Taleyin kəsişən yolları
Martın 5-də L.və M.Rostropoviçlərin
ev-muzeyində “Taleyin kəsişən yolları” adlı tədbir
keçirildi. Tədbir görkəmli violonçelist Leopold
Rostropoviçin 121 və məşhur dirijor, pianoçu
Aleksandr Zilotinin 150 illik yubileyinə həsr olunmuşdu. Tədbirdə
incəsənət xadimləri, bəstəkarlar, musiqi məktəblərinin
müəllim kollektivi, şəhərimizin müxtəlif
muzeylərinin direktor və işçi kollektivi iştirak
edirdi.
Görkəmli rus dirijoru,
pianoçu A.Ziloti 1863-cü ildə Xarkovda zadəgan ailəsində
doğulmuşdur. Səkkiz yaşında konservatoriyaya - məşhur
fortepiano müəllimi N.Zverevin sinfinə daxil olmuşdur.
1875-ci ildə konservatoriyanın direktoru N.Rubinşteyinin sinfinə
keçmiş və tezliklə ən yaxşı şagirdlərindən
biri olmuşdur. Eyni zamanda P.Çaykovskidən nəzəriyyə
dərsi öyrənirdi. 1881-ci ildə N.Rubinşteynin vəfatından
sonra F.Listdən xüsusi dərs almağa
başlamışdır.
A.Ziloti 1881-1891-ci illərdə Moskva Konservatoriyasında fortepiano sinfində dərs deyir, sonra 1900-cü ilə qədər Avropada yaşayır və solist virtuoz kimi məşhurluq qazanır. Rusiyaya qayıdandan sonra Moskva Filarmoniya cəmiyyətində dirijor vəzifəsini tutmuşdur. 1903-cü ildən Peterburqda yaşamağa başlayır, orada özünün məşhur simfonik və kamera konsertlərinin əsasını qoyur. İki onillik ərzində “Zilotinin konsertləri” paytaxtın musiqi həyatının mühüm hadisəsi idi.
Məşhur violonçelist L.Rostropoviçin həyatında A.Zilotinin xüsusi rolu olmuşdur. L.Rostropoviçin muzeydə qorunub saxlanılan məktubları arasında 1928-ci ildə A.Zilotiyə yazdığı məktub var. Məktubda o, A.Zilotini Yeni il münasibətilə təbrik edir və yazır: “Əziz Aleksandr İliç, karyeramın başlanğıcında mənə etdiyiniz bütün yaxşılıqlara görə sizə minnətdarlığımı bildirirəm. Xatırlayırsınız, siz məni hələ gənc ikən violonçelist kimi tanıdınız...”
Tədbirdə L.Rostropoviçin A.Zilotiyə yazdığı əlyazma məktuba əsaslanaraq iki görkəmli musiqiçinin yaradıcılıq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verildi.
Məktuba əsasən deyə bilərik ki, 1907-ci ildə L.Rostropoviç konservatoriyaya məşhur violonçelist professor A.Verjbiloviçin sinfinə məhz A.Zilotinin məsləhəti ilə daxil olmuşdur. Hələ gənc ikən istedadlı violonçelist olduğunu anlayan A.Ziloti onun Verjbiloviçin sinfinə daxil olmağa kömək edir. Onun ümidlərini doğruldan L.Rostropoviç konservatoriyanı qızıl medalla bitirir. Bu, Verjbiloviçin violonçel sinfinin son buraxılışı idi. 1910-cu il 9 mayda konservatoriyada təntənəli tədbir təşkil edilir. Həmin gecədə L.Rostopoviç mükəmməl çıxış edərək A.Davıdovun üçüncü konsertini ifa edir.
Məktubunda L.Rostropoviç bunları xatırlayır və gələcək yaradıcılıq planları barədə A.Zilotidən məsləhət alır. Bu məlumatları dinləyən qonaqlar L.Rostropoviç və A.Zilotinin fotoşəkillərindən ibarət slayd-şounu izlədilər. Qonaqlar L.Rostropoviç və A.Zilotinin fotoşəkillərindən, əlyazma məktublarından və digər materiallardan ibarət sərgi ilə tanış oldular.
Sonra A.Zilotinin ifasında İ.Baxın əsərinin lent yazısı səsləndirildi. Tədbir Bülbül və G.Şaroyev adına musiqi məktəbləri şagirdlərinin və tələbələrin ifasında konsert proqramı ilə davam etdi. Konsertdə musiqiçilərin ifasında Boni, P.Çaykovski, F.List, F.Şopen, S.Raxmaninovun əsərləri səsləndirildi.
Sonda
bəstəkar Rauf Əliyev və Mədəniyyət
və İncəsənət Universitetinin
dosenti Elfira Qurbanova çıxış edərək belə
maraqlı tədbirə görə muzeyin
direktoru Şeyla Heydərovaya
minnətdarlıqlarını bildirdilər.
Mədəniyyət.-
2013.- 6 mart.- S. 13.