Azərbaycan naşirləri
bir masa arxasında
“Naşir” jurnalının
ilk sayının təqdimatı
oldu
Martın 1-də Mirzə Fətəli Axundzadə adına Milli
Kitabxanada Azərbaycan
Naşirlər və Poliqrafçılar İctimai
Birliyinin təsis etdiyi “Naşir” jurnalının və www.nashir.az
saytının təqdimatı
keçirildi. Tədbirdə birliyin fəaliyyətindən
və həyata keçirəcəyi layihələrdən
ətraflı söz açıldı.
Nəşriyyat sahəsi böyük inkişaf yolu keçib
Mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə çıxış edərək
son illər ölkəmizdə
nəşriyyat və
poliqrafiya sahəsinin keçdiyi yoldan, qazandığı uğurlardan
danışdı. Qeyd olundu
ki, müstəqilliyin
ilk illərində bu sahədə qarışıqlıq
hökm sürürdü,
nəşriyyatların maliyyə
durumu acınacaqlı
idi. Bir çox hallarda
nəşriyyat işinə
aid olmayan insanlar pul qazanmaq xətrinə
müxtəlif kitablar,
dərgilər nəşr
edirdilər. Bəzən dövlətçiliyə
uyğun olmayan kitabların nəşrinə
də rast gəlinirdi. Ölkəmiz gücləndikcə bu sahəyə diqqət artırıldı və
biz bu gün artıq naşirlər ordusunu görə bilirik.
Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Bakıda keçirilən kitab sərgi-yarmarkalarının əhəmiyyətini
qeyd edən Vaqif Əliyev belə tədbirlərin nəşriyyat işinə
marağın daha da artmasına səbəb olduğunu, uğurların təbliğinə
imkan verdiyini dedi: “2009-cu ildə keçirilən I Bakı
Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakçı
nəşriyyatların sayı
nisbətən az idi. 2011-ci ildə
ikinci sərgi-yarmarkada
isə 80-dən artıq
nəşriyyat iştirak
etdi. Biz gördük
ki, Azərbaycanda nəşriyyat işinə
bağlı insanlar, bu işə ciddi yanaşan yaradıcı şəxslər
var. Nazirlik olaraq onların işləri, imkanları ilə tanış olmaq üçün müxtəlif görüşlər
keçirdik. Çoxsaylı fikirlər səsləndi.
Tədricən naşirlərin bir
araya toplanması məsələsi ortaya çıxdı. 2012-ci ildə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai
Birliyi yaradıldı.
Mən deyərdim ki, qısa müddət
ərzində qurum xeyli iş görüb.
Bir sıra nəşriyyatları
öz ətrafında
birləşdirib. Birliyin yaranması
ölkəmizdə bu
istiqamətdə fəaliyyət
göstərən insanların
problemlərinin həllinə,
təkliflərinin dinlənilərək
həyata keçirilməsinə
müsbət təsir
göstərib. Belə qurumun
yaranmasını çoxdan
gözləyirdik. İnanırıq ki, naşirlərin birliyi nəşriyyat-poliqrafiya
sahəsində mövcud
olan bir sıra məsələlərin
həll olunmasına, Azərbaycanda kitab işinin yüksək səviyyədə təşkilinə
öz töhfəsini
verəcək”.
Vaqif Əliyev çıxışının
sonunda Naşirlər və Poliqrafçılar
İctimai Birliyinə
uğurlar arzuladı,
qurumun elektron saytının hazırlanmasını
və “Naşir” jurnalının nəşr
edilməsini yüksək
qiymətləndirdi: “Naşirlər
ordusu böyük bir ordudur, bu
sahə ilə məşğul olan insanlar ziyalılardır. Hesab edirəm ki, onlar hər zaman doğru yolu seçə biləcəklər. İnanıram ki, gələcəkdə
Azərbaycanda nəşriyyat
işi daha da təkmilləşəcək
və biz bu sahədə yeniliklərin,
uğurların şahidi
olacağıq”.
Azərbaycan kitabı beynəlxalq səviyyədə
layiqincə təmsil olunur
Naşirlər və Poliqrafçılar
İctimai Birliyi idarə heyətinin sədri Bəhruz Axundov bildirdi ki, respublikada 200-ə yaxın poliqrafiya və nəşriyyat qeydiyyatdan keçib.
Onun sözlərinə
görə, bunlardan az bir qismi fəaliyyət göstərir: "Pis kitab yoxdur, pis
naşir var. 31 müəssisə
bir yerə yığışdıq və
bu qurumu təsis etdik. Hazırda birliyin 50-yə yaxın üzvü var. Azərbaycan
kitabının dünyada
daha da uğurla
təmsil olunması bizim vəzifəmizdir".
Mədəniyyət və Turizm
Nazirliyinin nəşriyyat
işinə qayğısını
xüsusi vurğulayan
Bəhruz Axundov birliyin ötən bir ildə reallaşdırdığı
layihələrdən də
danışdı. Bildirdi
ki, gözəl kitabın gözəl məzmunu varsa, artıq bu, sərvətdir: “Azərbaycanda
kifayət qədər
tanınan və sevilən alimlərimiz, yazarlarımız, müəlliflərimiz
olduğu kimi, kifayət qədər təcrübəli naşirlərimiz,
poliqrafçılarımız da var. Elə nəşriyyatlar var ki, Azərbaycan kitabını beynəlxalq
səviyyədə layiqincə
təmsil edərək
müxtəlif mükafatlara
layiq görülüblər.
Bütün bunlar onu göstərir ki, bu sahədə yüksək səviyyədə
uğurlar qazanıla bilər. Sadəcə imkanlar səfərbər
olmalı, əl-ələ
verilməli, səy və bacarıqlarımızı
bir istiqamətə yönəldərək qarşıda
duran məqsədlərə
nail olmalıyıq. Artıq birliyin
müxtəlif təşkilatlarla
münasibətləri yaranır,
təbliğat işlərini
genişləndiririk. Mədəniyyət və Turizm Nazirliyi nəşriyyat işinə, naşirlərə
yol göstərən
dövlət orqanıdır.
Nazirliyin Nəşriyyat,
reklamın təşkili
və informasiya şöbəsi naşirlərə
hər zaman dəstək olur. Bəzən
biz öz kitabını
xarici ölkələrdə
çap etdirən insanlara rast gəlirik. Halbuki Azərbaycanda ən
yüksək səviyyədə
kitab çap edən mətbəələr,
nəşriyyatlar var”.
İki müsabiqə elan edilib
Bəhruz Axundov vurğuladı ki, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai
Birliyi hazırda iki beynəlxalq layihə üzərində
işləyir və cari ildə bir sıra yerli
müsabiqələr keçiriləcək:
“İctimai Birlik bu il ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
“Kitab sənəti” müsabiqəsi elan edib. Müsabiqəyə təqdim olunmuş kitablar mövzusuna və həcminə uyğun olaraq kağız seçimi, ölçüsü, tərtibatı,
dizaynı, cild seçimi, poliqrafik icra keyfiyyəti və s. məziyyətlərinə
görə qiymətləndiriləcək.
Digər
müsabiqə gənc
və istedadlı naşirləri ortaya çıxartmaq məqsədi
daşıyır. Müsabiqəyə “Niyə naşir olmaq istəyirəm” mövzusunda esse, bədii və publisistik yazılar qəbul ediləcək.
Müvafiq ixtisas üzrə təhsil alan ali
məktəb tələbələri
və məzunlar, gənc naşirlər müsabiqədə iştirak
edə bilərlər”.
Məzmunca bayağı kitabların nəşrinə
nəzarət artırılmalıdır
Tədbirdə
çıxış edən
Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar əmin olduğunu bildirdi ki, yeni qurum
kitabın nüfuzunu qaldırmaq üçün
böyük işlər
görəcək: “Bu gün
poliqrafik cəhətdən
yüksək səviyyədə
olan kitablar var. Təəssüf ki, bəzilərinin məzmunu
bərbad vəziyyətdədir.
Yaxşı olardı ki,
bu işə ciddi nəzarət olunsun. İnanıram ki, naşirlərin
birliyi Yazıçılar
Birliyi ilə əlaqələri genişləndirəcək,
bu sahənin inkişafı üçün
davamlı addımlar atılacaq”.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin
sözlərinə görə,
"Təhsil" nəşriyyatının
ötən il
müxtəlif nominasiyalar
üzrə 4 beynəlxalq
kitab müsabiqəsində
iştirakı və yer tutması təqdirəlayiq haldır.
2012-ci ildə Astanada keçirilən
MDB ölkələrinin IX beynəlxalq
kitab sərgisində
"Qran-pri" nominasiyasında
"Novruz" nəşrinin
diploma layiq görülməsi
xüsusilə qeyd edilməlidir.
Millət vəkili Bəxtiyar Əliyev çıxışında
bir məqamı vurğuladı: “Keçmişdə
çox gözəl bir ənənə vardı: naşirlərlə
yazarların ortaq işbirliyi. Naşirlər dəyərli yazarlara
kitab yazmaq sifarişi verirdi, ona görə də o vaxt “pis” deyilən kitab, demək olar ki, nəşr
edilmirdi. Ümid edirəm
ki, birlik bu gözəl ənənəni də bərpa edəcək”.
* * *
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
rektoru Urxan Ələkbərov, UNESCO üzrə
Azərbaycan Milli Komitəsinin birinci katibi Günay Əfəndiyeva, Hollandiyada
fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatı Qadınlar
Şurasının sədri,
yazıçı Gülşən
Lətif və başqaları birliyin fəaliyyətinə uğurlar
arzuladılar. Vurğulandı ki, nəşriyyat işi biznes sahəsi olsa da, naşirlər sosial məsuliyyəti nəzərə almalı,
məzmunca bayağı
kitabların çap məsələlərinə diqqət
etməlidirlər. Azərbaycan kitabının,
kitab mədəniyyətinin
dünyada yayılması,
təbliği və tanınması təkcə
mədəni deyil, dövlətimizin və xalqımızın qədim
tarixinin öyrənilməsi
və təbliğində
həm də siyasi hadisədir. Naşirlər ordusunun formalaşması ilə sərhədlər aşan
Azərbaycan kitabı
Vətənimizə "Qran-pri",
"Qızıl Delfin"
kimi beynəlxalq ali mükafatlar
gətirirsə, demək,
keçilən qısa
yol uğurludur.
Tədbirdə qeyd olundu ki, birliyə daha 10 nəfər üzv olmaq üçün müraciət
edib və onlara müsbət cavab verilib. Tədbirdə həmin naşirlərə
vəsiqələr təqdim
edildi.
Sonra MDB ölkələrinin “Kitab sənəti” IX beynəlxalq müsabiqəsində
müxtəlif nominasiyalar
üzrə yer tutan nəşrlər diplomla təltif olundular.
Tədbirin sonunda Azərbaycan
Naşirlər və Poliqrafçılar Birliyinin
“Naşir" jurnalı
ilə “nashir.az" saytı
təqdim olundu.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2013.- 6 mart.- S. 8.