Don Rafaeli
tanıyırsınızmı?
Gənc
Tamaşaçılar Teatrının repertuarında «Don Rafael
- trambonçu» (müəllif: Pepino de Filippo) adlı
tamaşa var. Tamaşaya Xalq
artisti Cənnət Səlimova quruluş verib. Rollarda Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, İradə Rəşidova
və başqaları
çıxış edirlər.
Çətin yaşam şərtləri
içində çabalayan
bir musiqiçinin acı əhvalatı.
Don Rafael trambonçudur, musiqi alətləri mağazasını işlədir,
özünün dediyinə
görə, bir neçə opera və balet yazıb. Biz onun musiqisi, operaları ilə deyil, reallığı, ailəsi, məişət
həyatı ilə tanış olacağıq. Evdə yeməyə heç
nə yoxdur, vəziyyət ağırdan
ağırdır.
Və biz kiməsə don Rafaelin əsərlərinin maraqlı
olduğunu da görmürük. Don Rafael səfillikdən
bir addım yuxarıda yaşayır, daha doğrusu, hər vəchlə səfil həyatını
maskalamaqla məşğuldur
- nimdaş geyiminin yırtıq-süzük yerlərini
altda gizləyir, ağ köynək
yerinə köynəyin
görünən hissələrindən
əcaib paltar düzəldib.
«Sənət
tale ilə mübarizədir,
antitaledir» - bu kəlmələr sanki onun barəsindədir.
Şövqi Hüseynovun Rafaeli
həmişə nikbin
və ümidlidir, lakin tale ona həmişə kədərli
hədiyyələr hazırlayır.
O, taleyi ilə mübarizə aparır, amma hər dəfə
onun uğursuzluğunu
sübut edirlər. Don Rafaelin musiqidən
başqa üz tutmağa nəyi olsun ki? Kiminəsə bu uydurma görünə bilər.
Amma bilənlər bilir ki, belə şeylər
çox olur.
Bu tamaşada
qəhrəmanının taleyi
Şövqi Hüseynovu
klounadaya istiqamətləndirir.
Biz bu adamları
tanıyırıq. Don
Rafael sanki məşhur
Pyerodur, uğursuz Çaplindir, kədərlərin
sataşdığı kloundur.
Səhnənin bir başından
o biri başına zivə çəkilib.
Don Rafaelin arvadı
(Gülər Nəbiyeva)
hirslə paltarları
çırpa-çırpa asır. Bu mənzərə
çoxuna tanış
olsun gərək. Don Rafael tamaşaçını
bu deyingənliyin qaramatından işıqlı
və səfeh suallarla çıxarır.
Qadının qəzəbinə qarşı Rafaelin ümidli təmizliyi, üstəgəl komikliyi.
Səhnə dolu deyil və həm də qara rənglə
əhatələndiyindən qəhrəmanın faciəviliyi,
əhvalatın tale əhəmiyyətliliyi,
sosiallığı itib-batmır.
Tamaşa içində
bir nəfər varlı musiqisevər gəlib don Rafaelə öz musiqisi ilə dünya turnesinə çıxmağı
təklif edir və buna görə
ağlasığmaz qədər
pul verir. Rafaelin ailəsi, dostu sevinir. Həssas tamaşaçısa bilir ki, bu
gözlənilməz uğurun
ardında nə isə anlaşılmazlıq
gizlənməlidir. Belə
ola bilməz.
Və həyəcanlı
an yetişir - köməkçi gəlib
əslində ruhi dispanserin sanitarı olduğunu, varlı musiqisevərin ruhi xəstə olduğunu, pulların saxta olduğunu söyləyir.
Ümidsizlik təzədən don Rafaeli
ətəkləyir. «Uğursuzluq» istedadsızlıqdan
da pisdir? Bunu düşünməyə sadəcə
imkanımız yoxdur.
Tamaşanın temporitmi, musiqisi,
aktyor oyunu məzmunla kontrasta girir və bu
səhnə əsərinin
təsir gücünü
artırmaq üçündür.
Yalnızca aktyor oyununda
(xüsusən Gülər
Nəbiyeva) həddən
artıq çılğınlıq,
qədərindən artıq
şişirtmə tamaşanın
bədiiliyinə kölgə
salır. Pyes-tamaşada iştirakçı azdı
və əsas yük bir neçə
aktyorun üzərinə
düşür. Qəhrəmanın
qızının davranışlarında
hiss olunan dəyişkənlik
aktrisanın oyununda lazım olan vurğudan çıxır,
estetik görünmür,
bu məqam boşda qalır - evdəki ehtiyac və gənc qızın açıq-saçıq
geyimdə «naxış
tikməyə» getməsi.
Belə ağır və ironik notlar unudulur,
hətta bu məqam qəhrəmanın
taleyindən kənarda
qalır. Bəlkə
də bunu don Rafaelin laqeydliyinə yozmaq olar, amma
aktrisanın aksenti havada qalır.
Tamaşa başladığı yerdə bitir. Bu əhvalata bir
davamlılıq gətirir.
Yəni don Rafaellər
səfilliklə əziyyət
çəkəcək. Ümidlənəcək,
gözləyəcək və
bunun bir sonu yoxdur... Biz
tamaşaçı olaraq
ona heç nə edə bilmirik. Biz sadəcə
onu tanıya bilərik. Gənc Tamaşaçılar Teatrı bizə onun nişanlarını verir. Siz necə, don Rafaeli
tanıyırsınızmı?
Aliyə
Mədəniyyət.-
2013.- 1 mart.- S. 11.