Kinokameranın yaddaşından keçən ömür

 

   Martın 1-də Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, kinooperator Teyyub Axundovun xatirə gecəsi keçirildi. Fondun foyesində sənətkara həsr edilmiş fotosərgi açılmışdı.

  

   Tədbiri Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq görkəmli kinooperatorun sənət yolundan danışdı. Qeyd olundu ki, Teyyub Axundov ömrünün əlli ildən çoxunu kinoya həsr edib. Bu müddətdə iyirmiyə qədər filmi lentə alıb, böyük yaradıcılıq yolu keçib. Teyyub Axundov novator kinooperator olub. Onun yaradıcılıq yolu gələcək nəsillər üçün bir örnəkdir.

   Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə çıxış edərək tanınmış kinooperatorun həyat və fəaliyyəti barədə söz açdı. Bildirdi ki, Teyyub Mirzəhəsən oğlu Axundov 1920-ci il yanvarın 30-da Bakıda anadan olub. Kiçik yaşlarından fotoqrafiya və kinoya həvəs göstərib. 14 yaşında kinostudiyaya gəlib. Həmin vaxt Bakı kinostudiyasında C.Cabbarlının eyniadlı əsəri əsasında “Almaz” filminin çəkilişləri aparılırdı. Sənətə meylli gənc həvəskar da operator assistenti kimi filmin yaradıcı heyətinə işə qəbul olunub. 1938-ci ilədək kinostudiyada operator assistenti, sonra isə işıq ustası işləyən T.Axundov ömrünü həmişəlik kino sənəti ilə bağlayıb.

   1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda, digər vətənpərvər oğullar kimi, o da cəbhəyə gedir, böyük döyüş yolu keçir, qələbə xəbərini Vyanada eşidir. Döyüş bölgəsində əlinə keçən bir fotoaparatla əsgər dostlarının, dağıdılan şəhər və kəndlərin, müharibənin dəhşətlərindən əziyyət çəkən insanların acınacaqlı həyatını lentə alır, müharibənin salnaməsini yaradır.

   1946-cı ildə ordudan tərxis olunaraq böyük yaradıcılıq eşqi ilə doğma kinostudiyaya qayıdır. Elə həmin ildə kinostudiyanın bir neçə işçisi ilə bərabər Moskvaya - Dövlət Kinematoqrafiya İnstitutuna ali kino təhsili almağa göndərilir, məşhur kinooperatorlar Anatoli Qolovnya və Mark Magitsondan operator sənətinin sirlərini öyrənir.

   Bakıya qayıtdıqdan sonra Azərbaycan kinosunda orijinal yaradıcılıq nümayiş etdirir. Ona tapşırılan hər bir mövzuya diqqətlə yanaşır, rejissor istəyini dəqiq yerinə yetirir. Kinorejissorlar “Onu bağışlamaq olarmı?”, “Romeo mənim qonşumdur”, “Qatır Məmməd”, “Dağlarda döyüş”, “Tütək səsi”, “Şərikli çörək” və başqa filmlərdə kamera arxasına keçməyi ona həvalə edirlər.

   Azərbaycan kinosuna layiqli imza atan kinooperatorun lentə aldığı bədii filmlər yüksək mükafatlara layiq görülüb.O, xronika sahəsində də uzun illər çalışıb, operator kimi “Sülh uğrunda mübarizə”, “Onun 150 yaşı var”, “Azərbaycan subtropiklərində”, rejissor-operator kimi “Gənc metallurqlar”, “Mən Xəzər dənizçisiyəm”, rejissor kimi “Mikayıl Müşfiq”, “Bizim qayğılarımız” və s. sənədli filmləri çəkib. Teyyub Axundov 1991-ci ildə dünyasını dəyişib.

   Tədbirdə çıxış edən tanınmış kinooperatorlar Kənan Məmmədov, Rafiq Quliyev, kino rəssamı Rafis İsmayılov və başqaları görkəmli sənətkar haqqında ürək sözlərini danışdılar.

   Xatirə gecəsində T.Axundovun çəkdiyi filmlərdən kadrlar göstərildi. Həmçinin Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin müəllifi olduğu “Azərbaycan kinematoqrafçıları” kitabının IV və Dövlət Film Fondunun “Kino bülleteni”nin V buraxılışlarının təqdimatı oldu. Hər iki nəşrin Azərbaycan kinosunun tədqiqi və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığı bildirildi.

   Sonda görkəmli sənətkarın qardaşı qızı Zərifə xanım çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

  

 

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2013.- 6 mart.- S. 6.