Dahi bəstəkarın sənət ənənələri
yaşayır
Zəngin mədəniyyətə malik olan xalqımız özünün istedadlı övladları ilə
fəxr edir. Dahi bəstəkar,
akademik, böyük
müəllim Qara Qarayev
məhz belə nurlu insanlardan
biridir. Ömrü əbədiyyətə
qovuşmuş dahi bəstəkarın
95 illiyi ilə əlaqədar
respublikamızda silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də fevralın 19-u Milli
İncəsənət Muzeyinin kiçik konsert zalında
iki tanınmış bəstəkarın
- Vasif və Ceyhun
Allahverdiyevlərin müəllif konserti idi. Müəlliflərin kamera
əsərlərindən ibarət konsert dahi bəstəkarın
yaradıcılığına böyük
hörmət və məhəbbətinin göstəricisi idi.
Bu fikri gecədə çıxış edən musiqişünas, sənətşünaslıq namizədi Lalə Hüseynova da vurğuladı: “Mənə elə gəlir ki, Vasif və Ceyhun Allahverdiyevlər ilk növbədə öz nailiyyətlərinə görə Azərbaycan bəstəkarlıq məktəbinin dahi simalarına borcludurlar. Bu gün burada görkəmli bəstəkarımız Arif Məlikov iştirak edir. Ceyhun Allahverdiyev Arif Məlikovun, Arif Məlikov isə Qara Qarayevin tələbəsidir. Vasif Allahverdiyev isə Qara Qarayevin tələbəsi Cövdət Hacıyevin tələbəsi olmuşdur. Bütün bunlar sanki nəsillərin davam etməsini, onların əlaqələrini göstərir".
Əməkdar incəsənət xadimləri - Azərbaycan Milli Konservatoriyasının dosenti Vasif Allahverdiyev və Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının dosenti Ceyhun Allahverdiyevin yaradıcılığı olduqca genişdir. Onlar əsasən ciddi musiqinin - simfoniya, sonata, konsert, ballada, kvartet kimi mürəkkəb janrlarında maraqlı əsərlər yaradaraq bu çətin sahədə öz bacarıqlarını uğurla nümayiş etdirirlər. Hər iki bəstəkarın əsərləri təkcə Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da ifa olunur, müxtəlif tədbirlərdə, musiqi gecələrində səslənir.
Konsert şərti olaraq iki hissəyə ayrılmışdı. I hissədə Vasif Allahverdiyevin, II hissədə isə Ceyhun Allahverdiyevin əsərləri dinlənildi.
Vasif Allahverdiyevin yaradıcılığı xalq musiqisi ilə dərindən bağlıdır, yazdığı bütün əsərlərdə xalq musiqisinin, əsasən muğamların güclü təsiri duyulur. Milli musiqi ənənələrinə sədaqət, xalq musiqi dilinin aydınlığından yüksək peşəkarlıqla bəhrələnmək qabiliyyəti bəstəkarın musiqi üslubunda əsas səciyyəvi cəhətlərdəndir. Əlvan ritmlər, təravətli intonasiyalar, folklora əsaslanan melodik çalarlar bəstəkarın sənət palitrasında cazibədar bir ahəng yaradır.
Vasif və Ceyhun Allahverdiyev qardaşları son vaxtlarda tez-tez müəllif konsertləri ilə musiqisevərləri sevindirir. Lakin bu konsertdə müəlliflərin ilk dəfə ifa olunan əsərləri üstünlük təşkil edirdi. "Piano üçün silsilə" adlı əsər də beynəlxalq müsabiqələr laureatı Mələk Qocayevanın ifasında ilk dəfə olaraq səsləndi.
Bəstəkarlar vokal musiqiyə də öz yaradıcılıqlarında xüsusi yer ayırmışlar. Səslənən növbəti əsər Vasif Allahverdiyevin böyük Hüseyn Cavidin sözlərinə yazdığı "Pəncərəm üşüyür" və "Qəmli hekayə" romansları oldu. Metsosoprano üçün yazılmış, dəqiq vokal prinsiplərinə uyğun bu romanslar Əməkdar artist Rəşidə Rəşidin ifasında alqışlarla qarşılandı. Beynəlxalq müsabiqə laureatı Teymur Şəmsiyevin ifasında səslənən növbəti əsərdə - "Piano üçün 3 hissəli Sonatina"da bəstəkarın fərdi yaradıcılıq prinsipləri özünü parlaq şəkildə göstərdi.
Son illərin məlum hadisələri, Qarabağ dərdi bir çox incəsənət adamları kimi Vasif və Ceyhun Allahverdiyevlərin də yaradıcılığında vaxtaşırı öz əksini tapır. İlk dəfə olaraq solo tar üçün yazılmış "Qarabağ balladası" bu səpkili əsərlərdəndir. Qeyd edək ki, hər iki müəllif Bakı Musiqi Akademiyasını həm bəstəkar, həm də ifaçı kimi bitirmişlər. Ona görə də bu əsərdə Vasif Allahverdiyev öz tarzənlik məharətinə dayanaraq, tarın virtuoz ifadə imkanlarını üzə çıxarmaq baxımından çox maraqlı vasitələrdən istifadə etmişdir. Əsər Əməkdar artist, Naxçıvan Musiqi Texnikumunun müəllimi Tağı Tağıyevin ifasında çox möhtəşəm səsləndi.
Konsertin ikinci hissəsində Ceyhun Allahverdiyevin əsərləri ifa olundu. Ceyhun Allahverdiyev Bakı
Musiqi Akademiyasını
bəstəkarlıq ixtisası
üzrə Arif Məlikovun, fortepiano ixtisası
üzrə Elmira Əliyevanın
sinfində bitirmişdir.
Müxtəlif janrlarda qələmini
sınayan bəstəkarın
yaradıcılığı çoxşaxəlidir. Gecədə o, gözəl pianoçu kimi öz əsərlərini
- "Təmas-Fantaziya" və "2 prelüd"ü
təqdim etdi. İlk dəfə ifa olunan “Fantaziya”da əlvan səciyyəvi melodiyanın təsiri ilə müxtəlif hisslər və duyğular aləmi tamaşaçılara xoş
ovqat bəxş etdi.
Vokal musiqiyə də
böyük maraq göstərən Ceyhun Allahverdiyevin yaradıcılığında
insanın mənəvi
aləminin, qəlbinin
dərinliklərində hökm
sürən hissləri
oyadıb hərəkətə
gətirən lirik mahnı və romansları xüsusi yer tutur. Bəstəkarın Nizami Gəncəvinin
sözlərinə yazdığı
"Nədəndir" və
"Dilbər" romansları
Opera və Balet Teatrının solisti Afaq Abbasovanın ifasında böyük maraq doğurdu.
Üzeyir Hacıbəylidən başlayaraq, Niyazi, Qara Qarayev, Fikrət
Əmirov tərəfindən
xalq musiqisinə müraciət formalarını
Ceyhun Allahverdiyev layiqincə davam etdirir. O, Azərbaycanda
ilk dəfə kamera orkestri ilə tar, kamança, zurna, balaban, nağara və solist (xanəndə) üçün
"Muğamların və
xalq musiqisinin işləmələri" adlı
əsəri musiqi ictimaiyyəti tərəfindən
hələ çox illər bundan qabaq yüksək qiymətləndirilmişdir. Konsertdə görkəmli
skripkaçı Rəsul
Abbasov və müəllifin ifasında
ilk dəfə səslənən
"Violino ilə
piano üçün sonata" əsərində sanki bu ənənə davam olunur. Üç hissədən
ibarət əsərdə
bəstəkar qədim
musiqi alətlərimiz
- tulum, ney,
balaban və başqalarının səslərinə
oxşar ştrixlərdən
çox məharətlə
istifadə etmişdir.
Beləliklə, musiqinin bir
çox ciddi janrlarında əsərlər
yazan Vasif və Ceyhun Allahverdiyevlər bütün
bu illər ərzində onların özünəməxsus dəsti-xəttini
püxtələşdirməyə nail olmuşlar.
Qara Qarayevin özünə qarşı sonsuz tələbkarlığından doğan və bizə qoyub getdiyi irs
dərinliyi və zənginliyinə görə
tükənməzdir. Bizdən sonra
gələcək nəsillər
bu tükənməz xəzinədə özləri
üçün hər
dəfə yeni-yeni tapıntılar kəşf
edəcəklər. Haqqında söz
açdığımız konsertdə bir daha əmin olduq ki, milli
bəstəkarlıq məktəbimiz
bu gün də öz üzərinə düşən
vəzifələri layiqincə
yerinə yetirmək, zəngin Azərbaycan musiqisinin yüksəlişinə
yeni töhfələr
vermək əzmindədir.
Jalə Qulamova,
sənətşünaslıq
namizədi
Mədəniyyət.-
2013.- 6 mart.- S. 13.