Gülüstan-gülliyyat
külliyyatlı
Hər
sözü köz Aşiq, hər bəndi xalıyabənzər
Aşıq Ələsgər
Aqillər bunu da ərz edirlər ki, hər kəs hər
kəsin yaxşı cəhətlərini görməyə
çalışmalıdır. Tədqiqatçılar,
monoqrafiyaçılar, oçerkistlər obyektlərinin
yalnız ən yaxşı işlərini, fikirlərini, ədəbi-bədii
nümunələrini işıqlandırmağa
çalışırlar. Bir əsrdən çox
yaşamış bu Aşiq Aşıq isə heç kəsi
belə bir seçim əziyyətinə məruz qoymayıb.
Nə etik-insani əxlaq baxımından, nə poetik-irfani
yaradıcılıq sarıdan...
Bu adam müdam gözəlliyə
tapınıb, yaxşılığa yürüyüb. Daim
ucalıq nümunəsi olmağa çalışıb. Yerdə
bəndəliyin yüzbir oyunundan çıxıb, göydəkindən
kömək umanlardan fərqli olaraq, öz payına bu qədər
halal-ümmət ola-ola, başqaları üçün də
Tanrıya dua-səna edib:
Xudam, mərdin işin salma müşkülə,
Əhli-dili yetir sən əhli-dilə!
Bülbülü gülə yaz,
gülü bülbülə,
Qönçənin üstündə
xar oynamasın!
Bu insani
böyüklük onu yaradıcılıq aləminin ən
qaynar, atəş nöqtələrinə atmaya bilərdimi?
Belə bir qalib könül sahibi hansı məqamdasa
məğlub söz deyərdimi? Məsələn,
“Günüm ahnan-vaynan keçib dünyada” bəyanından
sonra, bir sıra şairlər kimi, o müqəyyəd
“canan”ı qınamazdımı, şikayətlənməzdimi?
Onun qəlbi elələrininki sayaq döyünsəydi,
“...səndən ayrı düşəli, Hicranın qəmiylə
kef eyləmişəm” kimi yumoristik “qəza” baş verərdimi?
Sonra da, bu əbədi ticarət,
alqı-satqı dünyasına Dərd alıb, qəm
satıb nəf eyləmişəm” vulkanı püskürərdimi?
Nəyə üz
tutur, nədən danışıb-deyirdisə, sanki onlar haqda
deyiləsi əlavə bir söz, bir hikmət
saxlamırdı sonraya, sonrakılara. Hər şeyi
gülləyə-gülləyə gələcəyə bənzərsiz
külliyyat yadigarı yaradırdı Aşıq Ələsgər.
Gözəllərin, gözəlliklərin, vəfanın, səfanın
söz “film”lərini çəkə-çəkə uzun
ömrün sağlı-sollu yollarına körpü
salır, hərdən də ilahi təşbehlərə,
huşaparan bər-bənzətmələrə ara verib, fəhmi-əqli
düşərgələrdə mənzillənirdi:
Aşıq olub diyar-diyar gəzənin
Əvvəl başda
pürkamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə -
Mərifət elmində
dolu gərəkdi.
Xalqa həqiqətdən mətləb
qandıra,
Şeytanı
öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca
xoş sədalı gərəkdi.
Dillərdə
əzbər
O özü şeirlərinin yox, dərdinin
“dillərdə əzbər” olduğunu deyirdi. Belə
“dərd”in nə olduğu və çarəsi isə həkimlik
deyil, arif oxucularlıqdır. Diqqət etsən,
çox “xəstəlik”lər taparsan - başdan-başa bu
Aşiq canda. Çoxu da xəlqi etimologiya
və terminologiyalarda. Məsələn, bir
“suçiçəyi”: “Axşam-sabah çeşmə, sənin
başına, Bilirsənmi necə canlar dolanır?” Yaxud, “söz”algiya:
“Gələndə ustad kəlamı, Köhnə yaram qan
verir. Şahi-mərdan nökəriyəm - Dərsimi
pünhan verir”. “Hərcayıdan, müxənnəsdən,
nadandan Nə söz qaldı sənətkara dəyməmiş?!”
“Zarafato”-terapiya: “Sənin ərin ölsün, mənim
arvadım, Düşsün aramıza vay, gülə-gülə”.
“Bir baş ki, ilqara qurban getməsin, Onu bir
qarpıza dəyişmək olar!” “Rentgen-konspirasiya
“Adını demirəm - eldən ayıbdır, Filankəsin
qızı filan oynasın”.
Məlumdur ki, yersiz
ermənilərin ötən əsrin əvvəllərində
törətdiyi türk müsəlman qırğınları
zamanı bu böyük söz ustadı da el-obasından didərgin
düşüb və bir müddət Kəlbəcərdə
dəyirman işlədib. Ömrü uzunu ürəyinin
hikmət yükünü diliylə üyüdüb,
bütün Azərbaycanı, türkdilli xalqları təkrarsız
şeiriyyətilə barındırmış bu ustad gəncliyində
də az məhrumiyyətlər
dadmamışdı. Üstünə telli saz
basılmış o sinənin altındakı dərdləri,
olsa-olsa, ayrı-ayrı fərdlər bilirdi. Qırx yaşınadək evlənməməsi kimi
“patalogiya”lar onun hər sözünə, “Qazdır məzarımı
çeşmə başında. Sal sinəm
üstündən yol, incimərəm” kimi misralarına
müştaq gözəllərin nə “vecinə” idi? O
sayaq naxoş qeyri-məlumatlar “Yazıq Aşıq Ələsgəri
Çəkməyə dara xoş gəldin” kimi
pişvazların yanında nəydi ki?..
Yəqin ki, öz
dövrünün Leyli-Məcnun oxşarına
çevrilmiş Səhnəbanı-Ələsgər
sevgisinin hicran qanı hələ də qurumayıb. Əmisi
“Pullu Məhərrəm”in fağır Səhnəbanını
zorla öz gavur oğluna alması səbəbindən illərlə
için-için ağlamış bu gənc az qala 20 il
heç kəsi narahat etməyib, heç kimə heç nə
deməyib - Zöhrə ilə “deyişmə”sindən
savayı:
Ələsgər:
Söylə, qasid, müxtəsəri-vəssalam,
Ərzimi canana dedin, nə dedi?
Bülbültək asmana yetişib
nalam,
Səhni-gülüstana dedin, nə
dedi?
Zöhrə:
Nakəs müxənnətin boynu
vurulsun,
Vay düşsün evinə,
şivən qurulsun,
Məhərrəmin
oğlanları qırılsın,
Qalmasın yurdunda nişana! - dedi.
Sənətkar adı, aşıq
namı xətrinə yeyim-içimindən kəsib
geyim-keçiminə verən bu “bəxtəvər”ə
köks ötürən dövrandaşları hələ
çox sonralar biləcəkdilər ki, Azərbaycan dilinin, Azərbaycan
poetik fikrinin, aşiq-aşıq fəlsəfəsinin bu
canlı akademiyası bir əlində saz, bir əlində
çin, dəryaz, yaba yaşayıb. Hərəkəti
ilə bərəkət becərən, xırman tutan bu ustad,
ilhamıyla böyük sənət yaradıb, sərhədsiz
şöhrət qazanıb.
Bu “bəxtəvər”
Aşiq-Aşığın tərcümeyi-halında “Pullu Məhərrəm”
kimi cəmiyyət kötüklərilə bahəm, təbiət
kötüyü də olub. İllərin birində
dolanışıq üçün əkdiyi taxıl zəmisini
sahənin ortasındakı “Qozqara” deyilən nəhəng bir
kötüyə tapşırıb şənliklərə
gedən, qayıdanda isə sünbülləri
yağış-doludan viran olmuş görən aşıq həmin
“qaravulçu” ilə yeddi bəndlik bir “deyişmə” eləyir
ki, onlardan ikisi:
Kötük
Aşıq, nə meydanı
yalqız alıbsan,
Söz deyim -
sözünə barabar olsun.
Nahaq qandı ortalığa
salıbsan,
Elə iş tut, ondan xeyir, kar
olsun!
Aşıq Ələsgər
Ələsgər,
başına qəhətdi peşə?
Darı əkib yeməyibsən
həmişə?
Sazı bas sinənə, təcnisdən
döşə,
Yığ urzunu, verən əllər
var olsun!
Ona verən əllər az olmayıb (Allah şeir-sənət Dədəmizə
yardım edib onu xəcil qoymayan babalarımızın
bugünkü nəsil-nəcabətlərini var eləsin!). Amma bu nəhəng el aşığı sənətdə
olduğu kimi, əmək-zəhmətdə də ad
çıxarıb. Ustad aşıqlardan saz-söz, halal
əkin-biçinçilərdən tər-nər dərsləri
alıb, yüz beş illik
ömrünü sənət və torpaq ətri ilə
süsləndirib. “Xudam səni, məni yoxdan
yaradıb, Sən də bircə milçək yarat, erməni!”
dediyi haramzadaların təpkisilə didərgin düşən
Dədə Aşığın əkib-becərdiyi,
ilhamında üyütdüyü təkrarsız sənət
nümunələri dünyanın bütün
torpaqlarının yetirdiyindən, bütün dəyirmanlarının
üyütdüyündən daha dadlı, şanlı, əbədidir.
Məsələn, dünyada “dünya malı” deyilən
bütün şeylər köhnəlir də,
azalıb-çoxalır, ucuzlaşıb-bahalaşır da,
onun “Bahalıq” müxəmməsi isə mənəvi sənət
qalasının təkrarsız ornamenti kimi əbədi
qalasıdır:
İnnən belə
başımızda
Namərdlərin
töhmətidi.
Hansı məclisə gedirsən -
Arpa-buğda söhbətidi.
Kartof ilə ayranaşı
Süfrəmizin zinətidi.
Buraya bahalıq salan
Qeyri yerin millətidi.
Nə işə əl
atırıqsa,
Oluruq peşman, bahalıq!..
Nə deyibsə - yaddaşlarda...
Deməyə qalsa,
hamı deyib - bütün şairlər, aşıqlar, əliqələmlilər,
ürəyiələmlilər. Dədə Ələsgərin
müasiri olmuş bir “şair” kimi deyənlər də olub:
“Ağacda oturmuş sərçə, sən nə uzunsan, ey
küçə, ey qaraqaş, ey qaragöz!”
Ələsgər Dədə
isə dediyini elə deyib ki, bir kəlməsi də o yan-bu
yanlıq deyil, - hamısı hikmət libasında, məna-mətləb
nüvəsində. Gözəllərə dediklərini
hamı bilir deyə, dağlara söylədiyi iki şeirindən
nümunələri xatırlatmaq istəyirəm:
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli,
sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən
aralı dağlar.
Köçər ellər,
düşər səndən aralı,
Firqətindən
gül-nərgizin saralı.
Ələsgər Məcnun tək
yardan yaralı,
Gəzər səndə dərdli,
nalalı dağlar!
Növbəti “Dağlar”ı isə
bugünlərimizə bir elegiya təsiri də
bağışlayır:
Hanı mən
gördüyüm qurğu-büsatlar?!
Dərdiməndlər
görsə, ha bağrı çatlar.
Mələşmir sürülər,
kişnəşmir atlar,
Niyə pərişandı
halların, dağlar?!
Hanı bu yaylaqda yaylayan
ellər?!
Görəndə
gözümdən car oldu sellər.
Seyr etmir köysündə türfə
gözəllər,
Sancılmır buxağa güllərin,
dağlar!
Gözəllər çeşməndən
götürmür abı,
Dad verə dəhanda
Kövsər şərabı.
Xaçpərəstlə
düşdü bund inqilabı,
Onunçun bağlandı
yolların, dağlar!
Həsənnənə, Həsənbaba
qoşadı,
Xaçbulaq
yaylağı xoş tamaşadı.
Arsız aşıq
elsiz niyə yaşadı?!
Ölsün Ələsgər tək
qulların, dağlar!
Oğul Ələsgər, ata Ələsgər,
ər Ələsgər, sənətkar Ələsgər və
-
Dədə
Ələsgər
Qələmlə yox, dili ilə
“yazan” bu böyük el aşığı “şifahi nəşriyyatlar”da
çap edilə-edilə hələ sağlığında
bütün Azərbaycanın ustad aşığı,
türk dünyasının böyük sənətkarı
kimi tanındı. Turan ozanı, sənət Dədəsi
oldu. Haqqında dastanlar qoşuldu,
müdrik deyimlər deyildi.
Akademik Həmid Araslı:
“Aşıq Ələsgər bütöv bir xalq
akademiyasıdır”.
Akademik Yaşar Qarayev: “Peyğəmbərlərin
sonuncusu Məhəmməd peyğəmbər, peyğəmbər
aşıqların sonuncusu isə hələlik Aşıq Ələsgərdir”.
Professor Hüseyn İsmayılov:
“...Sazın, sözün sehrində sintezləşən,
Tanrı dərgahına ucalan musiqinin, səsin, sözün,
dünyanı estetik biçimdə dərk və ifadə edən
fikrin ən möhtəşəm daşıyıcısı
Aşıq Ələsgərin adı önündə işlənə
biləcək epitetlərin ən uğurlusu Dədədir. Əgər
orta çağ Oğuzu onun adına kitab
bağlasaydı, onu hökmən “Dədəm Ələsgərin
kitabı” adlandırardı: eynilə “Kitabi-Dədə Qorqud”
kimi...”
Və... bəndəniz:
Aşıq Ələsgər Nizami, Füzuli, Nəsimi dənizinə
bütöv bir xalq çayı kimi axdı və
aşıq, el-ağız ədəbiyyatımızda yeni
dirçəliş yaradaraq, bayraqdarı olduğu
böyük sələfləri və xələflərilə
birgə bu dənizi okean etdi...
Tahir Əhmədalılar
Mədəniyyət.-
2013.- 6 mart.- S. 15.