Hamımız
bir günəşin zərrəsiyik
Böyük
maarifpərvər ədib Abdulla Şaiqin xatirəsi yad edildi
Fevralın 28-də Azərbaycanın
görkəmli şairi, böyük
maarifpərvər ədib Abdulla Şaiqin anadan
olmasının 132 illiyi münasibətilə
Fəxri xiyabandakı qəbirüstü abidəsi
önündə anım mərasimi keçirildi.
A.Şaiqin mənzil-muzeyinin təşkil etdiyi tədbirdə muzeyin əməkdaşları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, A.Şaiq adına 54 nömrəli və Sabunçu rayonundakı 67 nömrəli məktəblərin müəllim və şagirdləri iştirak edirdi.
A.Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək mərasimə toplaşanlara minnətdarlığını bildirdi: “Fevralın 24-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin 132 illiyi tamam oldu. Abdulla Şaiq bütün ömrünü xalqın maariflənməsi yolunda sərf edib. Həyatının əsas amalı müəllimlik olub. Hər zaman deyərdi ki, yaradıcılığından ziyadə müəllimliyi ilə fəxr edir. Onun atası, qardaşı, oğlu da pedaqoji fəaliyyətlə məşğul olub. Hər il onun doğum gününü şagirdlər, tələbələr, müəllimlərlə birgə qeyd edirik. Bu ənənəni Abdulla Şaiqin oğlu, onun mənzil-muzeyinin yaradıcısı, akademik Kamal Talıbzadə qoyub. Hər il Fəxri xiyabanda Abdulla Şaiqin xatirəsi yad edilir, müxtəlif məktəblərin kollektivləri ilə tədbirlər həyata keçirilir”.
Ü.Talıbzadə qeyd etdi ki, ədibin 130 illiyi geniş tədbirlərlə yadda qaldı: “Yeni nəşrlər işıq üzü gördü, onun sözlərinə yazılmış musiqilər toplusu hazırlandı, mənzil-muzeyin 20 illiyi təntənəli qeyd edildi. Bu il də bir sıra maraqlı tədbirlər həyata keçiriləcək”.
Abdulla Şaiqin mənzil-muzeyinin əməkdaşı Arzu Hacıyeva tanınmış mütəfəkkirlərin ədib haqqında fikirlərini söylədi. Abdulla Şaiqi böyük məhəbbət şairi Füzuli ilə müqayisə edərək, onu elm, təhsil Məcnunu adlandırdı. Ədibin həyat və fəaliyyətindən danışdı.
Abdulla Şaiq adına 54 və Sabunçu rayonundakı 67 nömrəli məktəblərin müəllim və şagird heyəti çıxışlar edərək onun yaradıcılığından söz açdılar. Şagirdlər ədibin vətənpərvərlik mövzulu şeirlərini, balacalar üçün poetik nümunələrini səsləndirdilər.
Qeyd edək ki, Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə) 1881-ci il fevralın 24-də Tiflisdə anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verən şairin əsərlərində elmə, maarifə çağırış, gənc nəslin tərbiyəsi, xalqın, Vətənin gələcəyi kimi məsələlər qırmızı xətt kimi keçir. Ömrünün təxminən 60 ilini elmə, təhsilə, ədəbiyyata sərf edən ədib bir amal - xalqı mənəvi rifaha qovuşdurmaq uğrunda çalışıb. «Uşaq çeşməyi», «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklərin müəllifi olan şairin “Bənövşə”, “Qərənfil”, “Keçi”, “Xoruz” kimi şeirləri, “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” kimi mənzum nağılları və digər əsərləri uşaq ədəbiyyatının ən gözəl nümunələridir. Abdulla Şaiq 1959-cu ildə dünyasını dəyişib.
Reyhan
Mədəniyyət.-
2013.- 1 mart.- S. 4.