostlar bir də baxırlar ki, “Bakı gecələri” (1936) çıxdı işıq üzünə. Eşidirlər ki, hamı Bakının gecələrindən, Azərbaycanın sabahından, böyük siyasi ittifaq ölkəsinin ədəbi-bədii düşüncələrindən, sosial-mənəvi qatlarından obrazlı söhbətlər açan bu kitabdan danışır, buna görə də əllərinə düşmüş bu “məclis fürsəti”ni fövtə verməyib, onlar üçün “ədəbi-ədəvalı” süfrə açmış müəllifin böyük gələcəyindən, “Azərnəşr”dəki əfsanəvi redaktorluq, tərcüməçilik (1934-1936) fəaliyyətindən bəhs edirlər.

   Vaxt gəlir ki, Ənvər Moskvada Ali Kinematoqrafiya İnstitutunda (1936-38) təhsil alır və “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-42) işləyir, İkinci Dünya müharibəsindəki silah savaşı qələmsiz keçinə bilməyincə, Ənvər Məmmədxanlı kimi sənət adamları da səngər-“kabinet”lərə cəlb edilir. O, cənub-qərb cəbhəsində “Qızıl Ordu” qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri təyin edilir. Az keçmiş, təpədən-dırnağa sənət, humanizm düşüncəli bu insan redaksiya ilə birlikdə Stalinqrada göndərilir (çox sonralar növbəti ad günlərinin birində dostlarının biri deyəcəkdi ki, “...özü də hara, hara - xarakterilə daban-dabana ziddiyyət təşkil edən birisinin adını daşıyan şəhərə!”). 1942-ci ilin sonlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində - 416-cı diviziyada xeyli söhbət etdikdən sonra, əsgərlərimizdən biri səngərdaşlarından birinə belə deyib: “Deməli, yazıçılar belə olurmuşlar?!” Onun səngərdaşının cavabı da qəribə olub: “Hə, eloğlu, bəzən yazıçılar öz əsərlərindən də maraqlı olurlar!” (Bu sözləri Ənvər Məmmədxanlının dostlarından yox, bacısı Həbibə xanımın dilindən eşitmişəm).

   O, 1943-44-cü illərdə Azərbaycan Radio Verilişləri Komitəsində redaktor işləyərkən də özünəməxsus yaradıcılıq izləri qoyub, haqqında maraqlı deyimlər, xatirələr yaranıb. Şəxsi və ictimai keyfiyyətlərinə, işgüzar və istedadlı qələminə rəğmən, yenidən Qafqaz cəbhəsinə, oradan isə İrana hərbi-təbliğati xidmətə göndərilib. Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb.

   Təkrar etməmək olmur ki, xaraktercə “qarışqanı belə tapdamamaq” deyiminə misal bu adamın ilk gənclik illəri gəzər-güzəri sovet ordusunun “ordan vur-burdan çıx” hissələrində keçib. Hətta sonralar söhbət düşəndə qımış-gülüşlə bəhs etdiyi döyüş medalları, “Böyük Vətən müharibəsi” (ikinci dərəcəli) ordenilə təltif olunub.

   Və nəhayət, bu humanist, bütün varlığıyla əmin-aman insan əzəli-əbədi istəyinə - ədəbi-bədii yaradıcılıq həyatına qovuşur. 1946-cı ildə ordudan tərxis edilib, “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru kimi fəaliyyətə başlayır.

  

   Atəşsiz aləm və alovlu qələm...

  

   Ömrünün yarım əsrdən çoxunu ədəbiyyat, kinossenari, redaktorluq və tərcümə işlərinə həsr etmiş bu çox istedadlı, çox savadlı, vətənpərvər, insanpərvər insan, dövrünün “sükutuyla çox söz deyən”, aləmə nur saçan şəxsiyyəti imicini qazanmışdı. Bu fikrin əyaniliyi üçün 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulmuş “Şərqin səhəri” əsərilə bağlı faktı xatırlamaq kifayətdir. Bəli, SSRİ Dövlət mükafatına layiq görülmüş bu tamaşanın laureatları siyahısında əsər müəllifinin adı yox idi. Onunla 1989-cu ilin yazındakı görüşümdən əvvəl eşitmişdim ki, Ənvər müəllim bu haqda haçansa, hardasa bir kəlməlik də giley-güzar etməyib. Görüşümüzdə də “belə məsləhətmiş...” kəlməsindən başqa bir söz işlətmədi. Həmin kəlmələrin üz-gözündəki “əks-səda”sını, qaşlarının çatımındakı toxluq, ağırbatmanlıq ədasını isə sözlə ifadə etməyə acizlik çəkdiyimdən, dostlarından birinin onun “üzə çıxdığı” günlərin birində dediyini təkrar edirəm: “...Biri varmış, biri yoxmuş, yazıçı Ənvər Məmmədxanlıdan savay, bir doyulmaz Ənvər kişi də varmış...”

   “Doyulmaz Ənvər kişi”... Yəni bir həmsöhbət kimi. Bəyəm yazıçı Ənvər Məmmədxanlı doyulanmı? 1943-cü ildə nəşr etdirdiyi “Analar və yollar” əsərindəki laylayabənzər anaların qəlbinə toxunmazmı bu sual? Onların kökü saralan gözlərinin yığışmadığı yollar yoğrulmazmı bu ricətdən?..

   1945-ci il. Təbriz. Yazıçı burada obrazlı ifadələr axtarıb, bədii obrazlar yaratmağa, uzun səhifələr yazıb, təhtəl-təhkiyələr etməyə nə vaxt, imkan tapır, nə də heç buna ehtiyac duyur. Gün axşamadək işləsələr də, bir qarın çörəkdən artıq dişləməyən qardaş-bacılarımıza mənəvi qida üçün, fürsət düşmüşkən, iyirmi beş səhifəlik “25 bahar” oçerkini yazır.

   1943-cü ildə alovlu qələmilə “Qərbə atəş” açan, 1944-də həmvətənləri üçün ədəbi-bədii “Dirilik çeşməsi” yaradan yazıçı üç il sonra “And” adlı kitabı ilə şirin qələmi üçün darıxmış yüz minlərlə oxucusunun görüşünə çıxır. Daha sonra “Hekayələr” (1954), “Balaca Nərgiz” (1955) kitabları nəşr olunur. Artıq qələm dostları içərisində seçilən, çoxmilyonlu oxucular arasında sayılıb-sanılan ədibin “Seçilmiş əsərləri” (1960, 1985) çap edilir. Ssenariləri və redaktorluğu ilə çəkilmiş “Sovqat”, “Bəxtiyar” (1942), “Fətəli xan” (1947), “Leyli və Məcnun” (1961), “Babək” (1979) və s. filmlər də öz yerində. Sonuncu kitabı - “Qızılqönçələr” (1988) isə məlum hadisə illərinə təsadüf edir ki, həmin olaylar, xüsusən, 20 Yanvar faciəsi köhnə nəsil şagirdlərin diləzbəri hekayələrindən birini ehtiva edən - yəni hər mənada buz baltası kimi sap-sağlam olan bu kişini dünyadəyişiminə yaxınlaşdırır. Bu gözəl insan, özəl-özgür sənətkar 1990-cı il dekabrın 19-da gözlərini əbədi olaraq yumur...

   Xatırlatmasam da xatırlayacağınız həmin hekayə -

  

   “Buz heykəl” -

  

   təkcə qələmdən çıxmış əsərmi? Hərfləri memarlıq ornamentlərinə, abzasları arkalara bənzər bu əsər böyük memar layihəsi, heykəltəraş tişəsilə başa gəlmiş mənəvi abidəni də xatırlatmırmı?..

   Hələ burası da qəribə ki, bu hekayədəki - bütün geyimlərini qucağındakı körpəsinə bələyib ölümdən xilas edən Ana obrazı bir yana, heç bir təcrübi instinkti belə olmayan bir yazıçıda uşağa bu qədər bioloji məhəbbət haradanmış? Axı onun ailəsi-uşağı yox idi...

   Yuxarıda xatiratlarından birini verdiyim bacısı Həbibə xanım onun ailə qurmamasının səbəbini danışmamışdı deyə, mən də bir söz deyə bilmirəm. Bir bunu deyə bilərəm ki, onun ailə qurmaması səbəbindən Həbibə xanım da ərə getmədi, bütün qız (və kübar!) həyatını bu “biri varmış, biri yoxmuş...” qardaşının qulluğunda durmaqda və ömrünün sonunadək Azərbaycan televiziyasında bir-birindən gözəl verilişlər hazırlamaqda keçirdi.

   Deməli, bu dünya tək elə Leyli-Məcnunluq dünyası deyilmiş...

  

 

   Tahir Əhmədalılar

 

  Mədəniyyət.- 2013.- 1 mart.- S. 12.