Soyqırımı
qurbanlarına rekviyem
Pier Tiloyun “Xocalı 613” əsərinin Britaniya premyerası
Fevralın 26-da Avropa
Azərbaycan Cəmiyyəti tərəfindən Londonun Smit meydanında
yerləşən Müqəddəs Con
kilsəsində Xocalı soyqırımı
qurbanlarının xatirəsinə həsr olunmuş
konsert keçirilib.
Tədbirdə 500 nəfərdən artıq qonaq, o cümlədən Britaniya parlamentinin üzvləri, diplomatlar iştirak edib. Konsertdə dirijor və bəstəkar Lorent Petitqrardın rəhbərliyi ilə Londonun Orion Orkestri çıxış edib.
Gecənin zirvəsi Pier Tiloyun Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı 613” adlı yeni əsərinin Britaniya premyerası olub. Əsər skripka, balaban, zərb alətləri və simli orkestr üçün yazılıb. Beynəlxalq səviyyədə tanınan virtuoz sənətkar Şirzad Fətəliyevin ifa etdiyi balabanın ecazkar səsi əsərin təsirini daha da artırırdı. Skripkada Nyu-York Culiard Məktəbinin ilk azərbaycanlı məzunu və Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət məsələləri üzrə müşaviri Sabina Rakçıyeva ifa edirdi. Bu möhtəşəm əsər “Laçın” və “Sarı gəlin” mahnıları da daxil olmaqla, Azərbaycan xalq musiqisinin melodiyaları sayəsində Xocalı faciəsinin dəhşətlərini çox təsirli formada əks etdirib.
Mərasimdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov deyib: “Xocalı faciəsi 21 il bundan əvvəl baş verib. Bu faciə bizim millətimizin tarixində ən qara səhifələrdən biridir. 613 insanın həyatını əlindən alanlar hələ də mühakimə olunmayıb. Beynəlxalq hüquq dinc əhalini öldürməyi qadağan edir və bu bəşəriyyətə qarşı cinayət hesab olunur. Belə dəhşətli hallar bir daha təkrar olunmamalıdır”.
Avropa
Azərbaycan Cəmiyyətinin sədri Tale
Heydərov qeyd edib ki, Böyük Britaniya bəşər tarixinin
ən böyük müharibələri hesab olunan iki
dünya müharibəsində iştirak edib və bu müharibələrdə Avropa
milyonlarla insan itirib: “O müharibələr Avropa
xalqlarına böyük dərs olub. Cinayət törədənlər ədalət
məhkəməsinə cəlb olunub. Amma dinc əhaliyə
qarşı planlı təşkil olunmuş
Xocalı qırğınının təqsirkarları hələ
də cinayətlərinin cəzasını çəkməyib”.
Mədəniyyət.-
2013.- 1 mart.- S. 5.