Kitabxanaların
rəqəmsal mühitdə fəaliyyəti
Oxucular
üçün yeni xidmət növləri
Bu
gün kitabxanalarda xidmətlərin yeni növlərinin tətbiqinə
kəskin ehtiyac yaranmışdır. Bu, hər şeydən əvvəl,
informasiya sahəsində vəziyyətin dəyişməsi
ilə bağlıdır. Rəqəmsal texnologiyaların tətbiqi
nəticəsində kitabxanalar əhali üçün əvvəlki
cazibədarlığını itirmişdir. Bundan başqa,
kitabxanalar cəmiyyətə informasiya xidmətində
aparıcı mövqeyini əldən vermişdir. Qeyd etmək
lazımdır ki, bu proses tamamilə qanunauyğundur. Bəs
kitabxanaların keçmiş statusunun itirilməsinin obyektiv səbəbləri
nədən ibarətdir?
İnternet şəbəkələrində
planetin əhalisinin əksəriyyətinin gündəlik həyatda
istifadə etdiyi külli miqdarda informasiya
toplanmışdır. Gündəlik xəbərlər və
kulinariya reseptləri, futbol matçlarının nəticələri
və klassik bədii ədəbiyyat, soraq kitabçaları və
lüğətlər, təsviri incəsənət əsərlərinin
reproduksiyaları, musiqi əsərləri və kinofilmlər
gecə-gündüz pulsuz istifadə üçün təqdim
edilmişdir. Bütün bunların nəticəsi kimi -
kitabxanalar informasiya xidmətində əvvəlki mövqeyini
itirmişdir.
İnternetin geniş
yayılması peşəkar informasiya xidməti
üçün yeni imkanlar yaratmışdır (24/7 istifadə
rejimi, məsafə məhdudiyyətinin olmaması, məlumat
massivinin daim yenilənməsi). Kitabxanaların rəqibləri
arasında pulsuz internet-kolleksiyaları, kommersiya tipli tammətnli
məlumat bazalarını, elmi repozitariləri (arxivləri)
göstərmək olar. Obyektiv yaranmış neqativ amillər
kitabxanaların təqdim etdiyi yeni xidmət növləri
hesabına aradan qaldırıla bilər və
qaldırılmalıdır.
Bu gün kitabxanalarda yeni xidmət
növlərinin inkişafının əsas istiqamətlərini
aşağıdakı kimi müəyyən etmək olar:
• Rəqəmsal əlavələr
əsasında maksimal geniş xidmətlər kompleksinin təqdim
edilməsi.
• İnformasiya savadı (informasiya
mədəniyyəti) üzrə təhsil proqramlarının
inkişafı.
• Kitabxanalar əsasında intellektual asudə vaxt mərkəzlərinin
formalaşması.
Kitabxana daxilində
xidmətlərin hansı növlərini təşkil etmək
olar?
• Ən azı,
güzəştli kateqoriyalara aid oxucular üçün
(Bakıda isə artıq yaxın gələcəkdə
bütün oxucular üçün) internetdən pulsuz istifadə.
• Kommersiya tipli universal profilli tammətnli
məlumat bazalarına abunə və onlardan istifadə edilməsi.
• Oxuculara təklif edilən xidmətlərin
çeşidinin genişlənməsi (IP-telefoniya, şəbəkə
oyunları və s.).
Distans istifadəçilərə
xidmət məsələsi aktual olaraq qalır. Bunun
üçün virtual soraq xidmətləri təşkil edilməli,
kitabxanaların saytlarında oxucular üçün fərdi
iş yerləri yaradılmalı (kitabxanalar üçün
proqram təminatının yeni nəslinin hazırlanması ilə
əlaqədar), elektron formatda nəşrlər kitabxanadan kənarda
istifadə edilmək üçün verilməli, oxucuların Şəbəkədən
alınmış mənbələrin şəxsi istifadə
üçün saxlamaq imkanı olmalıdır.
İnformasiya cəmiyyətində
əsas məsələlərdən biri informasiya savadı
(informasiya mədəniyyəti) problemidir. Bu,
potensial baxımdan, kitabxanaların fəaliyyətinin ən
çox tələbat olan istiqamətlərindən biridir.
Hədəf - oxuculara məlumatların
bütün növləri ilə işləməyin, müxtəlif
mənbələrdən alınan məlumatları
düzgün müqayisə etməyin səmərəli
üsullarını, alınan informasiyaya tənqidi münasibət
bildirməyi, informasiya təhlükəsizliyinin əsaslarını
öyrətməkdir.
Bunun üçün kitabxana
praktik olaraq hər gün informasiya savadı üzrə iş
aparmalı, o cümlədən:
• Rəqəmsal informasiya massivləri
ilə işləyən istifadəçilərə məsləhətlər
verməli;
• İnformasiya mənbələri
ilə işin bütün spektrini əhatə edən kompleks
öyrədici proqramları reallaşdırmalıdır.
İstifadəçilərə
məsləhət verilməsi bu gün kitabxanaların fəaliyyətinin
aktual istiqamətidir. Bunu aşağıdakı səbəblərlə
izah etmək olar:
• Məlumatların həcminin
artması konkret oxucu üçün münasib
informasiyanın axtarışı və onun qiymətləndirilməsi
məsələsini çətinləşdirir.
• Bu gün əsas məsələ
informasiyanın tapılması deyil, onun adekvat qiymətləndirilməsidir.
• Kitabxana hər bir oxucu
üçün məlumatların fərdi seçimi və
qiymətləndirilməsi əsasında peşəkar
informasiya dəstəyi təklif edə bilər.
Bundan başqa,
“Elektron hökumət”in ciddi səviyyəyə
çatdırılması və ölkənin gündəlik
həyatında tətbiq edilməsi vətəndaşların
bu resurslarla işləməsinə kömək edən müəssisələrin
mövcud olmasını nəzərdə tutur. Kitabxanalar “Elektron hökumət”in xidmətlərindən
istifadə üçün dayaq mərkəzləri kimi
çıxış etmək baxımından hər hansı
başqa müəssisə ilə müqayisədə daha
geniş imkanlara malikdir. Kitabxanaların vəzifəsi
- elektron dövlət xidmətlərindən bütün vətəndaşların
istifadə edə bilməsinə zəmanət vermək, vətəndaşlar
dövlət xidmətləri və sosial xidmət
resursları ilə işləyərkən onlara
ixtisaslaşdırılmış məsləhət dəstəyi
təmin etməkdir.
Kitabxana informasiya
savadı üzrə maarifləndirici proqramlar təşkil edə
bilər və bunu etməlidir. Kitabxanaların
gələcəyi onların maarifləndirici proqramlarına cəmiyyətin
tələbat dərəcəsindən asılıdır.
Maarifləndirici
proqramlar təkamül etməli, yaşlı şəxslər
üçün ümumi kompyuter savadı kurslarından
oxucuların bütün kateqoriyaları üçün maraq
doğuran proqramlara çevrilməlidir. Bundan
başqa, informasiya resurslarından istifadə edilməsi ilə
bağlı bütün sahələri əhatə edən
ixtisas kursları lazımdır. Bu istiqamət
kitabxanaların fəaliyyətinin mühüm tərkib hissəsi
kimi rəsmiləşdirilməlidir.
Maarifləndirici
proqramların məzmunu da mühüm məsələdir.
Bu proqramlara informasiya təhlükəsizliyi (informasiya təhlükəsizliyinin
əhəmiyyəti, informasiya təhdidlərinin növləri,
informasiyanın qorunması metodları, şəxsi məlumatların
Şəbəkədə yerləşdirilməsi xüsusiyyətləri),
şəxsi informasiya resurslarının (Veb 2.0 əlavələri,
biblioqrafik təsvirin əsasları, annotasiyanın əsasları)
formalaşması, elektron dövlət xidmətlərindən
və sosial xidmətlərdən istifadə (Şəbəkədə
təklif edilən dövlət xidmətlərinin növləri,
hüquq və azadlıqların müdafiəsi, səhiyyə,
mənzil-kommunal xidmətlər, sığorta, tikinti və
daşınmaz əmlakla bağlı əməliyyatlar, vergilər
və yığımlar) kimi aktual məsələlər
daxil edilməlidir.
Unutmamalıyıq
ki, kitabxana asudə vaxtı səmərəli keçirmək
üçün intellektual mərkəzdir. Rəqəmsal
cəmiyyətdə canlı ünsiyyətin defisiti daha kəskin
hiss olunur. Kitabxanaların vəzifəsi daim
axtarışda olan aktiv insanları öz ətrafında birləşdirmək,
maraqlı tədbirlər üçün cəlbedici məkana
çevrilməkdir. Əyləncəli tədbirlər
keçiriləndə oxucular özləri kitabxanaya gələcəklər.
Kitabxanalar öz “müştəri bazası”nı
formalaşdıraraq insanların təhsilə, biliyə və
nəticə etibarilə mütaliəyə
marağını hər vasitə ilə
stimullaşdırmalıdır.
Oxucuları kitabxanaya
istənilən üsulla (müxtəlif fleş-moblar da daxil
olmaqla) cəlb etmək olar. Bu halda bir
nömrəli alqoritm - kitabxanaların mövcud olmasını
oxuculara xatırlatmaqdır. Potensial oxucular kitabxanaya gələrkən
bu insanları onlarda maraq oyada biləcək xidmətlərlə
maksimal mümkün olan dərəcədə tanış
etmək məsləhətdir. Kitabxanada oxucuları gülərüzlə
qarşılamaq, orada xoş atmosfer yaratmaq, həmçinin
iş rejimini oxucuların xeyrinə dəyişdirmək
lazımdır (iş günlərində və istirahət
günlərindən birində saat 20.00-a qədər).
Qeyri-rəqəmsal
xidmətlərin siyahısının genişlənməsi də
istifadəçilərin sayını artırmağa imkan verəcəkdir.
Kitabxananın fəaliyyətinin strukturunda ənənəvi
kitabxanalar üçün səciyyəvi sayılmayan
funksiyalar: konsertlər, ekskursiyalar, sərgilər təşkil
edilməsi, müxtəlif profilli klublar və sair tədbirlər
getdikcə böyük yer tutacaqlar. Kitabxanaların
intellektual asudə vaxt mərkəzlərinə çevrilməsi
üçün bu rol uğrunda muzeylər, mühazirə
zalları və digər mövcud asudə vaxt mərkəzləri
ilə ciddi rəqabət aparmaq lazımdır.
Ekzotik kitabxana xidmətlərinin
kiçik siyahısını həm oxuculara, həm də
kitabxanaçılara xatırlatmaq istərdik:
• London şəhər
kitabxanasında “canlı kitablar”ın verilməsi.
• Yel Hüquq Məktəbinin
kitabxanasında stress çıxarmaq üçün oxuculara
itlərin verilməsi (belə itlər yalnız bu məktəbdə
təhsil alanlara 30 dəqiqəliyə verilir).
• Kitabxanada tanışlıq xidməti
(tanışlıq sevimli kitablar haqqında söhbətdən
başlanır).
• “Şüşə
arxasında” kitabxana (Çelyabinsk vilayəti, Kopeysk şəhərinin
Mərkəzi kitabxanası).
Rəqəmsal
kommunikasiyalar dövründə kitabxanaların əsas rəqibləri
Müasir rəqəmsal
kommunikasiyalar dövründə kitabxanalar güclü rəqabətlə
üzləşmişdir. İnternet informasiya xidməti
üçün keyfiyyətcə fərqli imkanlar
yaratmışdır: məsafə məhdudiyyətinin
olmaması, 24/7 (gündə 24 saat, həftədə 7 gün
əlyetərlilik) rejimi, informasiya massivlərinin fasiləsiz
doldurulması və s. Müxtəlif biznes-strukturlar və hətta
ayrı-ayrı vətəndaşlar dərhal bu yeni imkanlardan
istifadə etməyə başlamışlar.
Rəqəmsal
kommunikasiyalar sistemində kitabxanalar ayrı-ayrı şəxslər
tərəfindən yaradılan elektron kolleksiyalardan
başlamış, nəhəng millətlərarası
korporasiyalar tərəfindən reallaşdırılan qlobal
layihələrə qədər ən müxtəlif
informasiya layihələri ilə rəqabət aparmalı
olacaqlar. Kitabxanaların əsas rəqibləri:
• Pulsuz şəbəkə
kitabxanaları.
• Kommersiya tipli tammətnli məlumat
bazaları.
• Şəbəkə
kitab mağazaları.
• Qlobal kitab satışı layihələri.
Pulsuz şəbəkə kitabxanaları.
• Fərdi mülahizələrə
əsasən üstün tutulan dəyərlərin irəliləyişində
marağı olan ayrı-ayrı vətəndaşlar və ya
cəmiyyətlər tərəfindən
formalaşdırılan açıq (pulsuz) külliyyatlar. Onlar çox vaxt istifadəçiləri cəlb etmək
üçün reklam meydançaları kimi yaradılır.
Bir qayda olaraq, belə meydançaların
“komplektləşdirilmə” mənbələri təsadüfi,
mətnlərin keyfiyyəti aşağı olur, orada hüquq
normalarının pozulması halları müşahidə
olunur. Amma bütün bunlar həmin
meydançaların istifadəçilərinin
çoxalmasına mane olmur.
• Librusek elektron kitabxanasının
(http://lib.rus.ec) məlumatları - 1 gün ərzində (orta
hesabla):
• Unikal istifadəçilər -
205,701;
• Baxışlar - 1031,925 səhifə.
• Aldebaran elektron
kitabxanasının (http://lib.aldebaran.ru) məlumatları - 1
gün ərzində (orta hesabla):
• Unikal istifadəçilər -
73,383;
• Baxışlar - 469,755 səhifə.
Kommersiya tipli tammətnli
məlumat bazaları da kitabxanaların ciddi rəqibidir.
Bu məlumat bazalarının əsas xüsusiyyətləri:
• Əsasən
dövri nəşrlərdə dərc edilmiş məqalələrdən
və informasiya agentliklərinin xəbərlərindən ibarət
kommersiya tipli informasiya məhsulları.
• Biznes-modelin əsası - abunənin
qüvvədə olduğu müddətdə müştərilərə
tammətnli massivdən istifadə etmək imkanı verilir.
• Tammətnli məlumat
bazalarında olan bütün sənədlərdən istifadə
hüquqları onların sahibləri ilə
razılaşdırılmışdır.
Tammətnli məlumat
bazalarının servis funksiyaları:
• Sazlanan interfeys.
• Müəyyən məzmunlu sənədlər
haqqında bildiriş.
• Bazadakı sənədlərlə
işi davam etdirmək üçün onları şəxsi
kabinetdə saxlamaq imkanı.
• Məlumat bazasındakı sənədlər
əsasında bülletenlər formalaşdırılması.
• Mətnin müxtəlif formatlarda
saxlanması.
• Mətnin audio rejimdə səsləndirilməsi.
Şəbəkə kitab
mağazaları kitabxanalarla rəqabət aparmaq
üçün aşağıdakı xidmətləri təqdim
edirlər:
• Real kitab mağazaları ilə
analogiya üzrə, şəbəkələrdə də
birdəfəlik alış-veriş etmək - ayrı-ayrı
nəşrləri əldə etmək mümkündür.
• Çeşid - əsasən
kitablar. Son illərdə şəbəkə
kitab mağazalarında dövri nəşrlər, o cümlədən
“parlaq” nəşr nömrələri də yerləşdirməyə
başlamışlar.
Bu mağazaların servis
funksiyaları:
• Nəşrlə tanış
olmaq üçün maksimal geniş imkanlar, o cümlədən
bəzi fraqmentləri vərəqləmək imkanı.
• Maksimal sayda formatların dəstəklənməsi.
• İctimai sərvət
sayılan əsərləri, kitabxanalardakı kimi, bir qayda
olaraq, pulsuz əldə etmək mümkündür.
• Bir sıra mağazalar özlərinin
bütün çeşidini və ya onun bir hissəsini müəyyən
müddət ərzində abunəyə təqdim edir.
Fikrimizcə, bəzi məşhur
şəbəkə kitab mağazalarının
ünvanları oxucular üçün maraqlı olar:
• Amazon (www.amazon.com)
• LitRes (www.litres.ru)
• Ozon (www.ozon.ru)
• Bookland (bookland.net.ua)
• BookMate (www.bookmate.ru)
• Bolero (www.bolero.ru)
• Biblion (www.biblion.ru)
Lətifə
Məmmədova,
Mədəniyyət
və Turizm Nazirliyi
Kitabxana
sektorunun müdiri
Mədəniyyət.-
2013.- 1 mart.- S. 10.