Ömrün 60-cı baharı

 

   Fevralın 28-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyevin 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.

  

   Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, filologiya üzrə fəlsəfə doktoru Arif Əmrahoğlu açaraq alimin çoxşaxəli yaradıcılığından danışdı. Bildirdi ki, Kamran Əliyev 1980-ci ildə “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri” mövzusunda namizədlik, 1990-cı ildə “XX əsr Azərbaycan romantizminin obrazlar sistemimövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan romantizminin aktual, ümumi, konseptual problemlərini araşdırıb, təşəkkül və formalaşma mənbələrini ilk dəfə sistemləşdirib, romantiklərin ədəbi-nəzəri görüşləri ilə bədii yaradıcılıqları arasındakı vəhdəti aşkar edib. XX əsr Azərbaycan romantizm poetikasının incəliklərinin meydana çıxarılması onun adı ilə bağlıdır.

   Arif Əmrahoğlu alimin şəxsiyyətindən, yüksək insani keyfiyyətlərindən də söz açdı və elmin çətin yollarında inamla irəliləyən yubilyarı təbrik etdi.

   AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov çıxış edərək Kamran Əliyev barədə ürək sözlərini iştirakçılarla bölüşdü: “Kamran Əliyev Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutan qələm yoldaşlarımızdan biridir. O, Azərbaycan ədəbiyyatında romantizm kimi çətin bir mövzunun, çətin bir problemin ən çox seçilən tədqiqatçılarından biridir. Bu gün romantizmdən yazan elə bir ədəbiyyatşünas tapılmaz ki, Kamran Əliyevin tədqiqatlarına müraciət etməsin”.

   Filologiya elmləri doktorları, professorlar Qəzənfər Paşayev və Məhərrəm Qasımlı Kamran Əliyevin folklorşünaslıq, xüsusən epos yaradıcılığındakı tədqiqatlarından söz açdılar, aliminRomantizmfolklor”, “Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu” monoqrafiyalarından danışdılar.

   Qeyd edək ki, Kamran Əliyev 20-dək kitabın, 250-yə yaxın elmielmi-publisistik məqalənin müəllifidir. Ədəbiyyatın ayrı-ayrı nümayəndələrinin həyat və yaradıcılığı ilə bağlı tədqiqatlarını “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”, “Ədəbiyyat tarixinə bir baxış” kitablarında çap etdirib. Cavidşünas alim kimi də tanınan Kamran Əliyevin “Hüseyn Cavidin şəxsiyyəti və poetikası”, “Cavid möcüzəsi”, “Hüseyn Cavid: həyatı və yaradıcılığı” monoqrafiyaları dəyərli tədqiqat əsərləridir.

   Kamran Əliyev bədii və publisistik yaradıcılıqla da məşğul olur, “Yalquzaq”, “Vağzal”, “Zəli” povestləri, “Sədərək döyüşləri” kitabı oxucular tərəfindən maraqla qarşılanıb.

   Yubiley tədbirində çıxış edənlər yubilyarı təbrik etdilər, yorulmaz tədqiqatçıya, cəfakeş alimə, sadə, səmimi insana ömrün yeni səhifələrində uğurlar arzuladılar. Sonda Kamran Əliyev çıxış edərək məslək yoldaşlarına, dostlarına və bütün iştirakçılara təşəkkürünü bildirdi.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2013.- 1 mart.- S. 6.