Cənubi Qafqazın mədəniyyət menecerləri üçün treninqlər

 

   Turizm İnstitutunun baş müəllimi təlimlərin iştirakçısı olub

  

   Bu günlərdə «European House»un təşkilatçılığı, Almaniyanın Robert BoşMarşall fondları, «MitOst» təşkilatının dəstəyi ilə Cənubi Qafqaz regionunun mədəniyyət menecerləri üçün treninqlər keçirilib. Treninqin birinci mərhələsi Tiflisdə, ikinci mərhələsi isə Berlində reallaşıb.

  

   Tədbirin iştirakçısı olmuş Azərbaycan Turizm İnstitutunun baş müəllimi Sevil Kərimova təəssüratını bizimlə bölüşdü. Onun sözlərinə görə, treninqlərin başlıca məqsədi Cənubi Qafqazda mədəniyyət menecerlərinin fəaliyyətinin inkişafı və regionda mədəniyyətlərarası mübadiləni genişləndirmək olub: «Tiflisdə keçirilən treninq almaniyalı mütəxəssis Katerina LisovtisKarolin Savçuk tərəfindən aparıldı. Tədris zamanı layihənin müəyyənləşdirilməsi, məqsəd və vəzifələri, struktur planı, büdcə istiqamətləri, strateji planlaşdırılma və s. məsələlərə aydınlıq gətirildi. Sonda iştirakçıların hazırladıqları layihələrin təqdimatı oldu. Mən də hazırladığım fotosərgi konsepsiya layihəsini iştirakçılara təqdim etdim. Layihə maraqla qarşılandı. Təlim günlərində Gürcüstan Milli Muzeyində, Tiflisin bir çox görməli yerlərində olduq».

   Treninq proqramının Berlində keçirilən ikinci mərhələsində isə iştirakçılar altı gün ərzində Almaniyanın mədəniyyət siyasətinin əsas istiqamətləri haqqında mühazirələri dinləyiblər. S.Kərimova deyir ki, tədbirin son günü təcrübə məqsədilə Berlinin bir küçəsində tədqiqat aparıblar: «Mədəni tədbir layihəsi çərçivəsində keçirilən təcrübənin yekunu kimi qaliblərə sertifikatlar təqdim olundu. Burada da yaddaqalan görüşlərimiz oldu. Berlin Mədəniyyət Mərkəzi ilə tanışlıq, Yəhudi Memorial Kompleksinə ziyarət, 63-cü Berlin kinofestivalında iştirak, TÜRKSOY-un dəstəyi ilə türk diaspor nümayəndələri ilə görüşlər bizdə maraqlı təəssürat yaratdı».

   Treninqin sonunda qərara alınıb ki, Robert Bosh Fondu və «MitOst» təşkilatının reallaşdırdığı proqramlar barədə iştirakçılar təmsil etdikləri ali məktəb tələbələrini tanış etsinlər. Sevil Kərimova ATİ-nin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasında təhsil alan tələbələr üçün xüsusi təqdimatlar hazırlayacaq.

   Həmsöhbətimiz treninqlərin əhəmiyyətindən danışaraq qeyd etdi ki, hazırda Azərbaycanda ixtisaslı mədəniyyət menecerlərinə böyük ehtiyac var. Turizm İnstitutu bu istiqamətdə kadr hazırlığına yeni başlayıb. Ona görə də belə tədbirlərdə iştirak etməklə gələcəyin mükəmməl mədəniyyət menecerini hazırlamaq, onları dünya təcrübəsi ilə tanış etmək mümkündür.

 

 

    Fəxriyyə Abdullayeva

 

    Mədəniyyət.- 2013.- 6 mart.- S. 9.