Turizmdə şirkət-hotel əməkdaşlığı

 

   Bu sahədə mövcud problem niyə həllini tapmır?

  

   Azərbaycanda turizm sahəsində uzun zamandır müzakirə olunan həllini tam tapmayan problemlərdən biri turizm şirkətləri ilə istirahət məkanları, hotellər arasında qarşılıqlı səmərəli işbirliyinin qurulmamasıdır. Bu məsələ «Skal Bakı» Turizm Professionalları Assosiasiyasının fevralın 21-də keçirilən 13-cü toplantısında da müzakirə mövzusu oldu. Qeyd olundu ki, ölkədəki əksər hotellər turizm şirkətləri ilə əməkdaşlıqdan qaçırlar.

  

   Bəs bunun səbəbi nədir, niyə mehmanxanalar turizm şirkətlərinin xidmətindən istifadə etmək istəmirlər? Burada bir faktı diqqətə çatdırmaq istərdik. Bu günlərdə Bakıda Türkiyənin Antalya bölgəsində yerləşən «Mardan Palace» hotelinin geniş təqdimatı keçirildi. Məlumdur ki, «Mardan Palace» həm yüksək xidmət səviyyəsinə, həm gözəl memarlıq abidəsi kimi görünüşünə görə dünyanın adlı-sanlı hotellərindən biridir. Tədbirdə Azərbaycanın turizm şirkətlərinə maraqlı təkliflərin yer aldığı çoxsaylı paketlər təqdim edildi. Hotelin baş meneceri Cumhur Özendən Azərbaycanın turizm şirkətləri ilə əməkdaşlıqda niyə bu qədər maraqlı olduqlarını soruşdum. Cavabı belə oldu: “Turizm şirkətlərinin əməkdaşlığına hər bir hotelin ehtiyacı var. Çünki hotel təkbaşına uzun müddət fəaliyyət göstərə bilməz. O yalnız turizm şirkətlərinin köməyi ilə yeni kampaniyalarını dünya bazarına çıxara bilər. Biz hər zaman turizm şirkətlərinə açığıq”.

   Biz məsələni Azərbaycanın turizm mütəxəssisləri ilə müzakirə etdik.

  

   Milli kadrların rəhbərlik etdiyi hotellərlə problem olmur

  

   Mədəniyyət Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun sözlərinə görə, Azərbaycanda mehmanxana turizm şirkətlərinin sayı getdikcə artır. Sevindiricidir ki, bir sıra dünya brendli hotellər Azərbaycan bazarına daxil olub. Bu müəssisələrdə peşəkarlar çalışır: «Amma bir çox hallarda hotellərlə turizm şirkətləri arasında münasibətlərin qaneedici səviyyədə qurulmaması ortaya problemlərin çıxmasına səbəb olur. Belə ki, şirkətlərə hotellər tərəfindən korporativ qiymətlər təklif olunmalıdır, amma olunmur. Bu isə turizm şirkətlərinin fəaliyyətində məhdudiyyətlər yaradır. Düzdür, bunu bütün hotellərə aid etmək olmaz. Amma təəssüflə qeyd etməliyik ki, belə hotellər var. Mədəniyyət Turizm Nazirliyi olaraq biz çox istərdik ki, bu iki subyekt arasında normal işgüzar münasibətlər qarşılıqlı maraqlar əsasında qurulsun. Çünki bu zaman Azərbaycana daha çox turist gələr. Məlumdur ki, ölkəmizə əksər turistlər məhz turizm şirkətləri vasitəsilə gəlir. Dünyanın bütün inkişaf etmiş ölkələrində bu təcrübə var ki, ölkəyə turizm şirkətinin xətti ilə gələnlər bu digər hotellərdə həmin şirkətlər vasitəsilə yerləşdirilirlər. Çünki hotellər şirkətlərə güzəştli qiymətlər verirlər. Beləliklə, burada həm turizm şirkətlərinin, həm hotellərin marağı təmin olunur. Azərbaycanda da bu mexanizmin qurulması vacibdir».

   Nazirlik rəsmisi qeyd etdi ki, son illər Azərbaycanda hotel menecmenti sahəsində milli kadrlarımız yetişməkdədir: «Bizim araşdırmalarımıza görə, hansı hotellərin menecerləri milli kadrlarımızdırsa, həmin hotellər turizm şirkətləri ilə sıx əməkdaşlıq edirlər aralarında da heç bir problem yoxdur».

  

   Aşağı ulduzlu hotellər tikilməlidir

  

   Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə hesab edir ki, hotellərlə turizm şirkətlərinin normal əməkdaşlıq edə bilməməsinin başlıca səbəbi ölkədə ucuz qiymətli hotellərin sayının az olmasıdır. Buna görə mehmanxanalar da öz qiymət siyasətində dönüş etmirlər: «Əgər ölkədə 2-3 ulduzlu hotellər çox olarsa, gələn turistlərin əksəriyyəti onlarda qalmağa üstünlük verər. Qarşıdan Novruz bayramı gəlir. Təbii ki, bu bayram günlərində Bakıya çoxlu turist gələcək. Onların əksəriyyəti daha münasib qiymətli hotellərdə qalmaq istəyəcək. Yüksək ulduzlu, bahalı mehmanxanalarda əsasən konfranslara, simpoziumlara, beynəlxalq əhəmiyyətli tədbirlərə gələn adamları, böyük şirkətlərin nümayəndələri qalırlar. Amma orta təbəqə, Avropada olduğu kimi, 2-3 ulduzlu hotellərdə qalır. Belə hotellər bizdə çox olsa, bu zaman istər-istəməz böyük hotellər məcbur olub qiymət siyasətlərinə yenidən baxacaqlar. Digər tərəfdən, mehmanxanalar turizm şirkətlərinə korporativ qiymətlərdən əlavə, xüsusi qiymətlər təklif etməlidirlər. Biz Azərbaycan Turizm Assosiasiyası olaraq bu məsələni dəfələrlə qaldırmışıq, təşkilatın bütün görüşlərində bu fikir səslənir. Mehmanxana rəhbərləri başa düşməlidirlər ki, Azərbaycanda turizmin inkişafı üçün bir-birinə hörmət ən əsası da güzəşt mütləq olmalıdır. Turizm şirkətləri hotellərin rəhbərləri bir araya gəlib xüsusi qiymət müəyyənləşdirməlidir. Bu qiymət isə ölkəmizə turist axınını gücləndirməlidir».

  

   Turizm şirkətlərinə daha ucuz qiymətlər təklif edilərsə...

  

   «Gilan Tourism» şirkətlər qrupunun baş koordinatoru Xəlil Durunun sözlərinə görə, Azərbaycanda hələlik hotellərlə turizm şirkətləri arasında tam işbirliyi yaranmayıb: «Turizm şirkətinin işi turistin səfərini, qarşılanmasını yerləşdirilməsini təmin etməkdir. Bu işin müqabilində isə hoteldən həmin şirkətə müəyyən faiz güzəşt edilməlidir. Əslində turizm şirkətinin əsas qazancı da elə budur. Mən həm hotelçiyəm, həm turizm agentliyi rəhbəri. Bizim hotellərin üç fərqli qiyməti var. Birincisi, birbaşa hotelə gələn müştəriyə təklif edilən qiymətdir. Buna hotelçilikdə «rak», yəni «qapı qiyməti» deyilir. İkincisi, «koperet» qiymət adlanır. Bu, hotelin müqavilə bağladığı, daimi müştəriləri olan qurumlara təklif edilən qiymətdir. Bu qiymət «qapı qiyməti»ndən 15-20 faiz ucuz olmalıdır. Üçüncü qiymət isə turizm şirkətlərinə təklif edilən qiymətdir. Bu məbləğ daha da ucuz olmalıdır. Yalnız bu halda turizm şirkəti mənimlə işləməkdə maraqlı olacaq».

   X.Duru bildirdi ki, turizmin inkişaf etdiyi bütün ölkələrdə hotellərlə turizm şirkətləri arasında ilkin vaxtlarda anlaşılmazlıqlar olub. Azərbaycan da bu dövrü yaşamaqdadır: «Odur ki, şirkətlərlə hotellərin əməkdaşlığının yaranması üçün bir sıra tədbirlərin görülməsi lazımdır».

  

   Hotellərin sayı istənilən səviyyəyə çatanda problem həllini tapacaq

  

   Məsələyə Azərbaycan Marketinq Cəmiyyəti İdarə Heyətinin sədri Rəhim Hüseynovun münasibəti isə bir qədər fərqlidir. Onun fikrincə, bu məsələdə hər hansı inzibati metodların tətbiqinin əhəmiyyəti yoxdur: «Çünki bu, sırf biznes məsələsidir. Əgər hotel rəhbərləri turizm şirkətləri ilə işləmirsə, bunun kökü araşdırılmalıdır. Yəqin ki, haradasa turizm şirkətləri ilə işləmək onlara sərf etmir. İkinci tərəfdən, əgər hotelin kifayət qədər müştərisi varsa, onun turizm şirkəti ilə işləməsinə ehtiyac var? Burada sosial element axtarmaq işin xeyrinə olmazdı. Bu gün Azərbaycanda hotel tikintisi ehtiyacımızı ödəyəcək səviyyədə deyil. Baxmayaraq ki, regionlarda Bakıda hər il yeni hotellər açılır, amma bu, kifayət deyil. Biz bu mərhələni keçməliyik. O vaxta qədər ki, hotel rəhbəri görsün ki, qiyməti baha olduğuna, turizm şirkətlərinə komisyon vermədiyinə görə, hotelini doldura bilmir, onda özü turizm şirkətinə müraciət edəcək”.

   Həmsöhbətimiz bildirdi ki, bu gün Azərbaycanda hotel sahəsində inhisarçılıq yoxdur, bu sahədə nominal bir bazar var: «Amma yerləşdirmə yerlərinin sayı lazım olan həddə çatmayıb. Yalnız istənilən saya nail olduğumuz halda hotel rəhbərləri ilə turizm şirkətləri arasında normal münasibətləri formalaşacaq. Bu məsələni sırf biznesin öhdəsinə buraxmaq lazımdır. Burada iqtisadi olmayan mexanizm keçməyəcək».

 

 

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2013.- 1 mart.- S. 9.