Kitabxanaların
ekzotik xidmətləri
və ya kitabxanalar oxucu
axtarışında
Bu gün heç
kəs üçün sirr
deyil ki, rəqəmsal
texnologiyaların gündəlik həyatımıza çox sürətlə nüfuz
etməsi mütaliəyə və bunun nəticəsi
kimi kitabxanalara
marağı azaldır. İnternetdə hər şeyi olmasa da, çox şeyi tapmaq imkanı
oxucuları kitabxanaya getmək stimulundan məhrum edir. Əvvəllər
çətin tapılan ədəbi əsərləri indi kitabxana rəflərində
toz basır, qiraət zalları
boşalır, kitabxanaçılar isə rəqəmsal kommunikasiyalar erasında kitabxanaların yenidən
cəlbedici olması üçün
istifadəçilərə hansı xidmətləri təklif
etmək məsələsi üstündə baş sındırırlar.
Oxucuların kitabxanalara cəlb
edilməsi problemi həqiqətən beynəlmiləl xarakter
daşıyır. Adətən, bütün ölkələrin
kitabxanaçıları kitabxanalara diqqəti cəlb etmək
üçün ilk növbədə oxuculara bunu
xatırlatmaqdan başlayırlar ki, kitabxanalar mövcuddur,
onlar maraqlı və faydalı ola bilər. Bu məqsədə
nail olmağın forma və metodları hədsiz dərəcədə
çoxdur, ancaq onların heç də hamısı istər
kitabxanaçı həmkarlar, istərsə də potensial
oxucular tərəfindən birmənalı olaraq müsbət
qəbul edilmir.
Çox vaxt kitabxanalara diqqəti cəlb
etmək üçün fləşmoblardan - müəyyən
ssenarini yerinə yetirən insanlar qrupunun qabaqcadan
planlaşdırılmış hərəkətlərindən
istifadə olunur. Fləşmobların ən sadə
formaları dəqiq ilkin hazırlıq tələb etmir və
bilavasitə kitabxanaçılar tərəfindən
reallaşdırılır. Məsələn, Çelyabinsk
vilayətindəki Kopeysk şəhərinin Mərkəzi
Kitabxanasının əməkdaşları bir həftə ərzində
kifayət qədər qeyri-adi paltarlar geyinərək, ən
gözlənilməz görkəm almış və hər
gün nahar fasiləsinin əvvəlindən axırına qədər
əllərində kitablar tutaraq kitabxananın şüşə
vitrinində dayanmışlar. Yoldan keçənlər
kitabxananın şüşə vitrininin arxasındakı
“fiqurları” (canlı manekenlər) görəndə hədsiz
təəccüblənmişdilər, çünki bu fiqurlar
arasında qəlyan çəkən Şərq gözəli
də vardı, biznesmen xanım da, körpəsini uşaq
arabasında gəzdirən gənc ana da, gözəllik
müsabiqəsinin qalibi də. Təbii ki, bu məzhəkəli
təqdimatdan sonra şəhər sakinləri kitabxanaya gəlməsələr
də, ən azı, onun mövcudluğunu xatırlamağa məcbur
oldular.
Nyu-York Kütləvi
Kitabxanasında fləşmobun təşkilatçıları
isə belə bir aksiyanın keçirilməsinə daha
yaradıcı şəkildə yanaşmışlar. Burada
iş gününün ən gərgin vaxtında əvvəlcə
ağ döşəkağılara bürünmüş
kabuslar, sonra isə əyinlərində xüsusi təchiz
edilmiş kombinezonlar, əllərində əcinnələri
məhv etmək üçün qəribə qurğular olan
silahlı kabus ovçuları oxucularla dolu qiraət
zalında peyda olmuşlar. Ovçular vəziyyəti tez qiymətləndirib,
kabusları qovmağa başlayanda, kabuslar onlardan yaxa qurtarmaq
üçün qiraət zalında sıra ilə
düzülmüş masaların arasında və soraq ədəbiyyatı
rəflərinin arxasında gizlənirdilər. Oxucular
bütün bu hərəkətləri təbəssüm və
gülüşlə qarşılamış, kabusların elm
məbədindən qovulub çıxarılması isə
ümumi alqışlarla müşayiət olunmuşdur.
Yeri gəlmişkən, İndiana ştatındakı kiçik Villard şəhərində oxucuları kitabxanaya cəlb etmək üçün artıq xeyli vaxtdır ki, “kitabxanada kabuslar” mövzusundan istifadə olunur. XIX əsrdə inşa edilmiş binada yerləşən bu kitabxana elan etmişdi ki, onun divarları arasında vaxtaşırı “Boz ledi” adlandırılan kabus peyda olur. Bunu təsdiqləmək üçün bir neçə fotoşəkil göstərilir. Arzu edən hər kəsin kabuslar axtarışına qoşula bilməsi üçün kitabxana xüsusi sayt (libraryghost.com) yaratmış və onu kitabxananın müxtəlif yerlərinə yönəldilmiş, gecə-gündüz işləyən veb-kameralarla təchiz etmişdir.
Kitabxanalarda xüsusi tədbirlər
keçirilməsi oxucuların cəlb edilməsinin daha
geniş yayılmış formasıdır. Belə hallarda
kitabxanalar çox vaxt ictimai meydança rolunda
çıxış edərək, yalnız tədbirin
keçirilməsi üçün yer verir, ancaq keçirilən
tədbirləri həmişə, dolayı şəkildə
də olsa, kitab mövzusu ilə əlaqələndirməyə
çalışırlar.
Belə formalardan biri “kitabxanada tanışlıq”
xidmətidir. Bu halda yeganə fərq ondan ibarətdir ki, tanış
olmağı arzu edənlərin ünsiyyəti
onların sevimli kitabları haqqında söhbətdən başlamalı
və görüş
vaxtı həmin kitablar bu şəxslərin
əlində olmalıdır.
Belə xidmət, məsələn,
San-Fransiskonun Mərkəzi
Şəhər Kitabxanasında
təqdim edilir. Bu halda kitabxanaçılar
iştirakçıların hansı ədəbi janrları üstün tutmalarını nəzərə
alır və ədəbi zövqləri
oxşar olan potensial cütlüklərin
xüsusi siyahısını
tərtib edirlər.
İnkişaf etmiş ölkələrin
çoxunun kitabxanalarında
“canlı kitablar” verilməsi təcrübəsi
geniş yayılmışdır.
Bu termin elə
insanlar barəsində
işlədilir ki, onların tərcümeyi-halı
və ya baxışları oxucu auditoriyası üçün
maraqlı görünə
bilər. “Ədəbiyyat”
seçimi üzrə
təşkilati iş
“Canlı kitabxana”
(humanlibrary.org) beynəlxalq layihəsinin gücü ilə aparılır. Kitabxanalar bu tədbirlərin keçirilməsi
üçün yer verirlər, arzu edən hər bir şəxs qabaqcadan oradakı kataloqla tanış
olub, xoşuna gəlmiş “nəşr”lərdən
hansını istəsə,
mütaliə-söhbət üçün onu seçə bilər. Bu halda kataloqda veqan (vegetarian), feminist və
ya buddist rahib də ola bilər. Belə “kitablar” bu şərtlə
“verilir” ki, oxucular həmin “kitablar”ı təhqir etməməyi və onları özü ilə aparmamağı öhdəyə götürsünlər.
Oxucuların cəlb edilməsi
üzrə keçirilən
müxtəlif növ
tədbirlər sırasında
“Kitabxanada gecə” və ya “Bibliogecə”
adını almış
xüsusi aksiyalar daha rəngarəngdir.
Bu aksiyalar “açıq
qapı” günlərinin
spesifik formasıdır,
lakin onlar axşam və ya hətta gecə
vaxtı keçirilir.
“Bibliogecə” çərçivəsində hər bir kitabxana
öz mövzusunu seçmək və ona uyğun olaraq, potensial oxucuların diqqətini maksimum cəlb etməyə çalışaraq
bir sıra tədbirlər keçirmək
hüququna malikdir.
Təbii
ki, tədbirlərin əhatə dairəsi kitabxananın ölçüsü
ilə təyin edilir. Belə ki, iri şəhər
kitabxanalarında bir axşam ərzində paralel olaraq bir neçə tədbir, o cümlədən
keçmiş dövrlərin
avtomobillərinin sərgisi,
mükafat kimi turist putyovkaları oynanılan viktorina, yazıçılarla görüşlər
keçirilə, hətta
istifadəçilərə Kalaşnikov avtomatını
sərbəst söküb-yığmaq
imkanı verilə bilər. Nisbətən kiçik miqyaslı
kitabxanalar məşhur
ədəbi əsərlər
üzrə kvestlər
(macəralı oyunlar),
populyar oyunlar, həvəskar artistlərin
çıxışları və ya Çin
hava fənərləri
buraxmaqla kifayətlənməli
olurlar. “Bibliogecə”nin gedişatında kitabxanaçılar təvazökar
formada tədbirin iştirakçılarını burada istifadəçilərə
təqdim olunan xidmətlərlə tanış
edir, həmçinin onları kitabxanaya oxucu kimi üzv
yazırlar. Bir qayda olaraq, belə tədbirlər yerli mətbuatda geniş işıqlandırılır
və bu da kitabxanalara marağı bir qədər canlandırmağa
imkan verir.
Lakin bəzən kitabxanaçıların
mümkün qədər
maksimum sayda istifadəçilər kontingentini
cəlb etmək arzusu elə hərəkətlər şəklində
təzahür edir ki, onları nəinki əbədi dəyərləri təlqin
edən, hətta yaradıcı əhval doğuran hərəkətlərə
aid etmək çətindir.
Məsələn, Şotlandiyadakı
kiçik Dalkeyt şəhərində hər
il fevral
ayının 2-si “Kitabxanaya
sevgi günü” kimi qeyd edilir.
2013-cü ildə 2 fevral
tarixi bu şəhərdə iki hadisə ilə əlamətdar olmuşdur:
həmin gün bu kitabxananın istifadəçilərinə şüvül
üzərində rəqs
etməyi (strip-dens) öyrənmək,
həmçinin kitablarla
stolüstü tennis oynamaq
təklif edilmişdir.
2012-ci ilin noyabr ayında Kanzas ştatındakı kiçik
Overlend Park şəhərinin
kitabxanasında keçirilmiş
tədbir də öz ekzotikliyinə görə yuxarıda misal gətirilən tədbirlərdən geri qalmır: burada istifadəçilərə ... bütöv bir donuz cəmdəyinin təmizlənib doğranmasını
nümayiş etdirmişlər.
Bu məzhəkələrlə
müqayisədə bəzi
kitabxanalar tərəfindən
təşkil edilən
sabunbişirmə və
ya tilova aldadıcı yem kimi milçək taxaraq balıq tutmaq üzrə məşğələlər tamamilə zərərsiz görünür.
Bəzi kitabxanalar, birdəfəlik
aksiyalar keçirməklə
yanaşı, onların
ənənəvi xidmətlərindən
çox uzaq olan yeni xidmətlər
təsis edirlər.
Belə kitabxanaların istifadəçilərini,
nə qədər istəsəniz də, oxucu adlandırmaq artıq çətindir.
Bu şəxslər kitabxanalardan evə kitab əvəzinə ... inşaat alətləri, teleskoplar, gitaralar və ya elektromaqnit
şüalanmasını ölçmək
üçün cihazlar
aparırlar. Yel Universitetinin
hüquq məktəbinin
kitabxanası bu baxımdan hamını geridə qoyaraq, oxuculara canlı it verir. Kitabxanaçıların fikrincə, bu
tədbir sessiya vaxtı tələbələrdə
yaranan stressi aradan qaldırmağa kömək edir. İt “oxucu”ya 30 dəqiqəlik gəzinti üçün
verilir, 30 dəqiqədən
sonra kitabxanaya qayıdır və orada növbəti “oxucu”nu gözləyir.
Əgər kitabxanaçıların bütün “hiylələrinə”
baxmayaraq, oxucular yenə də kitabxanaya getməsələr,
kitabxana özü onların yanına gəlir. Daha doğrusu, miniklə
gəlir. Rusiyanın
Penza vilayətində vaxtaşırı
işləyən xüsusi
kitabxana avtobusu buna misal ola bilər. Vilayətin Nijnelomovski rayonunun Mərkəzi Qəsəbələrarası
Kitabxanası “mütaliə
edən avtobus” təşəbbüsünü irəli sürərək,
öz sərəncamında
olan nəqliyyat vasitəsini yaşayış
məntəqələri arasında
marşrutlar üzrə
reyslər üçün
göndərir. Həmin nəqliyyat
vasitəsilə gediş
sərnişinlər üçün
pulsuzdur, bu şərtlə ki, onlar kitabxanaya üzv yazılacaqlar və avtobusda təklif edilən kitablardan və ya jurnallardan bəzilərini bir müddət götürəcəklər.
Beləliklə, kitabxana bu cür sadə bir üsulla oxucuların sayını daim genişləndirir və oxuculara kitab verilməsi göstəricisini hiss olunacaq
dərəcədə artırır.
Kitabxanaçıların
yaradıcılıq potensialı
və fantaziyası fövqəladə dərəcədə
yüksəkdir, buna görə belə güman etməyə hər cür əsas var ki,
yaxın gələcəkdə
kitabxanaların oxucularına
xidmətin başqa innovasiyalı formaları da təklif ediləcək, bu xidmət formaları kitabxanaların imicini dəyişdirməyə, onları
kifayət qədər
darıxdırıcı müəssisələrdən
fəal işləyən
mədəni asudə
vaxt və maariflənmə mərkəzlərinə
çevirməyə imkan
verəcəkdir.
V.K.Stepanov,
Moskva Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
professoru
L.A. Məmmədova,
Mədəniyyət və
Turizm Nazirliyinin
Kitabxana sektorunun müdiri
Mədəniyyət.-2013.
- 6 mart.- S.10.